Ümummilli lider Heydər Əliyevin öz ölkəsinə, xalqına, millətinə misilsiz xidmətləri hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunub. XX əsrin ikinci yarısında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin sayəsində respublikamızda səhiyyənin hərtərəfli inkişafı üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi.
O demək olar ki, Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkə səhiyyəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasda tanınmasına, dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.
Ulu öndər Heydər Əliyev budövrkü fəaliyyəti barədə bunları deyirdi: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".
Tarixə nəzər salsaq görərik ki, yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra həyata keçirilən sosial islahatlar səhiyyəni də əhatə edib, bu sahədəki tənəzzülə son qoyulub və tibbi xidmətin müasir standartlar müstəvisinə keçirilməsi üçün əlverişli şərait yaranıb. Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev insan amilini müəyyən edən məsələlər sırasında ölkə əhalisinin sağlamlığının qorunmasını və bu çərçivədə tibbi xidmətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Ona görə də həmin dövrdə yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşası start götürür, mövcud tibb müəssisələrinin yenidənqurulmasına başlanılır, ambulator-poliklinika şəbəkələri genişləndirilir, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilir və tibb müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilir.
Bunlar əhalinin sağlamlığının qorunması istiqamətində ulu öndərimizin xalqımıza əvəzsiz töhfələri idi. Bunun da nəticəsində respublikamızda əhaliyə göstərilən tibbi xidmətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, sağlamlıq və səhiyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşır, hər hansı təhlükəli epidemiya və ya xəstəliklərin statistikasında artım baş vermir, həssas tibbi məsələlərlə bağlı vəziyyət qənaətbəxşləşir.
Təbii ki, islahatların uğur qazanmasında qanunvericilik bazasının təkmilləşdirilməsi də mühüm rol oynadı. Bu baxımdan, Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında", "Xüsusi tibbi fəaliyyət haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Sanitar-epidemioloji sağlamlıq haqqında" kimi qanunlar mükəmməl səhiyyə qanunvericiliyini formalaşdırmaqla yanaşı, bu sahədə uğurları da təmin etdi.
Bundan başqa, ulu öndərin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasında hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təsbit olunub. Eyni zamanda, Konstitusiyada təsbit edilir ki, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Ulu Öndərin imzaladığı qanunlardan birini xüsusilə vurğulamaq yerinə düşər. 1918-ci il iyunun 17-də Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə 17 iyun günü 2001-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan tibb işçilərinin peşə bayramı günü elan edildi. Həmin il peşə bayramı ərəfəsində ulu öndər Heydər Əliyevin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubunda deyilirdi: “Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz”.
Təbii ki, o dövrdə ulu öndərin həyata keçirdiyi uzaqgörən və düşünülmüş siyasət milli səhiyyə sistemimizin sürətli inkişafına zəmin yaradıb. Qeyd edək ki, Heydər Əliyevin sosial siyasəti ötən 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilib. Bu dövrdə səhiyyəmiz sürətli inkişaf yolu keçib və əldə olunan uğurlar olduqca çoxşaxəlidir. Məsələn, 2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi səhiyyənin inkişafı ilə bağlı işlərin nə qədər möhtəşəm olduğunu göstərir. Bu müəssisələrin açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı isə bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Hazırda elə bir şəhərimiz, rayonumuz yoxdur ki, orada müasir tibb müəssisəsi olmasın. Bu səhiyyə ocaqlarında vətəndaşlarımıza ən müasir standartlar səviyyəsində tibbi xidmətlər göstərilir. Bu dövrdə kadr hazırlığında da baş verən keyfiyyət dəyişiklikləri, tibbi personalın peşəkarlığının yüksəlməsi səhiyyəmizin uğurlarından sayılmalıdır. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarı daha da artmışdır. Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün dövlət klinikalarında müalicə edilir. Bu sahədə əsas uğurlardan biri də ölkədə icbari tibbi sığortanın tam tətbiqidir. Əhalinin sağlamlığının qorunmasına xidmət edən icbari tibbi sığorta sisteminin yaradılması bir daha təsdiq edir ki, dövlətin sosial siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır.
Səhiyyədə əldə edilən uğurlarda, bu sahədə dövlət proqramlarının reallaşdırılmasında, tibb ocaqlarının yenidən qurulmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Öz layihələri ilə ulu öndərin ideyalarının reallaşmasına töhfələr verən Fond Prezident İlham Əliyevin səhiyyə sahəsindəki islahatların praktik nəticələr verməsi naminə əzmlə çalışır və vətəndaşların sağlamlığının yüksək səviyyədə təminatı üçün zəruri tədbirlər həyata keçirir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kim layihələr respublikamızda vətəndaşların sağlamlığının qorunmasına böyük töhfələr vermiş, ana və uşaqların sağlamlığına xidmət etmişdir.
Məhz bu sahədə atılan addımlar, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan səhiyyəsi 2019-cu ilin sonundan etibarən bütün dünyada yayılmağa başlayan koronavirusun sınağından da layiqincə çıxmağı bacardı. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə yürütdüyü siyasətin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın problemə həssas münasibətinin nəticəsi olaraq vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirus infeksiyasının ölkəmizdə ağır fəsadlar törətməsinin qarşısını aldı. Təbii ki, bu gözəgörünməz xəstəliklə mübarizədə Azərbaycanda ötən dövrdə tibbi infrastrukturun modernləşdirilməsi, yeni səhiyyə müəssisələrinin yaradılması, xəstəxana və digər səhiyyə ocaqlarında müasir tibbi avadanlıqların mövcud olması, peşəkar tibbi personal böyük rol oynadı. Məhz bütün bunların nəticəsində Azərbaycan COVID-19-la mübarizədən ən az itkilərlə çıxan dövlətlər sırasında yerini aldı və bu sahədə əldə olunan uğurlarla tarixə düşdü.