Taliban əvvəlki kimi çox radikal, islam adı altında islama uyğun olmayan addımlar atacaqsa hakimiyyətdə qala bilməyəcək. Talibanın hakimiyyətinin atdığı addımların 90 faizi islama ziddir.
Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, çünki İslamda zorakılıq yoxdur, qadınlarla kişilər eyni hüquqdadır: "Allah təala kişi ilə qadını eyni hüquqda görür, əmr edir ki, müsəlmanlar təhsil alsınlar, oxusunlar. Amma sən necə müsəlmansan ki, qadınlara deyirsən ki, oxumaq olmaz, televizora baxmaq olmaz.
Düzdür biz də öz qadınlarımızı bir çox televiziya verilişlərinə baxmağa qoymuruq. Çünki o efirlər pozğunluğu təbliğ edir. Bu başqa məsələdir. Amerikanın özündə də publik və kabel televiziyaları var. Bu kabel televiziyalarında hər cür açıq-saçıq verilişllər verilir. Amma publik televiziyalarda ancaq elmi, mədəni, əxalaqlı verilişlər olur. Demokratiya tələb edir ki, hər bir insana onun istədiyi yaşamaq şəraitini verəsən, bu zaman bir insan başqasının istəklərinə mane olmasın. Yəni əgər biri istəyirsə ki, intim filimə baxsın, onun özü üçün elə bir film göstərmək imkanı yaradılır. Biri istəyir ki, tarixdən, elmdən, mədəniyyətdən nəsə öyrənsin, ona da elmi verilişləri təqdim etmək lazımdır.
Amma tutaq ki, Azərbaycan televiziyalarında ancaq boşboğaz ucuz şoulardır. Məsələn, ciddi, tarixi kinolar yoxdur, elmi verilişlər yoxdur. Elmi-tərəqqinin təbliği ilə bağlı verilişlər yoxdur. Bu o deməkdir ki, mən Azərbaycan televiziyalarına baxsam bir dənə yenilik öyrənə bilmərəm".