Sənədsiz evlər - düyünə düşən problem - Araşdırma

11:24 20.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda sənədsiz evlərdə yaşayan insanlar illərdir ki, yaşadıqları ünvanın rəsmiləşdiriləcəyi günü gözləyirlər. Verilən vədlər, deyilən sözlər hələ də kağız üzərindədir. Belə demək mümkündürsə, sənədsiz ev məsələsi düyünə düşmüş, çözülməsi mümkün olmayan problemə çevrilib.

Qərarlar niyə kağız üzərində qalıb?

Bu gün Bakı şəhəri ərazisində, təxminən, 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. Xatırladaq ki, hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə Prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. İcra hakimiyyəti də icra başçılarını yığıb onları təlimatlandırmışdı və bələdiyyələri bu işlərə qoşmuşdular. Bundan sonra yığılan sənədlərin meriyaya göndərildiyi bildirilirdi.

Sonradan - 2012-ci ilin iyun ayında Prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı.

Ötən il pandemiya səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb

2015-ci il yanvarın 13-də isə dövlət başçısı tərəfindən sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərmana imza atıldı. Bu istiqamətdə isə qəbul olunan qərarların icrası bu günədək yubanmaqdadır. Kimlərsə sənədsiz evlərin “kupça” ilə təmin olunmasında maraqlı deyil və cəmiyyətdə bu məsələnin məqsədli şəkildə yubadıldığı barədə fikirlər var.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən hafta.az-a verilən məlumata görə, indiyədək mövcud vəziyyətlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Ötən il pandemiya (COVID – 19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb: “Prezident İlham Əliyev tərəfindən 13 yanvar 2015-ci il tarixində 439 nömrəli Fərmanın verilməsi fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması sahəsində mühüm mərhələ təşkil edib.

Fərmana əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib. Belə ki, həmin sənədlər qanunvericilikdə öz əksini tapmadığından müvafiq evlərin sənədləşdirilməsi mümkün olmurdu. Fərmanın verilməsi bu problemə son qoymaqla yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına böyük təkan verib. Sonradan Fərmana bir neçə dəfə dəyişikliklər edilərək sənədlər siyahısı daha da təkmilləşdirilib. Fərman əsasında 2015-ci il yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilmişdir. Hazırda vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş tikililərin, xüsusilə fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi aktual məsələlərdəndir. Bununla bağlı  İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiq edilib. Müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatını nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları formalaşdırılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir. Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. 2020-ci ildə pandemiya (COVID – 19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb, 2021-ci ildən isə inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur”.

Qurumdan bildirilib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq: “Təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Qeyd etmək lazımdır ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir".

Araşdırmalar davam edir

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi Mətin Hüseynov isə qeyd edib ki, meriyanın tapşırığına əsasən, paytaxtın bütün rayonlarında sənədsiz evlərin qeydiyyata alınmasına hazırlıq işləri ilə əlaqədar komissiyalar yaradılıb:

“Bu komissiyalar yerli bələdiyyələrin, kommunal xidmətlərin, icra strukturlarının nümayəndələrinin iştirakı ilə sənədsiz evlərin sahəsi ölçülür, onların rəsmiləşdirilməsi istiqamətində bütün suallar araşdırılır. Bundan əlavə, həmin rayonların ərazisinə cavabdeh kommunal strukturların, işıq, qaz, su, neft kəmərlərinin əhatə etdiyi ərazilər,yüksək gərginlikli elektrik xəttinin altında olan tikililər, həmçinin kanalizasiya, su xəttinin üstündəki tikililər, qaz xəttinin birbaşa yaxınlığında olan tikililər və s. bütün nüanslar bir-bir yoxlanılır. Digər tərəfdən, Bakı şəhərində Dövlət Neft Şirkətinin əraziləri var. Məsələn, Səbail, Binəqədi, Sabunçuda olan ərazilərdə qeyri-qanuni olaraq tikilmiş evlər var, bunlar da araşdırılır. Yoxlama nəticəsində bütün rayonlar toplanan məlumatları vahid mərkəz kimi bizə təqdim edəcəklər. Bundan sonra biz həmin məlumatları aidiyyəti qurumlara göndərəcəyik. O ki qaldı həmin evlərin sənədləşdirmə məsələsinə, buna Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti qərar verəcək.”

Araşdırmaların nə vaxt yekunlaşacağına gəlincə, qurum rəsmisi bu barədə konkret vaxt açıqlamağın çətin olduğunu vurğulayıb: “Açığı, bu barədə danışmaq çətindir. Bu bir az vaxt tələb edən məsələdir. Çünki burada söhbət çox böyük ərazidən gedir, proses də çətin prosesdir. Bu istiqamətdə müvafiq qurumların da işi var. Təkcə Bakı Şəhər İcra Hakimiyyətinə bağlı məsələ deyil. Hazırda bununla bağlı digər qurumlar da iş aparırlar. Ümid edirik ki, bu istiqamətdə aparılan işlərin yekunlaşması prosesi çox çəkməz”.

Qanunsuz tikili yoxdur, sənədsiz tikili var...

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, əslində sənədsiz evlərin sənədləşdirilməsi işinin ləngiməsi bir sıra səbəblərə bağlıdır:

“Düzdür, sənədsiz evlərin siyahıya alınması istiqamətində bir sıra işlər görülüb. Bakı və Abşeron ərazisində təxminən 200 minədək, respublikanın digər regionlarında 90 mindən artıq sənədsiz evlər inventarlaşdırılıb. Həmin evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya qəbul olunub, konsepsiya artıq bir sıra dövlət qurumları, hətta Prezident Administrasiyasında razılaşdırılıb. Ötən ilin aprel ayında sənədsiz evlərlə bağlı qərarın qəbul olunacağı gözlənilsə də, pandemiya səbəbindən, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin strukturundakı dəyişiklik, əsasnamənin təsdiqinin ləngiməsi bu məsələyə təsir göstərdi. Məndə olan məlumata görə, hazırda bu məsələ aktuallaşmasa da, ilin ikinci yarısınadək məsələnin aktuallaşacağı, bu istiqamətdə işlərin sürətlənəcəyi gözlənilir”.

Onun sözlərinə görə, inventarlaşdırılan tikililər üç qrupa bölünür: “Birinci qrupda qeyri-təyinatı üzrə ərazilərdə inşa olunmuş tikililərdir. Buraya kənd təsərrüfatı, digər qeyri-yaşayış təyinatlı sahələrdə inşa olunmuş, tikinti prosesində heç bir sənədi olmayan tikililər aiddir. İkinci mühafizə zolaqlarına düşən, magistral qaz, su, elektrik, dəmiryolu və sairin, eləcə də mədən ərazisinə düşən evlərdir. Üçüncü təyinatı üzrə istifadə olunan torpaq sahələrində tikilən evlərdir. Sənədləşmə prosesi həyata keçirilmədiyi üçün onlar da qanunsuz tikili kateqoriyasına aiddir. Bu halda dövlətin yanaşması ondan ibarətdir ki, təyinat dəyişmə prosesi artıq həyata keçirilib. Yalnız mühafizə zolağına və mədən ərazisinə düşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsində heç bir problem olmayacaq. 

Vətəndaş bu sənədlə müvafiq quruma, yəni Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinə yaxınlaşıb sənədləşdirməni apara bilər

Mədən ərazisinə və mühafizə zolaqlarına düşən tikililərlə bağlı da yanaşma artıq mövcuddur. Əgər magistral xəttin yerinin dəyişdirilməsi həmin magistral xəttin mühafizə zolağında yerləşən tikililərin sökülməsindən daha ucuz başa gəlirsə, bu halda dövlət həmin xəttin yerini dəyişdirir. Yox, əgər söküntü prosesi xəttin yerinin dəyişdirilməsindən ucuz başa gəlirsə, həmin varianta gedilir. Amma bu halda mütləq şəkildə söküləcək qanunsuz tikiliyə görə kompensasiya ödəniləcək. Çünki cənab Prezident özü də çıxışlarında bildirib ki, qanunsuz tikili yoxdur, sənədsiz tikili var. Aydın məsələdir ki, həmin tikililər inşa olunarkən, orada olan icra orqanlarının bu və digər formada rolu və razılığı olub. Bu olmadan tikinti prosesini həyata keçirmək mümkün olmazdı. Elə əmlak amnistiyasının mahiyyəti də elə budur. Çox güman ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələ mərhələli şəkildə həyata keçiriləcək. Məsələn, “Daşınmaz Əmlakın Reyestri” haqqında qanunun 8-ci maddəsinə dəyişikliklərdə müəyyən məsələlərdən biri də, Şəhərsalma və Tikinti Məcəlləsinə görə, 2013-cü ilin yanvar ayının 1-dək inşa olunmuş və faktiki çıxarışı olan yaşayış məntəqəsi təyinatlı toraq sahəsi üzərində inşa olunmuş tikililərin sənədləşdirilməsi ilə bağlı heç bir problemin olmamasıdır. Vətəndaş bu sənədlə müvafiq quruma, yəni Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinə yaxınlaşıb sənədləşdirməni apara bilər”.

Yeri gəlmişkən, 2020-ci il ərzində respublika üzrə 237.450 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 63.247-si (26,6 faizi) ilkin, 174.203-ü (73,4 faizi) isə təkrar qeydiyyatın payına düşür. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35.775-i fərdi yaşayış və bağ evi, 74.533-ü mənzil, 118.534-ü torpaq sahəsi, 2.543-ü qeyri-yaşayış binası, 5.368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmədir. İlkin qeydiyyatın 36.682-si Bakı şəhərinin, 26.565-i isə regionların payına düşür. 2020-ci il ərzində 34.061 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8 faiz artıb. Ötən il 199.637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.

Oxunma sayı 693