SEPAH bəyanat verir, siyasilər susur - BAXIŞ

12:16 16.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təxminən, ayyarımdır davam edən İsrail–HƏMAS savaşı, necə deyərlər, əndazəsini aşaraq, Qəzza ilə kifayətlənməyərək, artıq Livan ərazisinə də yayılmaqdadır. Livan isə ortaya konkret heç bir dəlil qoymasa da, onsuz da HƏMAS-ı dəstəklədiyi deyilən İranın təsiri altındadır. Daha doğrusu, Livana ciddi nəzarət edən HİZBULLAH İranın bu kiçik ölkə üzərində asılmış Demokl qılıncıdır. Elə Livanı İsraillə savaşa sürükləyən də məhz bu amildir.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə müharibənin bölgədə genişlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edərək, “Müharibə Livana yayılıb, qarşıdurmaların intensivliyinin artacağı ehtimalı var”, – deyib. Hacızadə bildirib ki, İran hazırkı münaqişənin qeyri-müəyyən gələcəyi fonunda bütün vəziyyətlərə hazırlaşır.

Bu arada Hacızadə bu sözləri ABŞ-ın Suriyadakı İrana məxsus hərbi bazalara hava zərbəsi endirməsindən bir neçə saat sonra səsləndirib.

İran mediası bildirib ki, Hacızadə jurnalistlərə açıqlamasında HƏMAS hərəkatının oktyabrın 7-də başlatdığı hücuma işarə edərək, “Qəzza məsələsi bu gün qlobal problemə çevrilib” və “Fələstin müqaviməti üçün böyük strateji qələbə” haqqında danışıb. Hacızadə “Bu böyük qələbəni nə taktiki, cinayətkar əməliyyatlarla, nə də uşaqların öldürülməsi ilə aradan qaldırmaq olmaz”, – deyib.

İranın Qəzza müharibəsinin Livana keçməsinə reaksiya verməsi ehtimalı ilə bağlı suala Hacızadə belə cavab verib: “Bu gün müharibənin ərazisi genişlənib və Livan da onun içindədir. Münaqişələr indikindən daha çox artacaq, çünki gələcək qeyri-müəyyəndir. İran istənilən vəziyyətə hazırdır”.

Hacızadə ötən ay Qəzzada müharibənin başlanmasından sonra ilk şərhini 2011-ci il noyabrın 12-də raketdə baş verən güclü partlayışda həyatını itirən İran ballistik proqramının mühəndisi Həsən Tehrani Müqəddəm üçün Tehranın şərqindəki Malard rayonunda yerləşən zavodda keçirilən anım konfransında deyib. Sözügedən partlayışda SEPAH-ın 36 üzvü həyatını itirib.

Qeyd edək ki, bombanın üzərində İsrailin “barmaq izləri” var idi. Bu hadisə nüvə alimlərinin, hərbi rəsmilərin, İrandakı nüvə və hərbi obyektlərin iştirak etdiyi və İsrailin açıq dənizdəki ticarət gəmilərinə təsir edən İsrail–İran kölgə müharibəsinin ən görkəmli hadisəsi hesab olunur.

Mesaj alış-verişi

Hacızadə ABŞ Prezidenti Co Baydenin birbaşa İranın Dini Lideri Əli Xamneiyə göndərdiyi xəbərdarlığa üstüörtülü istinad edərək, “Amerikalılar İranı təhdid etmirlər. İranla yazışmalarında onların dilində ümid və arzudan danışılır”, – deyib.

Hacızadə sözlərinə belə davam edib: “İran o vəziyyətdə deyil ki, başqaları onu təhdid etsin. Biz gücümüzün zirvəsindəyik və istənilən vəziyyətə hazırıq. Sionist varlıq intiqam, münaqişə və məhbusların azad edilməsi məsələsindən kənara çıxıb. Bu, Netanyahu və İsrail rəhbərlərinin şəxsi qisas məsələsi kimi görünür. Onlar bilirlər ki, bu gün atəşkəs elan olunarsa, Netanyahu hökuməti səlahiyyətlərinin çoxunu itirəcək və ertəsi gün məhkəmə qarşısına çıxmalı olacaq. Müharibə daha bir ay davam etsə, ölənlərin sayını artırmaqdan başqa heç nəyə nail olmayacaqlar. Yaralı əsgərləri daşıyan helikopterlərin yanacaq doldurmaq imkanı olmadığı üçün havadan yanacaq alırlar. Bundan əlavə, müharibə xərcləri artır. Amerikalılar özlərini İsrailin taleyində iştirakçı kimi görür və bunun əvəzini gələcəkdə Amerika vergi ödəyicilərinin cibindən ödəyəcəklər”.

Hacızadə İraq silahlı qrupları və Yəmən Husi qruplaşmasına toxunaraq, "Müqavimət oxu bu gün işləyir", – deyib.

İran rəsmiləri Qərb ölkələrinin İranın vəkil qüvvələri kimi təyin etdiyi silahlı qrupları “müqavimət oxu” adlandırır. ABŞ qüvvələri Suriya və İraqda iranpərəst qrupların 45-dən çox hücumuna məruz qalıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ qüvvələri bazar günü Suriyanın şərqində SEPAH-ın istifadə etdiyi obyektlərə hava zərbələri endirib. ABŞ-ın Müdafiə naziri Lloyd Austin, "Hücumlar müvafiq olaraq əl-Bukamal və əl-Meyadin şəhərləri yaxınlığındakı təlim obyekti və gizləndiyi yerləri hədəf aldı" deyib.

Bu, ötən çərşənbə ABŞ qüvvələrinin Suriyada İranın iki silah anbarını hədəf almasından sonra üçüncü hücumdur. Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) iranpərəst silahlı qruplaşmalardan ölənlərin sayının 8 nəfər olduğunu bildirib.

Paralel olaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, müqavimət qrupları İrandan əmr almır, öz qərarlarını özləri verirlər.

Kənani ABŞ administrasiyasına “ittihamlar səsləndirmək əvəzinə, onların qəbuledilməz davranışlarına və sionist varlığa dəstək tədbirlərinə diqqət yetirməyi” tövsiyə edib. Kənani deyib: “Müharibəyə görə ABŞ məsuliyyət daşıyır. Çünki bu, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının İsrailin hücumlarına son qoymaq barədə qərar qəbul etməsinə mane oldu”. Kənaninin bəyanatı Əli Xameneinin başçılıq etdiyi yüksək səviyyəli İran rəsmilərinin əvvəlki bəyanatlarını təkrarlayır.

Kənani qeyd edib ki, Tehran Vaşinqtondan Ağ Evin müharibənin miqyasını genişləndirmək istəmədiyini təsdiqləyən mesaj alıb və hətta ABŞ Tehranı müharibənin alovlanmadan dayandırmaq üçün öz təsirindən istifadə etməyə çağırıb. “Bizim də cavabımız budur ki, müqavimət qrupları öz qərarlarında müstəqildirlər”.

Regional gərginlik

Tehran SEPAH-ın pul və silahla dəstəklədiyi qrupların hərəkətlərindən uzaq durub. Kənani “Amerikanın Suriyadakı mövcudluğu işğaldır və heç bir hüquqi əsası yoxdur. Suriya hökuməti etirazlarını BMT-yə çatdırıb. Müqavimət qruplarının hərəkətlərinin İranla heç bir əlaqəsi yoxdur. Biz ABŞ-ın bəyanatlarını bir növ qaçış kimi qiymətləndiririk. Əlbəttə, İran regionda gərginliyin olmasını istəmir və biz dəfələrlə bəyan etmişik ki, müharibənin qızışmasını istəmirik”, – deyə bildirib.

Kənani sözlərinə belə davam edib: “İran bir tərəfdən, müharibənin genişlənməsindən qorxduğunu ifadə edərkən, digər tərəfdən, ABŞ-ın müharibəyə dəstək verdiyini bildirdik. ABŞ başa düşməlidir ki, dərhal qətllərin dayandırılması, humanitar blokadanın aradan qaldırılması və ordunun bölgədən çıxarılması müharibənin genişlənməsinin qarşısını ala bilər”.

Ərəb təşəbbüsünü və iki dövlət həllini rədd edən, ölkəsinin mövqeyini təkrarlayan Kənani bu mövzuda belə danışıb: “İran dənizdən çaya vahid Fələstin dövlətinin qurulmasına inanır. İranın bütün Fələstin vətəndaşları üçün referendum keçirmək qərarı BMT-də sənədləşdirilib. İranın münasibəti dəyişməyib”.

Ben-Qurion nəzəriyyəsi

Bu arada İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin İsraillə birbaşa müharibəyə sürüklənməsi ilə bağlı xəbərdarlıqlarını təkrarlayıb və İrandakı bəzi tərəflərin “qətiyyətli səylərindən” danışıb.

Zərif Telegram vasitəsilə bir qrup vətəndaşla açıq iclasda bildirib ki, keçmiş prezident Həsən Ruhaninin son vaxtlar təkrar etdiyi xəbərdarlıqların səbəbi “siyasi partiyanın İranı müharibəyə cəlb etmək cəhdidir”.

Bəzi islahatçı saytlar Zərifin Xameneinin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin göndərdiyi mesajı nəzərdə tutduğunu bildirib.

“Ham-Mihan” qəzetinin baş redaktorunun moderatorluğu ilə keçirilən iclasda Zərif İranın Rusiya-Ukrayna müharibəsində “aldandığını” bildirib: “Rusiyanın bizi Ukraynada aldatması təəssüf doğurur. Pilotsuz uçuş aparatlarını bizdən alıb özlərini ifşa etdilər. Nüvə balansı hesablamalarında bunun dəhşətli səbəbləri var. Bu, onlar üçün də, bizim üçün də təhlükəli idi”.

Qəzza ilə bağlı Zərif “İranın Ali Rəhbərinin çox diqqətli olduğunu” ifadə edərək, “İqtisadi problemlər bir yana qalsın, İran və Hizbullahın bu müharibəyə girməsi əslində İsrailin son ümidini təmsil edir” deyib. Zərif xəbərdarlıq edib ki, bu, “Ben-Qurionun İsraildən kənarda döyüşmək nəzəriyyəsinin canlanmasıdır”.

İran kəskin ifadələrdən yayınır?

Amma maraqlıdır: bütün bu kəskin və həvəsləndirici ritorikadan kənarda Fələstin üçün nə iş görür İran? İran müharibəyə girib-girməyəcəyinə dair başaldadan çııxşları ilə HƏMAS-a ümid verir, yoxsa Yaxın Şərqin fələstinyönümlü əhalisinin nəzərində özünün xilaskar obrazını yaradır? Bunun cavabını İran Məclisinin üzvü, millət vəkili Mahmud Abbaszadə dolayısı yolla verir. O, xarici işlər nazi Hüseyn Əmir Abdullahiyana qarşı “İsrail yer üzündən silinməlidir” ifadəsində dəyişiklik olması səbəbindən parlamentə etiraz təklifi təqdim edib.

Deputat Abbaszadə petisiyasında Tehran administrasiyasının xarici siyasətdə İsrail və Səudiyyə Ərəbistanına münasibətini dəyişdiyini əsaslandırıb.

Qəzza müharibəsindən əvvəl İran siyasətində tez-tez səslənən “İsraili yer üzündən silmək” diskursunun müharibədən sonra dəyişməsini tənqid edən Abbaszadə parlamentə xarici işlər naziri Abdullahiyanla bağlı etimadsızlıq təklifi təqdim edib.

Xatırladaq ki, 1979-cu ildə inqilabdan sonra İranda hakimiyyətə gələn Ayətullah Xomeyninin 1982-ci il sentyabrın 8-də Tehranda etdiyi çıxışda işlətdiyi “İsrail yer üzündən silinməlidir” ifadəsi bu günə kimi İranda dövlət siyasəti kimi səslənir. İsraili rəsmən tanımayan İran administrasiyası SEPAH-ın tərkibində qurduğu “Qüds Qüvvələri” və bölgədə dəstəklədiyi “Müqavimət Qüvvələri” vasitəsilə anti-İsrail əhval-ruhiyyəsini önə çəkir.

Tehran rəhbərliyi bir tərəfdən bölgədə ona yaxın qüvvələrin İsrailə qarşı hücumlarını dəstəklədiyini bəyan edərkən, digər tərəfdən də bu hücumlarla heç bir əlaqəsinin olmadığını açıqlayır.

“Döyüşdənkənar” üsullar

Bu arada, SEPAH-ın baş koordinatoru Məhəmməd Rza Nakdi, qüvvələrinin dini lider Əli Xameneinin Qəzzaya getmək əmrini “gözlədiklərini”, lakin onları İsrailə təzyiq etmək üçün “döyüşdənkənar” üsullara riayət etməyə çağırıb. İran mətbuatında yer alan xəbərlərə görə, parlamentdəki bir nümayəndə deyib ki, əgər müharibə genişlənərsə, Müqavimət qüvvələri dəniz zolaqlarını, İsrail gəmilərini və onların müttəfiqlərini hədəfə ala bilər.

Nakdi, SEPAH-ın Qəzzada təşkil etdiyi konfransda “Fələstinə heç bir əsgər göndərilməsə də, bu, evdə boş oturmaq demək deyil. Qəzzə zolağına getmək əmri verilənə qədər biz oradakı mücahidlərə başqa yollarla kömək edəcəyik” deyilib.

Nakdi əlavə edib ki, İsraillə müharibə edən tərəflər bir-birini tamamlayan əməliyyatlar aparmalıdır. Onun sözlərinə görə, İsrail tərəfi Həmas-ın müqavimətindən ağrılı zərbələr alır.

Nakdi onu da deyib ki, SEPAH Türkiyə və bəzi bölgə ölkələrindən ABŞ və İsrailə məxsus hərbi və kəşfiyyat bazalarını bağlamalarını istəyib.