44 günlük savaş zamanı Tərtər şəhəri və bir sıra kəndlərimizə top və “Qrad” atəşi açılan hərbi məntəqələrdən biri də məhz burada olub...
Tərtər rayonunun hələlik Rusiya sülhməramlı(?) hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan “Mohratağ” adlandırılmış Kiçik Qarabəy kəndində hazırda 321 erməni yaşayır.
Hafta.az xəbər verir ki, bu rəqəmi kənd icmasının qanunsuz rəhbəri Norayr Amiryan Xankəndindəki separatçı erməni nəşrlərinə kənddəki durum haqda danışarkən söyləyib.
Onun sözlərinə görə, müharibədən sonra heç kim kəndi tərk etməyib.
“Müharibədən sonra kəndə digər məntəqələrdən qaçqın düşmüş 28 nəfərdən ibarət 5 erməni ailəsi köçürülüb. Daha 100 köçkün ailəni böyük sevgi ilə qəbul etməyə hazırıq. Məktəbdə 58 şagird təhsil alır. Yaxınlıqda 18 nəfərlik bir uşaq bağçası yerləşir. Binanın damının təmirə ehtiyacı var. Kəndin otaqları bərbad vəziyyətdə olan bir icma mərkəzi, bir tibb məntəqəsi, şadlıq sarayı var. Klubumuz yoxdur. Müharibə zamanı kənddə 5 ev dağılıb, hal-hazırda təmir olunurlar. Kənd yolları bərbad vəziyyətdədir. Asfaltlama işlərinə gələn ildən başlamaq planlaşdırılır. İçməli su təchizatı şəbəkəsinin qəzalı vəziyyətdə olması ilə əlaqədar yay aylarında su problemimiz olur. Kənd elektriklə təmin olunur, lakin qaz yoxdur ” - deyə N. Amiryan bildirib.
Zəruri arayış:
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ) — Azərbaycan Respublikasının Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Tərtər şəhərindən hava xətti ilə təxminən 14 km, Ağdərə şəhərindən 3 km məsafədə yerləşir. 44 günlük savaş zamanı Tərtər rayon mərkəzi, eləcə də bu rayonunun və Ağdam rayonunun bir sıra kəndlərinə Ermənistan Silahlı Qüvvələri tərəfindən top və “Qrad” atəşi açılan hərbi məntəqələrdən biri də bu kənddə olub.
XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın Şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ(“Mohratağ” -palçıqdan tikilmış barılı məhəllə) adlandırmışlar. 1992-ci ildə kəndin keçmış adı bərpa edilib.
Kiçik Qarabəy kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kiçik Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Kiçik Qarabəy kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 Noyabr üçtərəfli razılaşmasına əsasən kənd hazırda rəsmən Rusiya sülhməramlı kontingentinin nəzarətindədir...