Separatçı-revanşistlər Xankəndində və Xocalı hava limanında çadırlar qurdu

19:26 14.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, bu gün - 14 iyul səhər tezdən Xankəndində separatçı-revanşist qüvvələrin Kremlin gizli dəstək verdiyi və Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fasiləsiz etiraz aksiyası başlanıb.

Çıxışlardan sonra separatçı-revanşistlərin bir qrupu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi qarşısına toplanıb... Orada da etiraz şüarlarını səsləndirdikdən sonra Rusiya "sülhməramlı"larının Azərbaycan Respublikası Xocalı rayonu ərazisindəki hava limanında yerləşən iqamətgahına yürüşə başlayıblar.

Hafta.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, günorta saatlarında separatçı-revanşistlər Rusiya “sülhməramlı”larının baş qərargahı önünə toplaşıblar. 

Etirazçılar “sülhməramlı”lardan öhdəliklərini yerinə yetirməyi və dərhal Laçın yolunu açmağı tələb edirlər, əks halda “xalq bunu özü edəcək”.

“Bundan sonra xalqımızın haqlı tələbini və gələcək addımlarımızı nəzərə alaraq Rusiya sülhməramlıları bu haqda məlumatları gündəlik olaraq Rusiya Federasiyası rəhbərliyinə ötürməyə, vəziyyəti nizamlamaq və humanitar böhranı aradan qaldırmağa borcludurlar”.

Rusiya “sülhməramlı” qüvvələrinin komandanı Aleksandr Lentsovla görüşdən sonra separatçı-terrorçu rejimin “dövlət naziri” Qurgen Nersisyan “sülhməramlı”ların iqamətgahı yaxınlığında keçirilən aksiyanın iştirakçılarına belə məlumat verib.

O bildirib ki, onların razılaşması qüvvədədir və Xankəndi sakinləri etiraz aksiyasını orada davam etdirmək üçün İntibah meydanına qayıdırlar, Əsgəran sakinləri (yəni Xocalı rayonunun Əsgəran şəhəri və ətraf kəndlərdə məskunlaşmış ermənilər-S.L.) isə Rusiya “sülhməramlı”larının qərargahı yaxınlığında çadırlar qururlar...

Son məlumatlara görə, artıq Xankəndinin qondarma və qanunsuz “bələdiyyəsi”  “dirçəliş” meydanında “müddətsiz xalq hərəkatı”nın iştirakçıları üçün çadırlar qurub. Məlumata görə, ümumilikdə iyirmidən çox çadır quraşdırılıb.

Siyasət rubrikasından digər xəbərlər