“Ali Baş Komandan İlham Əliyev də son çıxışlarından birində bildirdi ki, 19-20 sentyabr antitterror əməliyyatından sonra da Qarabağın dağlıq hissəsində 30 ildən çoxdur yerləşmiş silahlı separatçı erməni birləşmələrinin tör-töküntüləri qala bilər. Belə hallara hələ birinci Qarabağ müharibəsi zamanı da rast gəlinib”.
Bunu hafta.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.
“Sözsüz ki, həmin erməni terrorçuları Ağdərənin, Xocavəndin, Xocalı rayonunun ağlagəlməz dağlıq, meşəlik yerlərində gizli sığınacaqlar, silah-sursat anbarları düzəldiblər. Bunun sayəsində bir müddət sonra Qarabağdakı hərbçilərə və ya mülki əhaliyə qarşı mütəmadi təxribat aktları törətməyə çalışacaqlar. Təcrübəmə dayanıb deyirəm ki, onlardan hər cür alçaqlıq gözləmək olar. Dövlət başçısı da bundan məlumatlıdır. Ona görə də dolayısıyla xəbərdarlıq edir. Bu səbəbdən ordu komandanlığımız, ordumuz, təbii ki, deyilənləri nəzərə alaraq arxayın deyil, ayıq-sayıqdır və sözsüz ki, ermənilərin gizli sığınacaq yerlərini, silah-sursat bazalarını daim axtarır. Bu axtarışı uğurla yekunlaşdırmaq üçün də müəyyən vaxt lazımdır. Qarabağın dağ-dərə və meşələrinin hər bir qarışını axtarmaq lazımdır. Bu da bir-iki günlük iş deyil”, -deyə davamında general bildirib.
“Bəzi hərbi və siyasi ekspertlər deyir ki, yaxın gələcəkdə Moskvanın fitvasıyla Ermənistana köçmüş Qarabağ ermənilərindən gizli şəkildə diversant dəstələri hazırlanıb Qarabağ ərazisinə atıla bilər. Buna necə baxırsız?” sualını isə sabiq nazir belə cavablandırıb:
“Sözsüz ki, istər Qarabağın daxilində qalmış separatçı, terrorçu tör-töküntüləri, istərsə də Ermənistanda hazırlana biləcək gizli diversant dəstələri arxalarında dayaq duran xarici güc, dövlət olmasa, heç bir hərəkət etməzlər. Və aydındır ki, hələlik nə Fransanın, nə də digər Qərb ölkəsinin bunu etməyə imkanı yoxdur. Bunu yalnız Qarabağ və Ermənistanda hərbi mövcudluğu olan Rusiya edə bilər. Amma inanmıram ki, hazırkı vəziyyətdə Kreml, konkret olaraq Vladimir Putin ermənilərin Rusiyaya bu qədər arxa çevirməsindən sonra yenidən onlara arxa dura. Bu baxımdan hesab edirəm ki, yaxın vaxtlarda erməni tərəfdən elə bir güclü təxrubat-filan gözləməyə dəyməz”.