Separatçılar üçün geri sayım başladı - RƏYLƏR

10:41 29.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabagda yaşayan etnik ermənilərin Azərbaycana reinteqrasiya prosesi ilə bağlı aparılan  danısıqlar hələ də müzakirə mövzusu olaraq qalır. Azərbaycan dövləti yüksək tribunadan çıxış edərək, ərazisində yaşayan erməniləri separatçılığa son qoymağa, ölkənin qanunlarına tabe olmağa çağırıb. Yalnız bu halda onlara Azərbaycan vətəndaşları olaraq sülh və təhlükəsizlik şəraitində yaşamaq təminatı verir. Mülki ermənilər separatçı rejimin təsiri altında hələ də dialoqdan yayınır.

Buna baxmayaraq, Azərbaycan ərazisində yaşayan azsaylı ermənilərin sülh, reinteqrasiya prosesindən yayındıran səbəblər, dialoqa maneçilik törədən məsələlərin aradan qaldırması ölkə başçısının son bəyanatında bir daha öz ünvanına çatmış oldu. Prezidentin Şuşa Forumunda mülki erməniləri bir daha dialoqa çağırması erməni əhalisi üçün son şans kimi dəyərləndirir.  

Aydın Hüseynov, Milli Məclisin deputatı:

- Rəsmi Bakı hər zaman “Qarabağ erməniləri Azərbaycanın vətəndaşlarıdır və onlar cəmiyyətimizə inteqrasiya olunmalı, Azərbaycan qanunları ilə yaşamalıdır, eyni zamanda, Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edə bilərlər”, –  bəyanatını verir. Prezident İlham Əliyev Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyət nümayiş etdiriləcəyini deyib. Onu da vurğulayım ki, proses qarşılıqlı olmalıdır. Yəni qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı proses başladılıb, Qayıdış Konsepsiyası təsdiqlənib.

Ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür. Qarabağda yaşayan ermənilərlə Azərbaycan vətəndaşları kimi davranılacaq. Təəssüf ki, Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir. Buna baxmayaraq, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır. Azərbaycan vasitəçilərin səyləri ilə aparılan danışıqlarda fəallıq nümayiş etdirir. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq. Onu da bildirim ki, hazırda Xankəndidə və digər ünvanlarda yaşayan ermənilərin məşğulluğunun təmin olunmasında ciddi problemlər yaşanır.

Prezident açıq şəkildə bildirmişdi ki, özlərini ərazi rəhbəri adlandıran separatçılar Qarabağdakı erməniləri xunta maraqları naminə istismar edir və ya əsir götürüblər. Qeyd edim ki, bu vəziyyətə Azərbaycan dövləti seyrçi qala bilməz. Azərbaycanın tələbi odur ki, qanunsuz silahlı dəstələr ərazilərimizdən tam şəkildə çıxarılsın. Ermənistan bunu öz xoşu ilə etməlidir, əks halda, Azərbaycanın digər vasitələrə əl atmaqdan başqa yolu qalmayacaq. Prezident İlham Əliyevin Şuşada çıxışı zamanı səsləndirdiyi fikirlər də rəsmi Bakının suverenliyinə təhdid yaradan separatçılara aman verməyəcəyini bir daha təsdiqlədi. “Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq”, – dövlət başçısı bildirdi və bununla da Xankəndidə mərkəzi hakimiyyətin bərpa edilməsinə, erməni əhalisinin reinteqrasiyasının həyata keçirilməsinə qədər prosesin davam edəcəyi ilə bağlı son nöqtəni qoydu.

Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir. Sadə ermənistan əhalisinin böyük əksəriyyəti də Qarabağın Azərbaycanın tərkib hiasəsi olaraq qəbul edirlər və anlayırlar ki, illərdir, “Böyük Ermənistan” adlandırdıqları ideologiya eyforiyadan başqa bir şey deyil. Bunu son günlər Ermənistanın paytaxtında keçirilən sözdə “Qarabağa azadlıq” mitinqlərində də görürük. Yerli mediadan görünür ki, aksiya iştirakçıları çox az saydadırlar və hətta kənardan keçən vətəndaşlar da iştirakçıları qınayırlar. Onlar mediaya müsahibələrində keçirilən aksiyanın mənasız adlandıraraq bildirirlər ki, nəinki Ermənistan, Rusiya, ABŞ və hətta bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir.

Ramil Hüseynov, Yeni Xətt Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri:

- Prezident hər çıxışında və verdiyi bəyanatlarda sülh müqaviləsinin imzalanması, erməni xislətinin reallığı anlaması mesajını verir və o cümlədən prosesdə maraqlı olan tərəflərin qarşısında ciddi  siyasi strategiya qoyur. Bu gün hərbi, iqtisadi, siyasi baxımdan regionda  diqtə edən tərəfik. Reallığı Azərbaycanın Ordusu və diplomatiyası  2020-ci ildə yaratdı. Bu reallığı bərpa etmək üçün dövlətin müəyyən strukturları və ali rəhbərliyi uzun müddət iş apardı. Otuz il erməni terroruna, erməni təhqirinə, vandallığına dözdük. Sonda, əslində, onların kim olduğunu bəşəriyyət üçün necə bir xəstə, təhlükəli təfəkkürə malik cinayətkar ölkə olduğunu üzə çıxardıq.

Ağıllı erməni varsa, reinteqrasiya prosesinə daha tez qoşulmalıdır. Bu, gələcəkdə ermənilərin Qarabağda yaşamaq hüququnu əldə edə bilməsi üçün son şansları ola bilər. Əks təqdirdə separatçılıq, işğalçılıq siyasi xətti ilə hərəkət edən Ermənistan özünün varlığını, gələcəyini təhlükə altına atır. 

Bu gün ermənilərlə dialoq, danışıqlar prosesi dövlətimizin maraqlarına uyğun şəkildə davam etdirilir. Bu proses ölkə ictimaiyyətinin diqqətini açıq şəkildə çəkəcək bir formada görünməsə də, siyasi proseslərin gedişini diqqətlə izlədikdə bunu müşahidə etmək olur.

Əgər ermənilər təkliflərimizi qəbul etməsələr və danışıqlar prosesindən özlərinə uyğun formada yayınsalar, bu, bizə öz ərazimizdə təmizləmə əməliyyatının başlanmasına, torpaqlarımızda vətəndaşlarımızın yaşamasına zəmanət və təminat yaratmağımız üçün hüquqi əsaslar verir. Ərazi bütövlüyümüzü bərpa etmək bizim haqqımızdır və biz bunu tez bir zamanda həll edə bilərik. Torpaq bizimdir və öz torpaqlarımızda hansısa addımların, əməliyyatların aparılmasına heç kim məhdudiyyət qoya bilməz.

Qarabağda qalan ermənilər müstəqil qərar verib, sülh sazişinin ərsəyə gəlməsində konkret addımlar atmaq iqtidarında deyil. Bu da anbaan erməni xalqının, Ermənistan dövlətinin ziyanına işləyir. Eyni zamanda, dialoq prosesinə maneələr yaradan yaxın qonşularımız və Avropada müəyyən qaranlıq keçmişə və riyakar politoloji effektləri özündə çəmləşdirən quvvələr var. Amma hesab edirəm ki, bu çox qeyri-siyasi  və ədəbsiz yanaşmadır.

Dünyada yaradılan yeni siyasi dizaynda ciddi siyasi, iqtisadi, sosial və hərbi  lahiyələrin strateji həlli qərarı artıq verilib.

Sahib Alıyev, Milli Məclisin deputatı:

- Qlobal Şuşa Forumunda açıq şəkildə dilə gətirilən növbəti ismarış qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlıdır. “Ermənistan Qarabağdakı haylara rahat yaşamı təmin etməkdən ötrü qərbi azərbaycanlıların, ən azından, Zəngəzura, Göyçə mahalına qayıtmalarının vacibliyini unutmamalıdır”, – deyə Prezidentin dediyi sözlər, şübhəsiz, təsadüfi ola bilməz. Forumda, həmçinin Ermənistandan geosiyasi alət kimi faydalananlara və ya bu niyyətdə olanlara ünvanlanan mesajlar da var.

Ermənistan, eyni zamanda, Qarabağda yaşayan haylar II Qarabağ savaşından sonra baş verən reallıqlardan nəticə çıxarmalıdır. Anlamalıdırlar ki, Azərbaycan torpaqlarının hər qarışında suverenliyini təmin etmək əzmindədir. Hazırda baş verən prosslər bunu açıq şəkildə ortaya qoyur.

Prezident İlham Əliyevin Şuşadakı mesajları təkcə Ermənistana deyil, həm də bədnam qonşumuzdan geosiyasi alət kimi faydalananlara ünvanlanıb. Bu çıxış ölkə ictmaiyyətinin gələcək addımların yol xəritəsi ilə bağlı məlumatlandırılması, eləcə də mövqeyimizin bir daha ifadə olunmasıdır. Ermənistana ünvanlanan mesajların əsasını Azərbaycanın hər zaman sülhə hazır olması ideyası təşkil edir. Azərbaycan ictimai barışığa hazırdır, lakin qarşı tərəf bunun üçün azərbaycanlılardan üzr istəməli, bütün baş verənlərə, törətdikləri cinayətlərə görə cavab verib, bir daha təkrar etməyəcəklərinə dair söz verməlidirlər.

Prezidentin Ermənistana unvanladığı mesajlarda yer alan vacib məqamlardan biri sülh anlaşmasının Azərbaycandan daha çox Ermənistanın marağında olması ilə bağlıdır. Hazırda baş verənlər bunu açıq şəkildə ortaya qoyur. Böyük Qayıdış Prosesinin birilliyi tamam olanda Pezidentin Xocalıya, Daşaltıya getməsi növbəti mərhələdə keçmiş Dağlıq Qarabağın ərazi vahidinin tərkibindəki torpaqlarımıza köç ediləcəyinin mesajı idi.  Qarşı tərəf bu reallığı dərk etməlidir, çünki reinteqrasiya haqqında düşünməyin vaxtı çoxdan çatıb.

Özünü vasitəçi rolunda görənlərin və sülh danışıqları müstəvisində görüşləri təşkil edənlərin kimliyindən asılı olmayaraq format dəyişməyəcək. Azərbaycan bütün görüşlərdə özünəməxsus strategiyasını təqdim edəcək. Biz bu istiqamətdə məqsədyönlü şəkildə irəliləyirik və addım-adım istəklərimizə nail oluruq.