Sərhədlər o vaxt açılacaq ki... - Qafar Çaxmaqlı

13:44 21.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənişünas alim Qafar Çaxmaqlı ilə hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimal olunan tarix, Ermənistan cəmiyyətinin Azərbaycanla gerçəkdən sülhə hazır olub-olmaması, Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Ermənistanın Türkiyə ilə də diplomatik əlaqələri bərpa etmək şansı, Türkiyə-Ermənistan əlaqələrinin bərpasına Rusiyanın mane olub-olmaması və s. mövzulardan bəhs etdik.

–    Azərbaycanla Ermənistan arasında sülh sazişinin nə vaxt imzalanacağını düşünürsüz? Bəzi şərhçilər iddia edir ki, Azərbaycandakı növbədənkənar prezident seçkilərinə, yəni 2024-cü ilin fevralınadək imzalana bilər...

–    Azərbaycanla Ermənistan arasında sülh sazişinin belə tezliklə imzalanacağını düşünmürəm. Tərəflər arasında çox ciddi razılaşdırılmamış məsələlər var. Hələ Azərbaycanın Ermənistanın nəzarəti altında qalan 8 kəndi var. Onların geri verilməsi və anklav durumundan çıxarılması prosesi uzun sürə bilər. Sərhədlərin müəyyənləşməsində, yəni delimitasiya və demarkasiyasında da problemlər var. Ermənistan iddia edir ki, Azərbaycan sərhəddəki bəzi məntəqələri tutub;    Zod və  Cermuk istiqamətindəki indi bizim nəzarətimizdə olan ərazilər guya onlara aiddir. Bir sözlə, sərhədlərin demarkasiyası və delimitasiyası işləri başlasa da, başa çatmayıb...

Bundan əlavə, Azərbaycanın Ermənistana təqdim etdiyi bir neçə maddədən ibarət saziş mətni hələ Ermənistan tərəfindən "öyrənilməkdədir". Ermənistan müharibədə məğlub tərəf kimi bəzi öhdəlikləri hələ də yerinə yetirməyib. Kommunikasiya xətlərinin açılması ilə bağlı addımlar atılmayıb. Sülh sazişi bunlar həll olunmadan imzalana bilməz. Digər tərəfdən, Azərbaycanda prezident seçkiləri elan olunduğundan, bu işin seçkilərdən sonraya saxlanılması ehtimalı da var. Sülh prosesində maraqlı olan dövlətlərin maraqlarının üst-üstə düşməməsini, təsir dairəsi uğrunda Qərb-Rusiya rəqabətini də buraya əlavə etsək,  apar-topar müqavilənin imzalanması mümkün deyil. Bununla bağlı danışıqlar prosesi ABŞ, Avropa Birliyi və Rusiya məkanlarında aparıla bilər və Azərbaycan üçün bu variantların hər biri qəbulediləndir. Məncə, tələsik hansısa bir sülh sənədinin imzalanması bölgəmizdə gərginliyi azaltmaz, söhbət bölgəmizə sabitlik gətirəcək qalıcı sülhdən getməlidir, hansısa kağız parçasından deyil. Yalnız Azərbaycanda deyil, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə də 2024 -cü ildə seçkilər var. Bu seçkilərin sülh prosesinə birbaşa təsiri olacaq...

–    Bir ermənişünas  alim kimi müşahidələriniz nə göstərir? Ermənistan əhalisinin, Qarabağdan köçənlər də daxil olmaqla, təxminən, nə qədər hissəsi Azərbaycanla gerçəkdən sülh istəyir və sülhə hazırdır?

–    İzlədiyim qədəri ilə Ermənistanda sülhə baxış fərqlidir. Elə siyasi qüvvələr var, Azərbaycanla hər hansı sazişin Ermənistanın milli maraqlarına uyğun olmadığını düşünürlər. Respublikaçılar partiyasının liderlərindən olan,  parlamentin keçmiş sədr müavini Eduard Şarmazanov mənsub olduğu siyasi qurumun baxışını ifadə edərək Paşinyanın sülh imzalamasını, buna getməsini qəbul etməyəcəklərini  və hakimiyyət dəyişikliyi halında ondan imtina edəcəklərini ifadə edir. Parlamentdəki “Şərəf duyuram” və “Hayastan” fraksiyaları da buna qarşı çıxırlar...

Qarabağ separatçılarının tör-töküntüləri də bir araya gəlib bəyanatla çıxış ediblər ki, Qarabağa ermənilərin beynəlxalq təhlükəsizlikləri təmin olunmaqla geri dönüşü olmadan Azərbaycanla sülhə getmək olmaz. Ermənistan hakimiyyətinin isə döymədiyi qapı qalmayıb ki,  Azərbaycana təzyiq olunsun, sülh sazişinin daha tez imzalanmasına yardım etsinlər deyə,  dünyanın bəzi mərkəzlərində genişmiqyaslı iş aparılır. Bir sözlə, müşahidələrim göstərir ki, Ermənistan cəmiyyəti sülhə hazır deyil. Paşinyan onu imzalasa belə,  o hələ keçərli sənəd halına gətirilməyəcək...

–    Terrorçu eks-prezident R. Köçəryanın oğlu Levon Köçəryan da parlamentə gəldi. Sizcə, Qarabağ klanının Moskvanın dəstəyi və Qarabağdan köçən aqressiv şurtvatsların vasitəsilə Paşinyanı devirib yenidən hakimiyyətə qayıtmaq şansı varmı?

–    Robert Köçəryan yalnız Azərbaycanda deyil, Ermənistanda da cinayətlər törətmiş şəxsdır. Elə bu günlərdə onun özünün və ailəsinin qanunsuz mülkləri ilə bağlı cinayət işi məhkəmə həllini tapmaq üzrədir. Özü və ailəsindən olan bir neçə nəfərin həbs olunması gözlənilir. Oğlunu bəlli fraksiyadan parlamentə soxmaqla toxunulmazlıq əldə etmək istəyir ki, bu da mümkün görünmür. Onun Ermənistanda artıq siyasi çəkisi yoxdur və Rusiya belə adama, yəni Köçəryana heç vaxt “stavka” etməz.  Paşinyanı uzaqlaşdırmaq, onu sui-qəsdlə aradan götürmək cəhdləri ola bilər və Ermənistanın yaxın tarixində belə olaylar olmuşdur. Elə həmin Köçəryanın əli ilə 1999-cu ilin oktyabrında Ermənistan parlamenti gülləbaran edilmişdi. Lakin hazırda  Robert Köçəryanın və o qrupdan olan digər siyasi fiqurların yenidən hakimiyyətə gəlmək şansı yoxdur...

Mən erməni siyasi elitasını da müşahidə edirəm. Bu ölkədə ağlı başında olan, siyasi təfəkkürü ilə çağdaş dunyaya uyğun adam görmürəm. Onların ən "ağıllısı" elə Paşinyandır və bu adam bütün erməni cəmiyyətinin “güzgüsüdür”...

Bunların keçmişdəki, yəni 1918-1920-ci illərdəki “liderlərini” də araşdırmışam. Bir nəfər belə, sanballı adama rast gəlməmişəm. Bu səbəbdəndir ki, erməni toplumu indi bizim gördüyümüz, qabiliyyətsiz, saxtakar, irqçi, terrorçuluğu qəhrəmanlıq sayan, burnundan qabağı görməyən məzlum topluma çevrilib. Hətta onlar özlərinə normal bir başçı seçmək qabiliyyətini də itiriblər...

–    Azərbaycanla sülh sazişi imzalandıqdan sonra, Ermənistanın Türkiyə ilə də diplomatik əlaqələri bərpa etmək şansı artacaqmı?

–    Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırma işi də öncə bəhs etdiyimiz eyni irqçi düşüncə üzündən irəli getmir. Onlar deyirlər ki, Azərbaycanla münasibətlərin düzəlməsi nəticəsində Türkiyə onlara imkanlar yaradacaq. Bu fikirdə həqiqət var, qardaş ölkə Azərbaycanın maraqlarından çıxış edərək Ermənistanla problemlərini həll edəcək. Ermənistanın Türkiyəyə yönəlik siyasətinin də dəyişməsi lazımdır...

–    Ermənistan hökuməti məlumat verir ki, artıq Marqara keçid məntəqəsi istismara hazırdır. Sizcə, Türkiyə-Ermənistan sərhədi nə vaxt açıla bilər?

–    Sərhədlər o vaxt açılacaq ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olsun və bu, Türkiyənin də maraqlarına xidmət etsin... Ermənilərin “markara” dedikləri Alican sərhəd qapısı “hazırdır” deyəndə nəyi nəzərdə tuturlar, bilmirəm. Bura bildiyimiz bir keçid yoludur, heç iki kilometr olmaz. Hazırlamaq iki saatın işidir... 

–    Belə bir versiya səslənir ki, Türkiyə-Ermənistan əlaqələrinin bərpasına da Rusiya mane olur. Siz necə düşünürsünüz?

–    Türkiyə ilə Ermənistan arasında da müəyyən anlaşmanın imzalanmasına ehtiyac var. Bu anlaşma yoxdursa, sərhədlərin açılmasından söhbət belə gedə bilməz. Türkiyə elə bir dövlətdir ki, onun xarici siyasətinə hər hansı ölkə mane ola bilməz. Alican sərhəd qapısında Rusiya sərhədçilərinin olması da Rusiyanın buna mane olması anlamına gəlməz...

–    Bu günlərdə Avrasiya İqtisadi İttifaqının İnkişaf Problemlərinin Öyrənilməsi İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin erməni mediasına müsahibəsində deyib ki, “Azərbaycan, Ermənistan və ABŞ öz bonuslarını alır, Rusiya isə Cənubi Qafqazdan gedir...”. Sizcə, bu, reallığa uyğun fikirdirmi,  Rusiya doğrudanmı asanlıqla Güney Qafqazdan gedir, yoxsa, belə rəy  yaratmaq, sadəcə, Kremlin növbəti manipulyasiyasıdır?..

–    Ermənistanda ABŞ Dövlət Katibinin köməkçisi Ceyms Obraynın Prezident İlham Əliyevlə görüşündən sonra 32 erməni əsirin və 2 azərbaycanlı hərbçinin dəyişdirilməsi ilə bağlı qərarın və sülh danışıqlarının Amerika mərkəzli sahəyə daşınması geniş müzakirə edilir. Belə yorumlanır ki, Ermənistan diplomatiyasının Ermənistan-Azərbaycan sülh danışıqlarının Qərbə daşınması, vasitəçinin Qərb olması fəaliyyətləri  nəticə verməkdədir.

 Şübhəsiz, barışın əldə olunmasının kimin vasitəçiliyi ilə olmasının fərqi azdır, Azərbaycan 2020-ci ildən bəri aparılan bütün danışıqlarda  bu barışın əldə olunmasının tərəfdarı kimi çıxış etmişdir. Bu günə qədər sülh müqaviləsi yoxdursa, bu, Ermənistanın qeyri-konstruktiv yanaşmasının nəticəsidir. Ermənistanın öz siyasətini daha çox Rusiyanın bu proseslərdən kənara çəkilməsi üzərində qurduğu açıq görünür. Bugünkü gəlişmələrdən Ermənistan cəmiyyətindəki “sevinc” bununla əlaqədardır. Zənnimcə, Rusiyanın bölgədən çıxarılması ilə bağlı  birləşmiş Qərbin maraqları çərçivəsində baş verən siyasi dəyişikliklər Ermənistanın arzuladığı kimi olmaya bilər. Azərbaycan da Rusiyanın bölgədə qalıcı olmasının maraqlarımıza uyğun olmadığının fərqindədir, lakin Ermənistanın  "oyuncaq" rolunu qəbul edə bilməz. Amerika yalnız sülh prosesinə daxil olmayacaq. Belə fikirlər də səslənməkdədir ki, Vaşinqton bölgəyə beynəlxalq müşahidəçilər göndərmək təşəbbüsü ilə çıxış etməkdədir. Bu müşahidəçilər, hətta erməni əhalinin Qarabağa dönüşü kimi məsələlərə də müdaxilə edə bilərlər.

 Ermənistanın Rusiyadan qopma və özünə Qərbin timsalında yeni "kirvə" tutma təşəbbüslərinin də nəticə verəcəyinə inam azdır. Rusiya heç cür Ermənistandan getməyəcək. Ermənistan iqtisadiyyatının böyük bir hissəsinə nəzarət edir. Bir dəfə demişdim, Rusiyanın icazəsi olmadan Ermənistan dəmir yolunda bir rels belə dəyişdirə bilməz. Ermənistan dəmir yolları Rusiyanın mülkiyyətidir. Ermənistanın Kremlin təsbit etdiyi cızıqdan çıxması, KTMT, Avrasiya İqtisadi İttifaqından çıxma kimi addımlar atmasına Rusiya yumşaq reaksiya verməyəcək. Ermənistana verilən qazın qiymətinə Rusiya onsuz da dəyişiklik edəcək, Metsamor Atom Elektrik Stansiyasına yanacağın verilməsindən tutmuş Rusiyadan gələn milyardların da hesabı sorula bilər. Moskvanın bölgədən çıxması bir bəyanatla edilə biləcək fəaliyyət deyil, yaxud kiminsə arzusuna bağlı deyil. Rusiyanın getməsinin çox ciddi fəsadları ola bilər...

 Bəli, Azərbaycanın müttəfiqi və dayağı var –  bu, Türkiyədir. Ermənistan isə kimdən bonus alır-alsın, onun bölgə dövlətlərinə sığınmaqdan başqa çarəsi yoxdur...

 Son günlər belə bir fikir də dolaşdı ki, Ermənistanla Azərbaycan arasında problemlər birbaşa təmaslarla çözülə bilər. Yaxşı variantdır. Cənubi Qafqaza nəzarət etmək uğrunda, təsir imkanlarının saxlamaq uğrunda Qərb-Rusiya qarşıdurması fonunda ən yaxşı variantlardan biri budur. Ayrı-ayrı dövlət və beynəlxalq qurumların hər hansı məsələdə öz mənafelərini güdəcəkləri məlumdur. İkili, təkbətək danışıqlarda başqa ölkələrin maraqları olmur. Tarixdə belə örnəklər vardır. Ermənistan bu varianta da getməkdən çəkinir, sülh müqaviləsinin arxasında zaminin olmasını istəyir və bu da absurddu...