Sərnişindaşımada son durum - Araşdırma

12:50 06.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İctimai nəqliyyatda qiymətlər sabit qalsa da, rayonlararası gediş-gəliş bahalaşıb

Məlumdur ki, bu ilin yanvar ayı ərzində dizelin qiyməti qaldırıldı. Ardınca isə Bakıdaxili sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə əlavə subsidiyaların verilməsi ilə bağlı qərar qəbul olundu. Bundan başqa, yanacağın qiymətinin artması səbəbindən, rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub.

Bəs görəsən, hal-hazırda qərarın icrası hansı mərhələdədir? Sahibkarlara ödəniləcək məbləğ hansı formada hesablanır? Yanacağın qiyməti qalxdıqdan sonra, sərnişindaşımada süni qiymət artımı qeydə alınıb?

Hafta.az-ın əməkdaşı bu və digər suallara aydınlıq gətirmək üçün ilk növbədə, Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladı.

Müsahibimiz bildirdi ki, yanacağın qiymət tənzimləməsi ilə bağlı Tarif Şurasının  son  qərarından sonra, agentlikdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirildi.  Orada bidirildi ki, İqtisadiyyat Nazirliyinin mütəxəssisləri ilə birgə dəyərləndirmələr aparılır:

“Nəticəyə uyğun olaraq da dəstək tədbirləri həyata keçiriləcək.  Sahibkalara ödəniləcək subsidiyalarla bağlı isə məlumatımız yoxdur.  Məsələ agentliyin səlahiyyətləri çərçivəsində deyil”.

Qurum rəsmisi benzin və dizelin bahalaşmasından sonra, agentliyə süni qiymət artımı ilə bağlı şikayətlərin daxil olmadığını da vurğuladı:

“Bakı şəhərində müntəzəm sərnişindaşımalarda süni qiymət artımı ilə bağlı nə sosial şəbəkələrdə, nə də aparılan monitorinqlərdə rast gəlinib. Heç 141 çağrı mərkəzinə də bununla bağlı hər hansı bir məlumat daxil olmayıb. Sahibkarlarla əvvəlcədən görüş keçirən zaman onlar təlimatlandırılmışdı ki, süni qiymət artımı yolverilməz haldır. Belə bir halla qarşılaşacağımız zaman, qanunvericiliyə uyğun tədbir görüləcək.  Çox məmnunluqla qeyd etmək istəyirəm ki, agentliyin bu tələbini onlar normal qəbul etdilər. Bu günə qədər də hər hansı qiymət artımı müşahidə olunmayıb”.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, sərnişindaşımada fəaliyyət göstərən özəl şirkətlərin bazar payı getdikcə azalır. Dövlət şirkəti olan “Baku bus” daha çox bazar payına malik olur:

“Bu da azad sahibkarlığın bəhs olunan sahədə rəqabətli mühitinə ciddi mənfi təsir göstərən amilə çevrilib.  Sərnişindaşımada fəaliyyət göstərən sahibkarların  xərcləri ilə bağlı öncədən məlumatlar olur. Həmin şirkətlərin keçən il ərzindəki hesabatları araşdırılarkən məlum olmalıdır ki, dizel yanacağına nə qədər vəsait xərclənilib. Həmin yanacağa xərclənən vəsaitin müqabilində, qiymət artımına uyğun olaraq, təxmini 33-34 faizlik kompensasiya nəzərdə tutulmalıdır”.

Ekspert deyir ki, hazırda prosesin icrasına problem yaradan məsələ var:

“Məndə olan məlumata görə, İqtisadiyyat Nazirliyinin nəzdində olan Vergilər Departamenti deyir ki, sahibkarlar hesabatlılığı tam şəffaf şəkildə aparmayıblar. Keçənilki rəqəmlərə uyğun kompensasiya hazırlayanda, sahibkarlar buna etiraz edir. Onlar bildirir ki,       “Biz rəsmi sənədlərdəkindən daha çox vəsait xərcləmişik”. Bu, sahibkarların vergidən müəyyən dərəcədə yayınmaq üçün atdığı addım olub. Ona görə də burada sahibkarlıqla bağlı problem var. Bütün hallarda bunu hesablamağın çox asan bir yolu var. Vergilər Departamenti zaman-zaman xronometraj adlanan alətdən istifadə edir. Çox qısa zamanda, məsələn, 7-10 gün ərzində marşrutlar üzrə xronometraj keçirilə bilər. Bir avtobusun eyni marşrut üzrə neçə dəfə reys etdiyini ölçməklə, dizel yanacağı sərfiyyatını asanlıqla hesablamaq olar. Monitorinq bitdikdən sonra qərara əsasən, hesablama düsturu təsdiqlənə bilər. Beləliklə də ödənişlərə başlamaq mümkün olar. Mən belə görürəm ki, hələ bir müddət bu məsələ müzakirə obyektinə çevriləcək. Sahibkarlara  dəyən ziyanın tezliklə kopmpensasiya olunacağını söyləmək çətindir. Baxmayaraq ki, üzərindən 1 aya yaxın vaxt keçib, lakin bununla bağlı heç bir konkret addım atılmayıb”.

N.Cəfərli vurğuladı ki, ötən il istifadə olunan dizel sərfiyyatı ilə bağlı heç bir rəsmi məlumat əldə edə bilməyib:

“Biz mütəxəssislər üçün ən böyük problem elə real rəqəmləri əldə etməkdir. Qiymətlə bağlı məlumat, əslində, şəffaf və əlçatan olmalıdır. Əgər bununla bağlı məlumat olsaydı, model quraraq çox asanlıqla hesablamaq mümkün olardı”.

Nəqliyyat eksperti Aslan Əsədov isə süni qiymət artımı ilə bağlı fikirlərə münasibət  bildirdi.  A.Əsədov söylədi ki, rayonlararası fəaliyyət göstərən taksilər qiymətlərə rəqabətlilik prinsipi ilə yanaşır. Onlara heç bir qurum nəzarət etmir:

“Bakıdaxili sərnişindaşımaya gəldikdə isə onu deyə bilərəm ki, sahibkarların qiymət artımına getməsi tələskənlik olardı. Sərnişindaşımanın maya dəyəri kifayət qədər sərfəli qiymətdir. Nəzərə alsaq ki, dizelin, benzinin, suyun qiyməti qalxıb, onda sərnişindaşımada qiymət artımına tələsməmək lazımdır”.

Nəqliyyat eksperti süni qiymət artımı kimi halların qarşısının alınması üçün təklif də irəli sürdü:

“Biz həmişə deyirik ki, qiymət artımı kimi hallarla qarşılaşmamaq üçün ölkəyə qənaətli nəqliyyat vasitələri gətirilməlidir. Bu gün ölkədə sərnişindaşımaya baxsaq görərik ki, bu, birbaşa benzin və dizel üzərinə yüklənib. Digər növ enerji mənbələri ilə çalışan vasitələrin istifadəsi yaranmış problemi qismən də olsa aradan qaldırmış olar”.

Gördüyünüz kimi, hər bir mütəxəssisin mövzuya yanaşması fərqlidir. Bəs görəsən, rayonlararası taksi xidməti ilə məşğul olan şəxslər nə düşünür? Bu xidmətdə qiymət artımı var?

Bu sualın cavabını isə elə rayonların birinə taksi fəaliyyəti ilə məşğul olan sürücüdən soruşduq.

Sürücü deyir ki, sərnişindaşımada az da olsa qiymət fərqi yaranıb. Əvvəlki qiymətlə işləmək daha sərf etmir:

“Pandemiyadır, üstəlik, yaşım da az deyil ki, başqa iş tapıb işləyim. Benzinin qiyməti qalxdıqdan sonra, özümə az da olsa pul qalır. Mən də ailə dolandırıram. Məcbur qalıb yolhaqqını qaldırmışam. Düzü, gedib-gələnlərin sayı elə əvvəlki kimidir”.

Qeyd edək ki, ölkədə, 4 yanvar 2021-ci il tarixində Tarif  Şurasının iclası keçirilmişdi. İclasda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilmişdir.