“Sərt karantin günlərində qoyulan qaydalara, karantin rejiminə riayət etmək lazımdır. Bayıra çıxanda tibbi maskanı taxmaq tövsiyyə olunur. Bayırdan içəri daxil olanda gigiyenik qaydalara əməl edilməlidir. Əllər sabunla və digər dezinfeksiya edici məhlullarla yuyulmalıdır. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır”.
Bunu hafta.az-a açıqlamasında həkim Məlahət İsayeva deyib. Həkimin sözlərinə görə, bundan əlavə yaxşı qidalanmaq, idman etmək də faydalıdır: “Vitamin “C” qəbul etmək lazımdır. Çox yatmaq da bir şey deyil, idman etmək tövsiyyə olunur. İnsanlar sərt karantin rejimi günlərində də evdə aktiv həyat tərzi sürməlidir. İnsanlar ruhdan düşməsinlər. Ruhdan düşməyin özü də xəstəliklər yarada bilər. Aktiv həyat tərzini ev şəraitində mümkün qədər gerçəkləşdirsinlər”.
Məlahət İsayeva bildirib ki, koronavirusa yoluxanların sağalması üçün həkimlər əllərindən gələni edirlər: “Sərt karantin rejimi 2 gündür ki, tətbiq edilir. Yoluxma sayında artma və ya azalma olmasını demək bu müddət ərzində çətindir. Biz əlimizdən gələni edirik ki, xəstələr tez sağalsınlar. Ailələrinin yanına dönsünlər. Koronavirus pandemiyasını ağır şəkildə keçirənlər daha çox yanaşı xəstəlikləri olanlardır. Ağır xəstələrimiz reanimiasiyada müalicələrini davam etdirirlər. İnsanlar evdə sıxılmamalıdırlar. Ümid edirik ki, tezliklə bu xəstəliyə qalib gələcəyik. Sadəcə olaraq birlik nümayiş etdirib bunun öhdəsindən gəlməliyik. Biz bunu bacaracağıq”.