Sərt karantin xəbərdarlığı – Müzakirə

12:48 15.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2019-cu ilin may ayından etibarən, dünya dövlətlərinin “qapılarını” qapayan COVID-19 pandemiyasının yaratdığı sərt karantin rejimi və sosial-psixoloji gərginlikdən çıxa bilməyən insanlar bu gün yenə sərt karantin təhlükəsinin yaranma ehtimalı ilə üz-üzə qalıb.

Bir çox ekspertlər blə bir qənaətlə çıxış ediblər ki, COVID-19 ölkəmizə gəlib çıxıbsa, demək onun yeni ştammının da gəlmək ehtimalı var. Eyni zamanda bildirilir ki, hələ COVID-in yeni ştammının yayıldığı barədə məlumat çox ölkələrdə təsdiqlənməyib.

Ancaq hesab olunur ki, yayılma ehtimalı böyükdür və yeni ştammın yoluxuculuq qüvvəsi daha yuxarıdır.

Dünyanı bürüyən qlobal gərgin proseslərin fonunda COVID-19 pandemiyası ilə bağlı növbəti sərt karantin qaydalarının tətbiqi nə dərəcədə real ola bilər və bu, siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində hansı növbəti əks zərərini vuracaq. Bu istiqamətdə birmənalı olmayan fikirlər də mövcuddur.

Bu istiqamətdə hafta.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu son dövrlər COVID-19-a yoluxma hallarının artdığının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, statistik rəqəmlər COVID-in yoluxuculuq sayında bir hərəkətlilik göstərir.

“Mütəxəssislər hesab edirlər ki, COVID-ə yoluxma halları kütləviləşsə belə, əvvəlki qədər təsirli və məhdudiyyətləri zəruri edən hallar olmayacadır. Hər halda artıq Azərbaycanın da, dünyanın da COVID-19 pandemiyası ilə birgəyaşayış təcrübəsi var. Sevindirici haldır ki, Azərbaycanın təcrübəsi kifayət qədər səmərəli təcrübədir. Ona görə mən düşünürəm ki,  məhdudiyyətlər olsa belə əvvəlki qədər sərt olmaz.  Hətta məhdudiyyətlər tətbiq olunsa belə, artıq müəyyən vərdişlər yaradıldığına görə ictimaiyyətin həm iqtisadi münasibətləri, həm də sosial fəallığı əvvəlki qədər məhdud olmayacaq. Ona görə də düşünürəm, pandemiya ilə bağlı mütəxəssislərin fikirlərinə diqqət etmək lazımdır”.

H.Babaoğlu bildirir ki, Azərbaycanın zəruri hallarda müxtəlif qərarlar qəbul etmə təcrübəsi var. Onun fikrincə, sərt karantin ümumiyyətlə olmayacaq:

“Bütün hallarda insan sosial varlıqdır və sosial münasibətlərin məhdudlaşması ona sosial və mənəvi baxımdan mənfi təsir göstərir. Ona görə də ümid edirik,  belə bir zərurət olmayacaq. Olsa belə, cəmiyyətimizin də  təcrübəsi var. Düşünürəm, zəruri qərarlar Azərbaycan Hökuməti tərəfindən qəbul ediləcəkdir. Hər halda ümid edək ki, buna zərurət yaranmayacaq”.

Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, əhalinin böyük bir qismində yoluxma riski kəskin artarsa, ona müvafiq olaraq karantinlə bağlı qadağalar veriləcək.  Qonşu ölkələrdə 4-8 nəfər arasında yoluxma sayının artdığını bildirən deputat, bu çür artım sürəti ilə koronanın təkrar Azərbaycana da gəlib çatma ehtimalını istisana etməyib:

“Beynəlxalq Səhiyyə Təşkilatı təhlükələrlə bağlı məlumatlar yayıb və Avropa Birliyi ölkələrində, artıq 60 yaşdan yuxarı vətəndaşlara buster vaksinasiyasının həyata keçirilməsi ilə bağlı qərar verilib.  Azərbaycanla bağlı qərarlar da ümumi epidimiloloji vəziyyətlə bağlı olacaq. Əgər böyük ehtiyac olarsa sərt karantinlə bağlı qərarlar ola bilər”.

A.Mollazadə hesab edir ki, pandemiya ilə bağlı vəziyyət ağırlaşarsa, Azərbaycanı qorumaq üçün sərhədlri də qapana bilər.

“Ümidvaram ki, müəssisələrin bağlanması ilə bağlı qərarlar olmaz”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov hafta.az-a bildirib ki, sərt karantinin tətbiqi ilə bağlı müəyyən informasiyalar yayılsa da, indiki reallıqda hələ ki, belə bir addımın atılacağı ilə bağlı heç bir real vəziyyət yaranmayıb. Onun sözlərinə görə, sərt karantinin tətbiqi nə qədər mənfi təsirlər göstərsə də, seçim qarşısında qalarıqsa sağlamlığı seçməliyik: “Son günlər yoluxmalar var. Sərt karantinin tətbiqi ilə bağlı danışmaq hələ tezdir.  Kütləvi yayılma halları yoxdur.  Kütləvi olaraq belə hal baş verərsə, o zaman operativ qərargah məsələ barədə qərar qəbul edə bilər”.

C.Məmmədov pandemiya və karantin rejiminin tətbiqinin təhsilimizə, eləcə də iqtisadiyyatımıza çox ciddi təsirinin oldğunu deyib. Bütün hallarda onlayn təhsil ənənəvi təhsili əvəz etmişdi. Ənənəvi təhsil daha üstün və uğurludur. Ona görə də biz arzulamırıq ki, yenidən sərt karantin tətbiq edilsin. Əgər ehtiyac olarsa, seçim qarşısında qalarıqsa, sağlamlığı seçəcəyik. Hələ ki, sərt karantinə keçiləcəyini düşünmürəm. Bunu gələcək göstərəcək...”.