Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin dünən təsdiqlədiyi yeni turizm sistemində ölkədə turizmin nüfuzuna xələl gətirmək, turistik obyektləri və onların tərkib hissələrini pozmaq, onlara zərər vurmaq, yaxud da onların dəyərini və ya əhəmiyyətini zədələyəcək hər hansı tədbir görmək qadağandır.
Hafta.az-ın yazdığına görə, bu barədə Krallığın turizm naziri Əhməd əl-Hatib yeni sistemlə bağlı açıqlama verərkən deyib.
“Sistem qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan qlobal rəqabətədavamlı turizm sektorunun yaradılması üzrə rəhbərliyin göstərişlərinə uyğundur. O təkcə cari problemlərə həll yolları istehsal etmir, həm də sonradan ortaya çıxa biləcək turist nümunələri üçün gələcəyə baxış yaradır. Bu, Səudiyyə Ərəbistanının ilhamverici və görünməmiş təcrübələri ilə turistlər üçün ən cəlbedici ölkələr sırasında dünya miqyasında layiqli yerində yerləşdirilməsi üçün həlledici amil olacaq. Hazırda ölkənin müxtəlif istiqamətlərdə inşa etdiyi turizm layihələrində bunun şahidi oluruq”, - nazir Əl-Hatib deyib.
Nazir vurğulayıb ki, turizm sektoru Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanın qeyri-məhdud dəstəyi ilə 2030-cu il hədəfinin sütunlarından biridir.
Sektorun təşkili, arzulanan islahatın əldə edilməsi, turizm sisteminin tikintisinin başa çatdırılması və obyektlər üçün lisenziya sistemlərinin dəyişdirilməsi istiqamətində işlərin aparılmasının investisiyaların cəlbi və təşviqi üçün çox vacib olduğunu bildirən nazir belə deyib: “Keyfiyyətli investisiyaların cəlbinə töhfə verən və turistlər üçün unikal təcrübə təqdim edən ədalətli rəqabəti təmin etmək üçün aydın standartlar müəyyənləşdirmək lazım idi. Bu yaxınlarda yaradılan Turizmin İnkişafı Şuraları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər tərəfdaşlarla əməkdaşlıqda Səudiyyə Ərəbistanının müxtəlif regionlarında turizm istiqamətlərinin inkişafını sürətləndirməyə kömək edən amil olacaq”.
Nazirin açıqlamasına görə, fəaliyyət növlərinin lisenziyalaşdırılması, təsnifatı, standartları və tələbləri və onlara nəzarətlə bağlı silsilə maddələrdən ibarət sistem sektorun kifayət qədər çevikliyini təmin etmək üçün sürətli inkişafı və müasir texnologiyalarla inteqrasiyanı nəzərə alır.
Yeni sistem böhranların idarə edilməsi, risklərin qarşısının alınması və müəyyən fəaliyyət növləri üçün maliyyə təminatının təmin edilməsi üzrə tədbirlər paketi, habelə investorlar, turistlər və müvafiq orqanlar arasında etimad divarını gücləndirən maddələr yaratmaqla sənaye üçün ilham mənbəyi hesab olunur.
Sistem həmçinin aidiyyəti orqanlar tərəfindən təsdiqləndikdən sonra nazirliyin vergi və ya gömrük rüsumlarından azad edilməsi kimi bir sıra təşviqləri özündə cəmləyib.
Sistem həmçinin aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq bütün aspektlər üzrə statistik məlumatların təmin edilməsi üçün məlumat bazasının yaradılmasını ehtiva edir.