Səudiyyə Ərəbistanının daşqın fəlakətinin nəticələri ilə üzləşən Pakistana 1 milyard dollarlıq dəstək verəcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Ər-Riyad administrasiyası həmçinin Pakistanın dövlət bankındakı əmanətlərin və ölkəyə qoyulan sərmayənin artırılmasına qərar verə bilər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə İnkişaf Fonduna (SDF) verdiyi göstərişdə Pakistan Dövlət Bankında (SBP) əmanətlərin həcminin 5 milyard dollara çatdırılması, həmçinin Səudiyyə Ərəbistanının Pakistandakı sərmayələrini 10 milyard dollara yüksəltmək üçün işlərin başlanmasına da göstəriş verib.
Vəliəhd şahzadə bu göstərişləri Ər-Riyadda səfrdə olan Pakistan ordusunun lideri Asim Munirlə danışıqlardan sonra verib.
Qeyd edək ki, yüksək səviyyəli Pakistan rəsmisi 2022-ci ilin dekabrında verdiyi açıqlamada yaxın gələcəkdə Səudiyyə Ərəbistanından maliyyə dəstəyi paketi alacaqlarını gözlədiklərini söyləmişdi.
Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi - SPA-nın məlumatına görə, depozitlərin və investisiyaların həcminin artırılması üçün işə başlamaq qərarı Ər-Riyad rəhbərliyinin Pakistan xalqına və iqtisadiyyatına dəstəyini ortaya qoyur.
Bildirilib ki, Ər-Riyad rəhbərliyinin Pakistana yeni dəstək bəyanatları Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman ilə Pakistanın baş naziri Şahbaz Şərif arasında davam edən ünsiyyət çərçivəsində baş verib.
Digər tərəfdən, Krallıq Cenevrədə BMT və Pakistanın ev sahibliyi etdiyi "İqlimə əsaslanan Pakistan" konfransından sonra daşqından xilasetmə işlərinə Pakistana 1 milyard dollar dəstək verəcəyini açıqlayıb. Bundan əlavə, Ər-Riyad administrasiyası Pakistan Mərkəzi Bankına qoyulan 3 milyard dollarlıq əmanətin müddətini daha bir il uzadıb.
Nağd qıtlıq yaşayan Pakistanın valyuta ehtiyatlarının 5,5 milyard dollar olduğu açıqlandı. Bu, Pakistanda son 8 ildə valyuta ehtiyatlarının ən aşağı səviyyəsidir.