"Game of Thrones" serialının aktrisası Hannah Uaddingham serialdakı obrazı Septa Unellanın taleyinin əslində daha pis ola biləcəyini açıqlayıb.
Hafta.az-ın “Collider”ə istinadən yazdığına görə, dramatik süjet bükülmələri ilə də məşhur olan “Game of Thrones”da Septa Unellanın ölümü təəccüblü deyildi.
Xarakterin dəhşətli taleyi vardı, lakin Uaddingham yazıçıların əslində onun üçün daha qəddar final yazdığını ortaya qoyub.
6-cı mövsüm serialın ən çox hərəkətli finallarından birinə sahib idi. Bu mövsümün sonunda Cersey Lannister öz düşmənlərindən və "rüsvayçılıq gedişinə" cavabdeh olan Tirellərdən qisas alırdı.
Septa Unella marş boyu dəfələrlə "Utanc" deyə qışqırıb, arxasındakı zəngini çalmışdı. Beləliklə, Cerseyin ondan ağrılı qisas alması qaçılmaz idi. Cersey əvvəlcə kamerada Unellaya işgəncə vermişdi. Daha sonra o, Dağ kimi tanınan ser Qreqor Kleqan tərəfindən yavaş-yavaş işgəncə ilə öldürülməyə buraxıldı.
“Collider”ə verdiyi açıqlamada Uaddingham, oynadığı personaj üçün fərqli bir sonluq düşünüldüyünü izah edib.
Yazıçıların zorlama səhnəsi planlaşdırdıqlarını, lakin sonra bundan vaz keçdiklərini izah edən aktrisa, "O, Dağ tərəfindən təcavüzə məruz qalacaqdı və məncə, Sansanın zorlandığı səhnə ilə bağlı o qədər şikayət aldılar ki, bundan imtina etdilər. Mən Belfasta uçuşun ortasında olarkən onu dəyişdirdilər. Soruşdum, dedilər, əvəzində su işgəncəsi edəcəyik” deyib.
49 yaşlı britaniyalı aktrisa əlavə edib ki, bu, səhnənin çətinliyi üzündən həyatının "ən pis günü" olub.
Sofi Turnerin canlandırdığı Sansa Starkın 5-ci sezonun sonunda təcavüzə məruz qaldığı səhnə “Game of Thrones” serialının ən mübahisəli səhnələrindən idi. Bu səhnənin aldığı sərt tənqidlər serialın qalan hissəsinə də təsir edib.
“Game of Thrones”dən sonra Hannah Uaddingham Netflix-in “Sex Education” və Apple TV+-ın “Ted Lasso” seriallarında rol alıb. London əsilli aktrisa 2021-ci ildə “Ted Lasso” filmindəki uğurlu performansına görə Emmi mükafatını da qazanıb.