Pakistanın bir çox bölgələrində, xüsusilə də Əfqanıstanla həmsərhəd Bəlucistan və Xeybər-Paxtunxva əyalətlərində terror aktları artmaqdadır.
Hafta.az-ın yazdığına görə, sərhəd bölgələrinə yaxın yerləşən Dera Qazi Xan şəhəri terror əməliyyatlarının hədəflərindən biri olub. Hərbi bazanı ələ keçirməyə cəhd edən Taliban tərəfindən həyata keçirilən kamikadze hücumunda 23 Pakistan əsgəri həyatını itirib. Hücumlar bu il demək olar ki, hər gün hədəfə alınan Pakistan təhlükəsizlik qüvvələrinin terror təşkilatları ilə üzləşdiyi ən qanlı illərdən biri olub.
Rəqəmlər göstərir ki, bu ilin 9 ayında həlak olan 1100-dən çox əsgərdən 386-sı məhz terror aktlarının qurbanı olub. Bu isə ötən ilin eyni dövründə qurbanların sayı ilə müqayisədə 19 faiz, son 8 ildə isə daha çox artım deməkdir.
Bu rəqəmlər təxminən 8 həftə sonar - 2024-cü il fevralın 8-də keçirilməsi planlaşdırılan parlament seçkiləri üçün təhlükə yaradır.
Ümumi ölüm hallarının 92 faizi bu il xüsusilə terror hücumlarının əhəmiyyətli dərəcədə artdığı Hybər Paxtunxva və Bəlucistan əyalətlərində baş verib. Bu səbəbdən də, keçmiş müvəqqəti daxili işlər naziri Sarfraz Buqtinu hər iki əyalətdə seçki mitinqlərinə silahlı hücumların təhlükəsi barədə xəbərdarlıq etməyə sövq edib.
Hücumların əksəriyyətində Pakistan Talibanı (TTP) iştirak etsə də, ən narahat edən İŞİD Xorasan (DAEŞ-H) təşkilatının fəaliyyətinin artmasıdır. Təşkilatın həyata keçirdiyi son hücum dalğası Pakistanın üzləşdiyi təhlükəsizlik problemlərini artırır.Təhlükəsizlik obyektlərinə edilən son hücumlar terror təşkilatının ciddi mühafizə olunan yerlərdə genişmiqyaslı əməliyyatlar aparmaq qabiliyyətini artırmaqla məşğul olduğunu göstərir.
Keçən ay da TTP yaraqlıları Pakistanın mərkəzi Mianvali şəhərində hava bazasına hücum ediblər. Rəsmi açıqlamaya görə, bu hücumda 3 döyüş təyyarəsi və bir neft tankeri zərər görüb, 9 terrorçu isə Pakistan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Bu onu göstərir ki, terror hücumları sərhəd əyalətləri ilə məhdudlaşmır, Pəncabda təhlükəsizlik baxımından vacib olan həssas əraziləri əhatə etməklə genişlənib.
Taliban hökumətinin Əfqanıstanda TTP-nin nəzarətində olan ərazilərə müdaxilə etməkdən boyun qaçırmasından sonra Pakistanın üzləşdiyi təhlükəsizlik problemləri artıb. Bu, 2023-cü ildə sərhədyanı ərazilərdə hücumların, xüsusən də silahlıların zorakılığının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Üstəlik, İslamabadı daha da narahat edən odur ki, Taliban da Pakistan daxilində bəzi hücumlarda TTP-yə dəstək verir. Onların bu ilin əvvəlində Bəlucistanın Zob rayonunda təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücumunda iştirakına dair sübutlar var idi ki, bu da son illərin ən qanlı hücumlarından biri hesab olunurdu. Bu da öz növbəsində Pakistanda qeydiyyatı olmayan əfqan qaçqınların ölkədən deportasiya edilməsi barədə qərarın verilməsinə səbab olub. 400 mindən çox əfqan artıq ölkəni tərk edib, lakin Pakistanda hələ də 1 milyon qeyri-qanuni qaçqın var.
Bu cür birtərəfli hərəkətlər Pakistanın Əfqanıstanla əlaqələrinə təsir göstərsə də, onların yaraqlıların əli ilə zorakılığın azaldılmasına kömək etdiyinə dair heç bir sübut yoxdur və ölkədə silahlıların nəzərəçarpacaq dərəcədə artması müşahidə edilmir.
Bu il son 8 ildə təhlükəsizlik qüvvələri arasında ən çox ölüm hallarının qeydə alındığı ən qanlı il kimi yadda qalıb.
Bu cür zorakılıq hərəkətləri ilə tanınan İŞİD-in də bəzi hücumlarda iştirak etdiyi düşünülür.
İyulda təşkilat uzun müddət Pakistan Taliban hərəkatının və İŞİD-in qalası sayılan, 54 nəfərin həyatını itirdiyi sərhəddə yerləşən Bəcaur şəhərində İslam Alimləri Dərnəyinin siyasi mitinqinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
Bundan əlavə, bir tərəfdən bəzi separatçı Bəluc qrupları ilə DEAŞ-Xorasan Təşkilatı arasında strateji ittifaqlar, digər tərəfdən isə Pakistan Talibanının bəzi fraksiyaları ilə təşkilat arasında ittifaq haqqında məlumatlar var. Bu cür bir vəziyyət isə Pakistan təhlükəsizlik orqanlarının işini çətinləşdirir.
Mövcud vəziyyət müxtəlif növ silahlı fəaliyyətlərin davam etdirilməsi və böyüməsi ilə bağlı dilemma qarşısında görünən İslamabadın terrorla mübarizə strategiyasına dair suallar doğurur.
Son zamanlar baş verən zorakılıqlar göstərir ki, Pakistanın təhlükəsizlik xidmətləri ölkənin pisləşən iqtisadi vəziyyətindən və artan siyasi qeyri-sabitlik və qeyri-müəyyənlikdən yararlanan yaraqlılar tərəfindən artan təhlükə ilə mübarizə aparmaq üçün qeyri-adekvatdır.
Ölkənin təhlükəsizliyinə və seçki prosesinə təhdid yaradan silahlı elementləri aradan qaldıra bilən effektiv və davamlı terrorla mübarizə strategiyasına təcili ehtiyac var. Son düşmənçilik dalğası bu məsələdə tutarlı siyasətin olmadığını bir daha ortaya qoydu.