Böyük Britaniyanın neft nəhəngi BP və Azərbaycan şirkəti SOCAR Şərqi Aralıq dənizində qaz kəşfiyyatı lisenziyası almaq üçün İsrailə birgə təklif etdiyi bildirilir.
Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, BP və SOCAR, İsrailin enerji nəhəngi "NewMed"lə birlikdə bazar günü lisenziya almaq üçün birgə təklif irəli sürüblər. Bildirilib ki, təklif olunan ərazi İsrailin müstəsna iqtisadi zonası sərhədləri daxilində "Leviafhan" və "Tamar" təbii qaz yataqlarına yaxındır.
"NewMed" ABŞ-ın çoxmillətli neft nəhəngi "Chevron" tərəfindən idarə olunan və 12 milyard kubmetr təbii qaz hasil edən "Leviathan" yatağının ən böyük səhmdarıdır.
BP, SOCAR və İsrailin Energetika Nazirliyi məsələ ilə bağlı "Reuters"in sorğusuna cavab verməyib. Agentlik onu da bildirib ki, “NewMed”in müraciət mətnində təklifin “beynəlxalq şirkətlərlə” birgə təqdim edildiyi qeyd olunub.
Həmçinin vurğulanıb ki, Əbu-Dabinin enerji şirkəti ADNOC və BP-nin martda "NewMed"in 50 faizini almaq üçün 2 milyard dollarlıq təklif verdikdən sonra bu təklif ortaya çıxıb.
İsrail Energetika Nazirliyinin bazar günü verdiyi açıqlamada, 9 şirkətdən ibarət 4 konsorsiumun lisenziya təklifi verdiyi, amma şirkətlərin adlarının paylaşılmadığı bildirilib.
"Reuters" yazıb ki, şirkətlərdən biri İngiltərədəki "Energean", digəri isə İsraildəki "Ratio Energies"dir. "Ratio" təklif verildiyini təsdiqləyib, "Energean" isə agentliyin şərh tələblərini rədd edib.