Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması Soçidə üç ölkənin liderlərinin sammitində müzakirə olunub.
Hafta.az xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması problematikası Soçidə keçirilən sammitdə müzakirə olunub. Bu məsələ üç ölkənin Baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində davam etdiriləcək", - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib. Sənəddə Qarabağla bağlı bir söz belə yer almayıb.