Bolqarıstanın paytaxtı Sofiyanın mərkəzində sovet əsgərlərinin xatirəsinə ucaldılmış nəhəng abidənin götürülməsi qərara alınıb.
Hafta.az-ın yazdığına görə, Sofiya Şəhər Şurasında keçirilən səsvermədə 1946-cı ildə şəhərdə ucaldılan abidənin götürülməsinə qərar verilib. Şuranın qərarından sonra bir qrup paytaxt sakini abidənin ətrafında etiraz aksiyası keçirib. Bolqarıstan Sosialist Partiyasından olan sabiq deputat Borislav Qukanov da aksiyada çıxışında “Sovet ordusunun azadlıq simvolu olan bu abidəsini sökmək istəyirlər ki, tarix unudulsun” deyib.
Bolqarıstan prezidenti Rumen Radev də söküntü qərarına "Böhran və düşmənçilik şəraitində tərəflər sovet ordusuna aid bir abidənin arxasında gizlənir" deyib.
Qeyd edək ki, Demokratik Bolqarıstan Partiyası və “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” partiyalarının təşəbbüsü ilə gündəmə gətirilən abidə daha əvvəl də dəfələrlə hücuma məruz qalıb. 2011-ci ildə abidədəki sovet əsgərləri Supermen, Joker, Robin, Kapitan Amerika, Ronald McDonald, Santa Klaus, Wolverine, The Mask və Wonder Woman kimi məşhur komiks personajlarına bənzəyəcək şəkildə rənglənmişdi.
2014-cü ildə abidə Ukraynadakı Şərəf İnqilabına dəstək olaraq Ukrayna bayrağının rənglərinə boyanıb.
Digər tərəfdən, heykəllə bağlı müzakirələr son vaxtlar Rusiya və Bolqarıstan münasibətlərində yaranmış gərginliyin əksidir. Bolqarıstan ötən il fevralın 24-də Ukrayna müharibəsi başlayandan sonra aprel ayında Rusiya qazı üçün rublla ödəməkdən imtina edən ilk Avropa İttifaqı ölkəsi olub.
Bolqarıstan parlamenti daha sonra Ukraynaya hərbi yardım göstərməyə razılıq verib və iyunda Serbiyaya gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bolqarıstanın hava məkanından istifadəsinə icazə verilməyib.
Əslində, abidənin götürülməsi ilə bağlı ilk qərar 1993-cü ildə verilsə də, həyata keçirilməyib. O vaxtdan bəri abidə siyasi müzakirələrin mərkəzində qalır.