Solovyovun verilişində rus siyasətçidən şok açıqlama - "NÜVƏ MÜHARİBƏSİ BAŞLASA, XOŞBƏXT OLARAM"

12:12 07.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Müharibə”, “işğal”, “hücum” kimi sözlərin qadağan edildiyi Rusiyada Kremlin mediasının səsləri bir daha “nüvə apokalipsisi”ndən açıq danışıb. Rusiyanın “Rossiya-1” dövlət televiziyasında yayımlanan verilişin aparıcısı Vladimir Solovyov Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlar göndərməsinə Rusiyadan nüvə silahından istifadə etməklə cavab verməsini tələb edib.

Hafta.az xəbər verir ki, “Putinin səsi” kimi tanınan Solovyov, Ukraynaya çatacaq silahların Rusiya torpaqlarını vurma ehtimalının olduğunu müdafiə edərək, yuxarıda qeyd olunan addımın Qərb ölkələri ilə Rusiya arasında nüvə müharibəsinə səbəb ola biləcəyini irəli sürüb.

Ukraynanın NATO-nun göndərdiyi silahlarla Rusiya atom elektrik stansiyasını vura biləcəyini iddia edən rusiyalı şərhçi nüvə müharibəsi olacağı təqdirdə Baykal gölündə yalnız bir neçə mutasiyaya uğramış canlının sağ qalacağını bildirib.

Proqramda çıxış edən başqa bir siyasi analitik Vitali Tretyakov nüvə müharibəsi başlayarsa, xoşbəxt olacağını deyərək hamını şoka salıb. Rusiyanın da analoji fəlakətlə üzləşdiyini iddia edən Tretyakov, gənclərdən başqa hamının xoşbəxt olması lazım olduğunu müdafiə edib: "Nəhayət, gəldik. Bu, bizim son və son döyüşümüzdür".

“Rossiya-1” və digər KİV-lərin baş redaktoru olan erməni Marqarita Simonyan Tretyakova cavab verib ki, nüvə müharibəsi xoşbəxtlik gətirməyəcək, lakin Moskvanın başqa yolu yoxdur. Uzaqmənzilli silahlar Ukraynaya çatdıqdan sonra Rusiya torpaqlarına hücum olacağını iddia edən Simonyan, qorxunc bir eskalasiya gözlədiklərini dilə gətirib.