Heç birimiz ölümün nə vaxt, nə zaman, hansı şəraitdə gələcəyini bilmirik. Bununla belə, hələ keçmişdən, xüsusilə yaşlı və xəstə insanların ölümünə hazırlıq görmək kimi adət-ənənələr olub. Dövr dəyişdikcə, necə deyərlər, bu adət də əndazəsindən çıxıb. Hətta bəziləri üçün əməlli-başlı “biznes” sahəsinə çevrilib. Söhbət son mənzil “bazarlığından” gedir.
Yəqin ki, çoxlarınız “Filan qəbiristanlıqda dəfn üçün qəbir yeri filan qiymətədir, aşağı qiymət də var, yuxarı qiymət də, şəhərin prestijli yerindəki qəbiristanlıqlar bahadır, bir az kənardakılar isə ucuzdur” kimi fikirləri eşitmisiniz. Bəlkə də müqayisə yersiz görünə bilər, amma fakt odur ki, qəbir yerlərinin qiyməti də yeni tikililərdəki mənzil qiymətlərinin kvadratmetri ilə aşağı-yuxarı eynilik təşkil edir. Məsələn, şəhərdə bir kvadratmetri 1000-1500 manat olan mənzillər var. Qəbiristanlıqda da kvadratmetri 1000-1500 manata olan yerlər var.
Qəbiristanlıqların qiymətinə gəlincə, Bakıdakı bir neçə qəbiristanlıqdakı məzar yerlərinin qiymətlərinə nəzər salaq:
Qurd qapısı qəbiristanlığı – 2000-3000 AZN
Badamdar qəbiristanlığı – 800-2000 AZN
Zabrat qəbiristanlığı – 500-700 AZN
Maştağa qəbiristanlığı – 800-1000 AZN
Hövsan qəbiristanlığı – 400-500 AZN
Əmircan qəbiristanlığı – 300 AZN (iki nəfərlik məzar yeri 500 AZN)
Bülbülə qəbiristanlığı – 150-200 AZN
Günəşli qəbiristanlığı – 600-1500 AZN
Xırdalan qəbiristanlığı – 800-2000 AZN
Təbii ki, bu qiymətlər stabil deyil. İnfliyasiyadan, tələb və təklifdən asılı olaraq artıb-azala bilir. Artma ehtimalı isə daha yüksəkdir.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətində bildirib ki, bu gün qəbiristanlıqların “biznes”ə çevrilməsi, əsasən, paytaxtda müşahidə olunur: “Bu gün hansısa qəbiristanlığın salınması üçün hektarlarla, böyük bir ərazi tələb olunur. Paytaxtdan kənarda qəbiristanlıqların salınması üçün ərazilər mövcuddur. Paytaxt daxilində boş torpaq sahələri, demək olar ki, yoxdur. Biz müşahidə edirik ki, xüsusilə şəhərin mərkəzi yerlərində və mərkəzə yaxın ərazilərdə yerləşən qəbiristanlıqlarda boş yerlər yoxdur, mövcud yerlər də baha qiymətə satılır. Təbii ki, bunun da səbəbləri var və vaxtilə kimlərsə qəbiristanlıqlarda torpaq sahələri alaraq özününküləşdiriblər. İndi də baha qiymətə satırlar. Yəni, bu sahənin də dəllalları var. Ona görə də qiymətlər stabil deyil, tələb və təklifdən asılı olaraq artıb-azala bilir. Fikrimcə, bu məsələ ilə bağlı aidiyyəti qurumlar ciddi şəkildə məşğul olmalıdırlar” .
Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri isə bildirib ki, ümumiyyətlə, məzarlıqda boş qəbir yerinin ölümündən əvvəl hazırlatmaq düzgün deyil. Onun sözlərinə görə, insanın hansı şəraitdə, hansı məkanda öləcəyi ilahi bir sirdir: “Yəni ölüm gününü, yerini heç kəs əvvəlcədən bilmədiyindən, əvvəldən müəyyən bir məzarlıqda bunun üçün yer hazırlatmaq da gərəksiz hesab olunur. İnsan öldükdən sonra onun kimi yanında, hansı məzarlıqda dəfn olunmasının dünyasını dəyişən insana heç bir xeyiri yoxdur. İnsanlar vaxtlarını bu işə sərf edincə, yaxşı əməllər ardınca getsələr daha münasibdir. Bizdə bunu da “biznes”ə çeviriblər. Problemin həlli yollarına gəlincə, bununla bağlı beynəlxalq təcrübədə kifayət qədər nümunələr mövcuddur. Məsələn, qonşu Türkiyədə bütün bu məsələləri bələdiyyə həyata keçirir. Buna görə də orada yer satmaq, yer almaq anlayışı da yoxdur. Sabah kimsə vəfat edəndə, həmin şəxsin yeri də hazır olur, ailəsi, yaxınları məzar yeri axtarmırlar. Təbii ki, bizdə də bələdiyyə institutları bu mənada formalaşarsa, ortada problem qalmaz".