“Gürcüstan Azərbaycan üçün mühüm strateji tərəfdaşdır. Gürcüstanla əlaqələrimizin daha da inkişafı regiona, hər iki dövlətə və beynəlxalq səviyyədə ancaq müsbət tendensiyalara gətirib çıxara bilər”.
Bunu hafta.az-a deputat Arzu Nağıyev Gürcüstanda keçiriləcək seçkilər, hakim partiyanın qələbəsinin regiona verdiyi vədlər və bunun Azərbaycanın maraqlarına nə dərəcədə uyğun olması ilə bağlı açıqlamasında bildirib.
Deputat Gürcüstanda keçiriləcək parlament seçkilərinə diqqət çəkib. Bildirib ki, oktyabr ayının 26-da keçirilməsi nəzərdə tutulan parlament seçkiləri əvvəlki seçkilərdən fərqli olaraq tam proporsional seçki sistemində olacaq. Bu isə o deməkdir ki, hər bir partiya parlamentdə 150 yeri tuta bilər.
“Parlamentə keçmək üçün 5 faizlik baryeri aşmaq lazımdır. Və siyahılar vasitəsi ilə deputatlar parlamentdə yerlərini tutacaqlar.
Hazırda bir neçə partiya arasında rəqabət gedir. Bunlardan əsası İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu Partiyası”dır. Bu partiyanın müsbət cəhətləri hakim partiya kimi maliyyə-admnistrativ resurslarına malik olması, hökumətin nəzarətində olmasıdır. Zəif cəhəti Qərb əleyhinə bir sıra qanunların qəbul olunması, diversifikasiyalı xarici siyasətin həyata keçirilməsi, son zamanlar guya Moskva yönümlü olması barədə antitəbliğatın aparılmasıdır. Vaxtilə Saakaşvilinin rəhbərlik etdiyi Birlik Milli Hərəkat Partiyası da seçkilərdə iddia ilə çıxış edir, 2003-dən 2012-yə qədər iqtidarda olan bu partiyanın güclü tərəfi keçmiş iqtidar partiyası olması, zəif tərəfi isə tam bir vahid proqramın olmamasıdır. Yeni lider axtarışındadırlar ki, bu da çox çətindir.
Qərbin, Avropanın, Rusiyanın təsirindən asılı olmayaraq bu gün hər bir patiya üçün əsas məsələ Gürcüstanın ərazi bütövlüyüyün bərpa edilməsidir. Qərb öz təsirindən istifadə etməyə çalışır. Rusiyanın özü də çalışır ki, seçkilərə bu və ya digər şəkildə müdaxlə etsin. Lakin sonda seçim gürcü xalqının özünə aiddir”.
Deputat qeyd edib ki, bu gün ABŞ-ın, Qərbin apardığı siyasət təkcə Gürcüstana bağlı deyil. Bu qüvvələr Cənubi Qafqazda nüfuz sahibi olmaq üçün seçkilərdən istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, bu siyasət Ermənistanla müəyyən qədər mümkün oldu. Çünki Ermənistanın müstəqil daxili, xarici siyasəti yoxdur. Bu dövlət diqtə altında işləyir.
“Gürcüstan stareji əhəmiyyətli dövlətdir, limanların, beynəlxalq səviyyəli kəmərlərin, makrolayihələrin Gürcüstan vasitəsilə həyata keçirilməsi çox mühüm məsələdir. Kənar qüvvələr bu prosesdə bir mövqe tutub təsir qüvvələrini artırmağa çalışırlar.
Azərbaycanla Gürcüstan arasında mühüm əlaqələr mövcuddur. Bu həm rəhbərlik, eyni zamanda qarşılıqlı səfərlər, görüşlər, iki ölkə arasında dostluq, tətəfdaşlıq müstəvisində özünü göstərir. Gürcüstanla iqtisadi sahədə birgə layihələrimiz mövcudur. Bu gün Gürcüstanın ən böyük vergi ödəyicisi SOCAR-dır. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıları daim nəzarətdə saxlayır. Bir sözlə, Gürcüstan bizim strateji müttəfiqimizdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı- Tbilisi-Qars layihələri, yeni infrastrukturlarda Azərbaycan şirkətlərinin çalışması regionun inkişafına böyük töhfələr verir. Bizim əlaqələrimiz iqtisadi, siyasi, hərbi əməkdaşlıqlar mühüm əhəmiyyət kəsb edir”.