Sosial medianın internetdən kənar həyatda əlaqələr qurma qabiliyyətinə mənfi təsir göstərmədiyi ortaya çıxıb. Məlum olub ki, bu kanallardan tez-tez istifadə edən uşaq və gənclər sosial həyatlarında da son dərəcə aktivdirlər.
Hafta.az-ın Phys.org-a istinadən yazdığına görə, valideynlər övladlarının sosial şəbəkələrdən çox istifadə etmələri ilə onların sosial bacarıqlarının geridə qalacağından, psixi sağlamlıqlarına və özünə inamlarına mənfi təsir göstərəcəyindən narahatdırlar. Digər tərəfdən, bəzi əvvəlki araşdırmalar göstərir ki, bu proqramlar dostlarla yaxınlaşmağa və yeni dostluqlar qurmağa imkan verə bilər.
Sosial mediada uzun müddət qalmağın əslində oflayn həyatda münasibətlərə mənfi təsir edib etmədiyi sualını verən yeni araşdırmada “Trondheim Early Secure Study” adlı hərtərəfli araşdırmanın məlumatlarından istifadə edilib. Məlumat bazasında 10-18 yaş arası təxminən 800 uşaq haqqında məlumat olub.
“Computers in Human Behavior” jurnalında dərc edilən araşdırmada sosial mediadan tez-tez istifadə edən uşaqların həftədə bir neçə axşam dostları ilə üz-üzə görüşdükləri qeyd olunub. Tədqiqat üçün məsul müəllifi olduğu Norveç Elm və Texnologiya Universitetinin Psixologiya Departamentindən Silje Steynsbekk deyir: "Biz sosial mediadan çox istifadə edən insanların dostları ilə daha çox oflayn vaxt keçirdiklərini görürük".
Digər tərəfdən, sosial medianın sosial bacarıqlara xüsusilə müsbət təsir göstərdiyini göstərən heç bir nəticə əldə edilməyib. "Sosial media sosial qarşılıqlı əlaqənin yeni sahəsidir və bəziləri sosial mediadan istifadənin sosial bacarıqların inkişafına mane olduğunu iddia edərkən, digərləri bunun əksini, sosial bacarıqları inkişaf etdirə biləcəyini iddia edir" deyib Steynsbekk və əlavə edib: "Biz bunlardan hər hansı birini dəstəkləyən heç bir şey tapmadıq".
Alimlər hələ də sosial medianın dostluqlara müsbət təsirinin tədqiqatın əsas tapıntısı ilə bağlı ola biləcəyini düşünürlər.
Tədqiqatçılar bu nəticələrin bütün uşaqlar üçün keçərli olmadığını da bildirirlər. Araşdırma nəticəsində müəyyən edilib ki, sosial anksiyete pozğunluğu əlamətləri olan uşaqların sosial mediadan intensiv istifadəsi onların sosial bacarıqlarının azalmasına səbəb ola bilər. Bununla belə, Steynsbekk vurğulayır ki, bu əlaqə çox da güclü deyil və əlavə araşdırmalar aparılmalıdır.
Əvvəlki araşdırmalar sosial narahatlığı olan insanların internet üzərindən daha asan əlaqə qura bildiyini göstərsə də, bu insanların sosial media asılılığı kimi risklərə qarşı daha həssas olduğu da müəyyən edilib.
Bu nəticələrin valideynləri arxayınlaşdıracağına ümid etdiyini bildirən Steynsbekk texnologiyanın sürətli inkişafının araşdırmalara bəzi maneələr yaratdığını əlavə edir: “Bu gün 10 yaşı tamam olan uşaqları müayinə edib izləsək, nəticələrin eyni olub-olmayacağını 2032-ci ildə 18 yaşına çatana qədər bilmək mümkün deyil".