Yasamal rayonunun “Sovetski” kimi tanınan məhəlləsində bir müddətdir, söküntü işləri dayandırılıb. Hafta.az məsələni aydınlaşdırmaq üçün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumdan aldığımız məlumata görə, burada bütün işlər mərhələli şəkildə həyata keçirilir. Hazırda isə prosesin ilkin iki mərhələsi uğurla başa çatdırılıb:
“Hər bir mərhələ üçün Nazirlər kobinetinin qərarı olur. Qərarda hansı ünvanların söküləcəyi qeyd ediləcək. Lakin, bununla bağlı hələ ki bir qərar yoxdur. Ayrılan büdcənin miqdarı da, qərardan sonra müəyyənləşir”.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində söküntü başlayıb. İşlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb.
2017-ci ilin sonlarına təsadüf edən, söküntü işlərinin II mərhələsində isə, 13 hektar ərazidə, 1920 ev sakinlər ilə əldə edilmiş razılığa əsasən satın alınıb. Burda növbəti söküntü işlərinin nə vaxt başlayacağı isə, hələlik məlum deyil.