Soyan və qazandıran koronavirus aşıları - Araşdırma

13:52 10.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ortalama 1 ildir ki, koronavirus pandemiyası dünyanı əsirə çevirib. Artıq 118 milyondan çox adam virusa yoluxub ki, onlardan 2,6 milyon nəfərdən artığı dünyasını dəyişib. Əlbəttə, müsbət xəbərimiz də var – 94 milyon insan yoluxduğu bu xəstəlikdən sağalaraq normal həyata qayıdıb.

İndi bir maraqlı məqam var: dünyanın bir neçə biotexnologiya şirkəti koronavirus əleyhinə aşı hazırlayaraq bazara çıxarıb. Hər şirkətin aşısı digərindən həm tərkibinə, həm qiymətinə, həm də adicə saxlanma tələblərinə görə fərqlənir. Məsələn, “Pfizer” aşısı mənfi 70 dərəcə temperaturda saxlanılmalıdır ki, tərkibi pozulmasın. İndi baxaq görək, hətta ala bildiyi təqdirdə dünyanın çox ölkəsi bu aşını harada saxlayacaq, necə mühafizə edəcək ki, keyfiyyətini itirməsin? Axı istənilən ölkə bu aşını tətbiq etmək üçün gərək bütün şəhərlərdə mənfi 70 dərəcə temperatur şəraiti olan soyuducu sistemlərinə malik olsun. Afrikanın və ya Asiyanın zəif inkişaf etmiş, yoxsul ölkələrində isə ya bu şərait yoxdur, ya da onu yaratmaq üçün əlavə vəsait və texniki imkanlar tapmalıdır. Hansı ki, belə dövlətlərin heç aşı almağa pulları yoxdur.

Rusiyanın “Sputnik V” və ya Çinin “SinoVac” aşıları isə əksinə, həm qiymətdə ucuzdur. Həm də saxlanılması üçün elə bir çətin şərait tələb eləmir. Burada başqa bir problem yaranır – siyasi təzyiqlər. ABŞ və Avropanın sənaye dövlətləri inkişaf etməkdə olan ölkələri hər cür vasitələrlə məcbur edirlər ki, rus və Çin aşılarını deyil, onların məhsullarını alsınlar. Hətta təzyiqlər fayda verməyəndə, Qərb informasiya kanalları rəqib aşıları keyfiyyətsiz olmaqda, guya virus təhlükəsini aradan qaldırmamaqda ittiham edərək, başqa ölkələrin cəmiyyətlərində şübhə yaradırlar.

Yeri gəlmişkən, Qərb qütbünün Rusiya və Çin aşılarını gözdən salmaq üçün yürütdüyü siyasəti artıq neçə aydır açıq hiss edirik.

Nəticə bu cürdür: bir illik pandemiya dövründə aşı şirkətləri milyardlarla dollar sərvətə sahib olublar. Yəni pandemiya dövründə itirdikləri vəsaitin bir hissəsini məhz aşı satışı yoluyla geri qaytarmağa başlayıblar.

İndi də gəlin haqqında söz açdığımız şirkətlərin timsalında müəyyən qism dövlətlərin qazanclarını ayrı-ayrılıqda nəzərdən keçirək.

“Pfizer”

ABŞ-ın dərman şirkəti “Pfizer”lə Almaniya firması “BioNTech”in ortaq istehsal etdiyi, rəsmi adı “Comirnaty” olan aşı “mRNA” texnologiyası əsasında hazırlanılb. Amma saxlanılma tələblərinə görə aşılar arasında ən çətin və maliyyətlisidir. Bu aşı mənfi 70 dərəcədə saxlanılıb mühafizə olunmalıdır. Dünyada ilk təsdiqini almış bu aşıdan ümumilikdə 780 milyon doza sifariş verilib. ABŞ 3,9 milyard dollar vəsait ödəməklə 200 milyon, Avropa İttifaqı isə 300 milyon doza alıb. Bu aşının iki dozası ABŞ-a 39, Avropa İttifaqına isə 30 dollara satılıb. Pfizer/BioNTech aşısından 40 milyon dozanın da COVAX vasitəsilə yoxsul ölkələrə göndəriləcək. “The Guardian”ın yazdığına əsasən, bu çərçivədə “Pfizer/BioNTech”in ötənilki müqavilələrdən ortalama 25 milyard dollar qazandığı düşünülür. Təxminlərə görə, firma ötən il 2 milyard dozadan çox aşı istehsal edə bilib. “The Guardian”a görə, “Pfizer”in hissələri son 12 ayda 1,8, “BioNTech”inki isə 1,6 dəfə bahalaşıb. Gəlirlərin iki firma arasında bərabər bölünəcəyi qeyd edilir. “BioNTech”in qurucuları olan Uğur Şahin və Özləm Türecinin isə ötən il milyarderlər siyahısına girdikləri bildirilir.

“Moderna”

ABŞ-da fəaliyyət göstərən biotexnologiya şirkəti “Moderna”nın hazırladığı, “mRNA” seriyasından və mənfi 20 dərəcədə saxlanması lazım olan iki dozalıq aşı da bazarda özünə möhkəm yer edib. Artıq İngiltərə 17 milyon doza alıb. Avropa İttifaqı isə 310 milyon doza almaqla yanaşı, daha 150 milyon dozanı 2022-ci ildə alacağına dair şirkətlə niyyət protokolu imzalayıb. ABŞ-ın özü bu aşıdan 300 milyon, Yaponiya 50 milyon doza sifariş edib. Maraqlıdır ki, “Moderna” iki doza aşını ABŞ-a 30 dollara, Avropa İttifaqına isə 36 dollara satıb. Məlumata əsasən, “Moderna”nın 2021-ci ildə aşı satışından 20 milyard dollar qazandığı təxmin edilir. Şirkətin səhmlərinin pandemiya dövründə 4 dəfə bahalaşdığı bildirilir. Xüsusilə də, şirkəti yaradıldığı vaxt dəstəkləyənlərin çox böyük gəlir götürdükləri bildirilir. Yalnız şirkətin səhmlərinin 9 faizinə sahib olan 48 yaşlı fransalı CEO Stefano Bancelin varidatı 5 milyard dollar yüksəlib.

“Johnson & Johnson”

Amerika firması olan “Johnson & Johnson”un adenovirus texnologiyasına əsaslanan aşısı, şirkətin Belçikadakı alt qurumu olan “Janssen” tərəfindən istehsal edilib. Bu, günümüzədək iki yerinə bir doza vurulan yeganə aşıdır. Üç ay ərzində standart soyuducuda saxlanıla bilir. İndiyədək ABŞ-la yanaşı Avropa İttifaqı və İngiltərə böyük həcmdə sifarişlər veriblər. Məlumata əsasən, ABŞ hər dozasına 10 dollar olmaqla – 1 milyard dollar ödəməklə 100 milyon doza sifariş edib. Üstəlik, daha 200 milyon aşı üçün də öhdəliyə dair müqavilə bağlayıb. İngiltərə isə ilk etapda 30 milyon doza sifariş edib, 22 milyon aşı üçün isə öhdəlik sazişi bağlayıb. Avropa İttifaqı isə daha çox – 400 milyon aşı sifariş edib, əlavə olaraq da COVAX vasitəsilə daha 500 milyon doza aşı alaraq yoxsul ölkələrə paylayacaq. “Johnson & Johnson”un 2021-ci ildə ümumilikdə 10 milyard dollarlıq məhsul satması planlaşdırılıb. Firmanın hissələri pandemiya dövründə 7,7 faiz bahalaşıb.

“AstraZeneca”

“Adenovirus vector” texnologiyasına əsaslanan “AstraZeneca” aşısı, İngiltərənin Oksford Universiteti tərəfindən istehsal edilib. Soyuducuda aşağı temperaturda saxlanılan bu aşının ən böyük alıcıları İngiltərə, Avropa İttifaqı və ABŞ-dır. Firmanın 2021-ci ildə 3 milyard dollarlıq aşı satması planlaşdırılıb. Qeyd edilir ki, əgər şirkət illik 3 milyard doza vaksin istehsal etmə gücünü aşarsa, parallel olaraq satışda artım olacaq. Firmanın fərqli ölkələrlə bağladığı müqaviləyə əsasən, iki doza aşının qiyməti 4,30 dollarla 10 dollar arasında dəyişir. “AstraZeneca” pandemiya dövründə gəlir götürmək məqsədilə hər hansı bahalaşmaya getməyəcəyini açıqlasa da, firmanın səhmləri sürətlə bahalaşmaqdadır. Son məlumata görə, indiyədək səhmlər 8,6 faiz dəyər qazanıb.

“SinoVac”

Dünya aşı bazarında özünəməxsus yeri olan vasitələrdən biri də Çində istehsal edilən “SinoVac”dır. Bu aşı artıq yarım ildən çoxdur ki, Çində əhaliyə tətbiqlənməkdədir. O cümlədən, Azərbaycanda və qardaş Türkiyədə də əsasən bu vaksindən istifadə olunmaqdadır. Azərbaycan və Türkiyə ilə yanaşı, Braziliya, İndoneziya, Çili, Sinqapur, Malayziya, Filippin və sair kimi onlarla ölkə “SinoVac” aşısı üçün artıq böyük həcmdə sifariş verib. Eyni zamanda, adıçəkilən şirkət, COVAX vasitəsilə də 10 milyon doza aşı satmağı planlaşdırır. “The Guardian”a görə, “SinoVac”ın 2021-ci ildə bir neçə milyard doza aşı satması gözlənilir. Aşının iki dozası Çinin bəzi şəhərlərində 60 dollara satılsa da, firmanın İndoneziyadakı ortağı “Bio Farma” eyni aşının iki dozasını 27,20 dollardan – 40 milyon doza aldığını bildirib. Pandemiya dövründə “SinoVac”ın hissələri də 21,6 faiz dəyər qazanıb.

“Sputnik V”

Rusiyada bazara çıxarılmış “Sputnik V” aşısı, günümüzdə Rusiya ilə yanaşı Macarıstan və Slovakiyada da kütləvi şəkildə insanlara tətbiq edilir. Avropa İttifaqı Komissiyasının martın 4-də verdiyi qərara əsasən bütün üzv ölkələrə Rusiya (eyni zamanda Çin) aşısı almaq səlahiyyəti verilib. Bundan başqa, İran, Əlcəzair, Belarus, Serbiya, Argentina, Boliviya, Fələstin, Venesuela, Paraqvay, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Meksika - 50-dən artıq ölkə “Sputnik V” aşısı sifariş verib. “The Guardian”a görə, 2021-ci ildə “Sputnik V” bazarında milyardlarla dollarlıq satışın olacağı gözlənilir. Rusiya hökumətindən verilən məlumata görə, “Sputnik V” ölkə daxilində havayı, xarici bazarda isə iki dozasının ümumi qiyməti 20 dollardır. İndiyədək xarici ölkələrdən təxminən 1,2 milyard dollarlıq aşı sifarişi alan Rusiya yaxşı qazanc da əldə edib. Rusiyanın rəsmi şəxslərinin dediklərinə görə, Moskva bir il ərzində aşı satışına dair müqavilələrlə 24 milyard dollar gəlir götürüb ki, bu da ölkənin bir ildə silah satışından qazandığı vəsaitin iki qatı deməkdir. Belə ki, Rusiya 2020-ci ildə silah satışından 10-13 milyard dollar qazanıb.

“Novavax”

Amerika firması “Novavax”ın hazırladığı aşı rekombinant protein texnologiyasına əsaslanır. Firma var qüvvəsini bu ilin ilk yarısında məhsulunu bazara çıxarmaq üçün İngiltərə və ABŞ-dan icazə almağa yönəldib. Hardasa 30 ildir fərqli aşı araşdırmaları aparan və indiyədək təsdiqlənmiş aşısı olmayan “Novavax”la, Avropa İttifaqı, Kanada, İngiltərə və Avstraliya artıq müqavilə bağlayıb. Məlumata görə, Novavax, aşısı təsdiqini aldığı təqdirdə 300 milyon doza tədarük edəcək. “Financial Times” yazır ki, aşının Afrikada hər dozasının 3 dollara satılması haqda qərar da qəbul edilib. Bu aşının da zəif tərəfi odur ki, ancaq aşağı mənfi tempraturda saxlanılmalıdır. “Novavax”dan bəyan ediblər ki, təsdiqləndiyi halda bu ilin sonunadək ümumilikdə bir neçə milyard doza aşı satmağı hədəfləyiblər. Əslində şirkətin bazar sarıdan problem yoxdur. Çünki Hindistanın serium şirkəti ilə ortaqlığa sahibdir. Bu səbəbdən də Hindistan əsas bazardır. Pandemiya dövründə şirkətin səhmləri 12 dəfəyədək bahalaşıb. “Novavax”ın ən böyük sərmayədarı və aşı məqsədilə qurulmuş fondun rəhbərləri isə Vanguard və BlackRockdur.

“CureVac”

Almaniya biotexnologiya şirkəti “CureVac” da hazırladığı aşı ilə məşhurlaşmaqdadır. Maraqlıdır ki, şirkət hələ son sınaqları keçirir, məhsulu ən tezi apreldə bazara çıxarmağı planlayıb. Amma indidən sifarişçiləri kifayət qədərdir. Hansı ki, hələlik ərazisində yerləşdiyi Avropa İttifaqı bu aşının etibarlığını təsdiq etməyib, yəni onun bazara çıxmasına icazə verməyib. Amma əvvəlcədən sifariş qəbul etmək göstərir ki, şirkət ilk başdan Avropa dünyasının xeyir-duasını alıb. Bu arada, Avropa İttifaqı artıq adı olan, özü isə hələ ortalıqda görünməyən “mRNA” qrupundan olan bu vaksindən 225 milyon doza sifariş edib. Yalnız bununla kifayətlənməyib, 180 milyon doza almaq üçün də danışıqlar gedir. “CureVac”ın aşısı digər “mRNA” aşılarından fərqli olaraq soyuducuda - təyin olunacaq soyuq tempuraturda saxlanmalıdır. “CureVac” bəyan edir ki, onun istehsal edəcəyi aşı əvvəlkilərdən fərqli olaraq daha güclü tərkibə malik olacaq. Yəni bu aşını tətbiq edəcək insan koronavirusun yeni formaları qarşısında da dözüm göstərəcək. Şirkətin aşını neçəyə satacağı bəlli olmasa da, ancaq “CureVac”, sərmayədarlarının yaxşı gəlir götürmək istədiklərini bildirib. Yəni heç də maya dəyərinə satmayacaqlarını vurğulayıb. Qısası, aşısı ortada olmayan şirkətin səhmləri son bir ildə artıq 45,5 faiz dəyər qazanıb. CureVac-ın ən böyük hissədarı (80 faiz) yazılım firması SAP-dır. Bu firmanın sahibi olan alman milyarder Dyetmar Hoppun şəxsi varidatının məhz aşı söhbəti çıxandan sonra artaraq 12 milyard dolları keçib.

Oxunma sayı 2186