Şrtixkod haqqında nə bilirik? - Araşdırma

12:38 13.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu kodlardan hazırda Azərbaycan da daxil olmaqla, dünyanın 100-dən çox ölkəsində istifadə olunmaqdadır

Ştrixkod və ya barkod. Yəqin ki, tez-tez marketlərdən alış-veriş edənlər aldıqları məhsulun üzərindəki barkodu görməmiş deyil. Hansı ki, kassaya yaxınlaşdığımız zaman həmin barkodun üzərinə tutulan şüa vasitəsilə malın qiyməti avtomatik olaraq hesablanır. Qeyd edək ki, ştrix kod hər hansısa bir malın Avropa nişanıdır. Yəni əmtəə və istehsalçıların indentifikasiya, fərqlilik şifrəsidir.

Müasir dövrdə barkodlar bütün istehsal sahələrində istifadə olunur və  adətən, 13 rəqəmli kodlaşdırma sistemi ilə nömrələnir. Barkodda qeyd olunan 13 rəqəm özündə ayrı-ayrı məlumatlar daşıyan 4 hissəyə bölünür. Belə ki, ilk 3 rəqəm istehsalçı ölkəni təmsil edir. Məsələn Azərbaycanın barkod şifrəsi 476-dır. Qonşu ölkə Rusiyada bu rəqəm 460-469, Almaniyada 400-440, Çində isə 690-695 arasında dəyişir. Barkodda göstərilən növbəti 4 rəqəm istehsalçı şirkəti, digər 5 rəqəmli kombinasiya isə məhsulun kodunu bildirir. Sonuncu hissə - yəni yerdə qalan tək rəqəm isə barkodun cihaz vasitəsilə oxunmasını təmin edir. Ilk vaxtlarda barkod anbarlarda yığılıb qalan mallar üzərində nəzarəti daha da asanlaşdırmaq məqsədi ilə istifadə olunurdu. Lakin zaman ötdükcə barkodun üzərinə düşən vəzifələr də çoxalmağa başladı.

Ştrixkodla ilk satılan məhsul nə olub?

Məlumat üçün bildirək ki, ağ-qara rəngli şaquli zolaqlardan ibarət olan bu şifrələmə sisteminin yaranması, ötən əsrin ortalarına təsadüf edir. Barkod ilk dəfə 1948-ci ildə Amerikanın Dreksel Universitetinin aspirantı Bernard Silver tərəfindən yaradılıb. Belə ki, yerli market şəbəkələrindən birinin sahibi universitet dekanlarından məhsul və onun nəzarəti haqqında avtomatlaşdırılmış hesablanma sistemi hazırlamalarını xahiş edir. Bunu eşidən Bernard Silver dostlarını da başına yığaraq müxtəlif markalaşdırma mexanizmləri tətqiq etməyə başlayır. İlk barkod sistemini onlar Morze əlifbası əsasında, sahildə qum üzərində yaradırlar. Barkod 1972-ci ildə patentləşdirilib. Bəzən barkodlar görməyə öyrəşdiyimiz standart formasından fərqlənə də bilərlər. Bu kimi hallarda isə çaşmaq lazım deyil. Belə ki, istehsalçı şirkətlərin dizaynerləri fəqlilik yaratmaq üçün malların üzərindəki barkodlarda öz məharətlərini göstərə də bilirlər. Barkodlu məhsulun ilk satışı isə 1974-cü ildə baş verib və bu məhsul saqqız olub.

Kodların 300-dən çox tipi var

Barkod dediyimiz işarə hazırda Azərbaycan da daxil olmaqla dünyanın 100-dən çox ölkəsində istifadə olunmaqdadır. Ştrixli kodların 300-dən çox tipi mövcuddur. Müxtəlif tiplərdə müxtəlif kodlaşdırma alqoritmləri istifadə olunur.

Hər alqoritmin məlumatın minimal və maksimal həcmləri, ştrixkodun ölçüsünə məhdudiyyəti və s. kimi xüsusiyyətləri var. Ştrixkodların müxtəlif tipləri öz üstünlüklərinə və çatışmamazlıqlarına malikdirlər və konkret tətbiq sahəsi nəzərə alınmaqla hazırlanıblar. Məsələn, EAN-13 kodu. Bu, rəqəmli məlumatların kodlaşdırılması üçün 13 rəqəmli ştrixkoddur. Adətən, EAN-13 kodu əmtəələrin və xidmətlərin identifikasiyası üçün istifadə olunur. İTF-14 kodu. Bu məhsulların təchizatında ticarət vahidi kimi müəyyən sayda eyni məhsuldan ibarət qrup qablaşması olur. Adətən, bu cür qablaşdırmaya, müstəqil ticarət vahidi kimi ayrıca əmtəə nömrəsi verilir. Eyni məhsulun qrup identifikasiyası üçün ITF-14 (İnterleaved 2 of 5) simvolikasından istifadə edərək nəqliyyat qablaşmasına vurulan İTF-14 strukturlu əmtəə nömrəsi istifadə edilə bilər. ITF-14 simvolikası isə satış kassasından keçirilməyən məhsullara vurulur. Çox vaxt bu, eyni məhsul qrupu, qutular, poddonlar və s. olur. ITF-14 kodu düzbucaq çərçivədə olur və bu, ştrixkodu kənar nişanların müdaxiləsindən qoruyur.  EAN-8 kodu. Bu kod da rəqəmli məlumatların kodlaşdırılması üçün istifadə olunur. EAN-8 kodu EAN-13 ştrixkodunun ixtisar olunmuş variantıdır. EAN-8 kodu 13 rəqəmdən yox, 8 rəqəmdən ibarət olduğu üçün onun ölçüləri də EAN-13 kodundan kiçikdir. Üzərində tam EAN-13 ştrixkodunun yerləşdirilməsi mümkün olmayan kiçik mallar üçün istifadə edilir. GS1-128 kodu - EAN-13-dən fərqli olaraq GS1-128 kodunda yalnız kodlaşdırma dili unikaldır. GS1-128-in qurulması üçün CODE-128 əlifbasından istifadə olunur. Bu o deməkdir ki, “CODE-128” əlifbasında rəqəmlərlə yanaşı hərfləri də ştrixlərlə ifadə etmək mümkündür. Əgər «GS1-128» deyilirsə, kodlaşdırma əsasında konkret malın və ya yükün yekün kodlaşdırılması sistemini nəzərdə tutur. 128 rəgəmi GS1-128-ə CODE-128-dən keçib, CODE-128-də isə həmin əlifbanın göstərə biləcək simvolların miqdarını ifadə edir, demək olar ki, ASCII (American Standart Code for Information Interchange, ing.) standartın bütün 128 simvolunu ifadə edir.

Ştrixkod neçəyədir?

Qeyd edək ki, barkodlar hazırda dünyanın 113 ölkəsini özündə birləşdirən və baş ofisi Belçikada yerləşən GS1 Assosiasiyası tərəfindən verilməkdədir. GS1 Assosiasiyasının hər bir ölkə üzrə barkodları təqdim edən milli operatorları fəaliyyət göstərir. Azərbaycanda barkod almaq istəyənlər "GS1 Azerbaijan" adlandırılan milli operatora müraciət edərək, barkod əldə edə bilərlər. Hazırda Azərbaycanda Avropa kodlaşdırma sistemi kimi məlum olan EAN-13 (European Article Numbering) sistemindən istifadə edilir. “GS1 Azərbaycan” Assosiasiyası tərəfindən verilən xüsusi ştrixkodlar reyesterə daxil edilir və bu ştrixkodlardan yalnız onun sahibi istifadə hüququna sahib olur. Başqa şəxslərin həmin ştrixkodlardan istifadəsi mümkün deyil. Yəni, hər bir ştrixkodun dünya miqyasında unikallığı təmin edilir.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən “GS1 Azerbaijan”ın icraçı direktoru Səbinə Əliyeva bildirib ki, 1999-cu ilin may ayının 11-də Berlində EAN-International (hal-hazırda GS1 adlanan) Assosiasiyasının Baş Assambleyasında EAN-Azərbaycan (hal-hazırda GS1 Azerbaijan adlanan) yekdilliklə bu təşkilata üzv qəbul olunub və ona 476 prefiksi ayrılıb: “Bu prefiks "GS1 Azərbaijan" Cəmiyyətinə Respublika üzrə "Ştrixkod Depozitariyasının" aparılmasına imkan yaradır. Yəni, GS1 təşkilatı "EAN" və "GS1" əmtəə nişanların Azərbaycan Respublikasında istifadə hüquqlarını "GS1 Azərbaijan" Cəmiyyətinə verib. "GS1 Azərbaijan" respublika ərazisində fəaliyyət göstərən müəssisələrə və fərdi sahibkarlara aid olan əmtəələrə ştrixkod nömrələrin beynəlxalq standartlara uyğun paylanmasına və qaydalara riayət edilməsi xidmətini göstərir. Belə əmtəə nömrələmə ştrixkod standartları beynəlxalq GS1 təşkilatı tərəfindən hazırlanır və dəstəklənir. Onu da qeyd edim ki, “GS1 Azerbaijan” ölkəmizdə GS1 Beynəlxalq Assosiasiyasının üzvü kimi çıxış edən və müəssisələrin GS1 beynəlxalq sistemdə qeydiyyatını təmin edən yeganə təşkilatdır”.

İcraçı direktor vurğulayıb ki, ştrixkod simvolunun rəng seçiminin ən optimal kombinasiyası ağ fonda qara zolaqdır:  “Əgər istehsalçı digər rənglərdən istifadə etmək istəyirsə, bəzi məqamlara diqqət yetirməlidir. Simvolun zolaqlarının rəngini tünd rənglərdən (məsələn, qara, tünd mavi, qəhvəyi və ya tünd yaşıl) seçmək tövsiyə olunur. Ştrixkod simvolunun açıq sahələri üçün açıq rənglərdən (məsələn, ağ rəngdən) istifadə etmək mümkündür. Açıq fonda əlavə olaraq "qırmızı" çalarlı rəngləri də istifadə etmək olar. Bu cür rənglərə sarı və narıncı, çəhrayı, şaftalı kimi rəngləri aiddir. Ştrixkod skanerlərin əksəriyyətinin şüasının qırmızı rəngdə olduğunu nəzərə alaraq, simvolun zolaqlarının fonu üçün qırmızı rəngdən istifadə etmək məsləhət deyil. Ştrixkodun fonu, adətən, çap olunmur.  Əgər şrtixkodun fonu çap olunarsa, mütləq onun rəngi zolaqların rəngindən kontrastlığına görə fərqlənməlidir. Qara zolaqlar və açıq boş sahədən istifadə etməklə, istehsalçı ən yaxşı optimal seçimi etmiş olacaq”.

S.Əliyeva öz açıqlamasında onu da qeyd edib ki, hazırda bəzi yerli istehsalçıların ştrixkodlarının lisensiya müddəti başa çatsa da, bazarda həmin istehsalçıların məhsullarına rast gəlinir: “Bu ciddi qanun pozuntusudur. Ştrixkodların istifadə müddəti 1 ildir. Bunun üçün birinci il qeydiyyatdan keçən hüquqi şəxslər illik 450, fiziki şəxslər isə 350 manat ödəyirlər. Növbəti il hüquqi şəxslər 350, fiziki şəxslər isə 250 manat ödəməli olurlar”.

İcraçı direktor həmçinin bildirib ki, əgər xaricdə istehsal olunan hansısa məhsul Azərbaycanda qablaşdırılarsa, ona ştrixkod olaraq Azərbaycana məxsus 476 prefiksi verilir: “Tutaq ki, düyünü götürək. Aydın məsələdir ki, xaricdən Azərbaycana düyü ixrac olunur. Bu məhsulun əksəriyyəti topdan gətirilir və Azərbaycanda qablaşdırılır. Bizim həmin məhsula Hindistan və ya Pakistanın prefiksini vermək ixtiyarımız yoxdur. Düzdür, həmin məhsul üzərində istehsal olunduğu yer qeyd olunur. Amma qablaşdırma Azərbaycanda həyata keçirildiyindən məhsula 476 prefiksi vurulur”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, hazırda istehlakçılar aldıqları məhsulun hansı ölkəyə məxsus olduğunu müxtəlif proqramlar vasitəsilə öyrənə bilərlər: “Hazırda barkodlar optik skaner vasitəsilə də oxuna bilər.

"Ağıllı telefon" istifadə edən hər kəs barkodları bir neçə saniyə ərzində oxumaq imkanına sahibdir. Bunun üçün telefona "barkod oxuyucu" tətbiqini yükləmək lazımdır. Bundan sonra telefonunuzdakı "barkod oxuyucu"nu aktivləşdirərək, kameranı məhsulun üzərindəki barkod işarəsinə yaxınlaşdırmaq lazımdır. Məhsul saxta deyilsə, "barkod oxuyucu" tətbiqi sizi həmin məhsul barədə məlumatların yer aldığı mənbəyə yönəldəcək”.

Ekspert vurğulayıb ki, bəzi yerli istehsalçılar ştrixkodun istifadə müddətinin başa çatmasına baxmayaraq həmin ştrixkodla təkrar məhsul istehsal edirlər: “Bazarda belə məhsullar var. Mənə də bu barədə barkodu verən şirkət məlumat verib. Məsələn Bizim Yaylaya məxsus  “Gədəbəy şor”, Aysu Qida Sənaye LTD yə məxsus “Buta ” şirniyyatı” və s. İstehlakçılar bu məsələdə diqqətli olmalıdırlar”.

Yeri gəlmişkən, hazırda Azərbaycanda mağazalarda ən çox məhsulu olan ölkələrin ştrix kodları bunlardır. Azərbaycan 476, Türkiyə 869 , Gürcüstan 486, İran 626, Ukrayna 482, Rusiya 460-469, ABŞ 000-139, Fransa 300-379, İtaliya 800-839, Almaniya 400-440, Çin 690-695, Yeni Zellandiya 940-949".

Oxunma sayı 1495