Sualtı qayığa aid məxfi sənədlər bar tualetində tapıldı

12:35 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri barların tualetində 1,3 milyard funt sterlinq dəyərində olan sualtı qayıqla bağlı "həssas" məlumatların yer aldığı sənədin tapılmasından sonra araşdırmaya başlayıb.

Hafta.az-ın “The Sun”a istinadən yazdığına görə, HMS Anson nüvə sualtı qayığına aid sənədlər İngiltərənin şimal-qərbindəki Kumbraya şəhərindəki “Furness Railway” barının tualetində tapılıb. Bildirilib ki, sözügedən bar sualtı qayığın inşa edildiyi “BAE Systems” şirkətinin tərsanəsinin yaxınlığında yerləşir.

Tapılan sənədlər birbaşa tədqiq edilməsə də, “The Sun”a danışan və kimliyini açıqlamayan donanma rəsmisi bunların məxfi məlumatları ehtiva etməyən təlim sənədləri olduğunu deyib. "Biz bütün təhlükəsizlik məsələlərinə son dərəcə ciddi yanaşırıq və sənədlərin ora necə düşdüyünü araşdıracağıq", - bildirib.

“The Guardian” da sualtı qayığın sxemlərini ehtiva edən sənədlərdə “yalnız məmurlar üçün” yazıldığını bildirib. Yuxarıda qeyd olunan ifadəni ehtiva edən sənədlər “məxfi” sənədlərin alt kateqoriyasına daxildir.

Qeyd edək ki, sənədlərdə əks olunan Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin ən qabaqcıl nüvə sualtı qayıqları sinfi olan “Astute”ə aid 97 metr uzunluğundakı HMS Anson fevralda suya endirilib. 7,8 min ton ağırlığında olan döyüş gəmisi Şotlandiyanın Klayd şəhərindəki dəniz bazasındadır.