Beynəlxalq Valyuta Fondu (BVF), süni intellektin qlobal məşğulluğa mümkün təsirləri haqqında "Süni intellekt və işin gələcəyi" adlı hesabat dərc edib.
Hafta.az-ın yazdığına görə, hesabatda qeyd olunub ki, süni intellekt qlobal iqtisadiyyatı kökündən dəyişdirməyə hazırdır və bəzi şərhçilər bunu yeni sənaye inqilabına bənzədirlər.
Hesabatda süni intellektin iqtisadiyyatlara və cəmiyyətlərə təsirini proqnozlaşdırmağın asan olmadığına diqqət çəkilərək, xüsusilə məşğulluq bazarında məhsuldarlığı artıracağını vəd edən süni intellektin bəzi işlərdə insanları əvəz edə biləcəyi qeyd edilir.
Süni intellektin qlobal məşğulluğun 40 faizinə təsir edəcəyi vurğulansa da, bir çox inkişaf etməkdə olan iqtisadiyyatların daha az problem yaşaya və eyni zamanda süni intellektin üstünlüklərindən daha az faydalana biləcəyi ifadə olunub.
Hesabatda bu vəziyyətin ölkələr arasında gəlir bərabərsizliyini daha da pisləşdirə biləcəyi barədə xəbərdarlıq edilir və vurğulanır ki, orta səviyyəli işçilərə təsir göstərən əvvəlki avtomatlaşdırma dalğalarından fərqli olaraq, süni intellektin yaratdığı ixtisar risklərinə yüksək maaşlı işçilər də daxildir.
Mövzu ilə bağlı məqalə də yazan BVF prezidenti Kristalina Georgieva, süni zəkanın məşğulluq bazarında yarada biləcəyi təhlükəyə diqqət çəkərək, “Əksər ssenaridə süni intellekt ümumi bərabərsizliyi daha da pisləşdirəcək. Bu, texnologiyanın sosial gərginliyi daha da gücləndirməsinin qarşısını almaq üçün siyasətçilərin erkən müraciət etməli olduğu narahatedici tendensiyadır" bildirib.
Ölkələrin hərtərəfli sosial tədbirlər görməsinin həyati əhəmiyyət daşıdığını vurğulayan Georgieva, “Bu yolla dolanışıq vasitələrini qorumaq və bərabərsizliyi azaltmaqla süni intellekt keçidini daha əhatəli edə bilərik” deyib.