Süni intellekt sahəsində Cənubi Qafqazda liderik

19:51 15.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün elm və texnologiyanın sürətli inkişafı müxtəlif sahələrdə süni intellekt həllərinin tətbiqinə şərait yaradıb. İstəsək də, istəməsək də, süni intellekt həyatımızda Siri və Alexa kimi proqramlaşdırılmış səsli köməkçilərdən tutmuş, özü idarə olunan avtomobillərə qədər həyatımızın müxtəlif sahələrində özünü büruzə verir. Yaradıldığı gündən barəsində optimist və pessimist fikirlər səslənsə də, süni intellektin bu gün texnologiyanın inkişafında mühüm yer tutması şübhəsizdir.

Süni intellekt nədir?

Qeyd edək ki, süni intellektin (artificial intelligence, AI) əsası keçən əsrin ortalarında qoyulub. O, insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların, intellektual proqram, sistem və robotların yaradılmasını özündə ehtiva edir. Süni intellekt riyazi elm və texnologiya olaraq ən çox investisiya qoyulan və maraq doğuran sahələrdəndir. Hazırda aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye və digər sahələrdə daha geniş istifadə olunur.

İntellektə malik maşınlar və digər süni aparatlar barədə yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlinir. Avtomatlaşdırılmış maşınlar Heron, ə-Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən təqdim edilib. Hələ eradan əvvəl IV əsrdə yaşamış Aristotel süni intellekt düşüncəsinin əsasını təşkil edən “sillogizm” nəticələr nəzəriyyəsinin əsasını qoyub. Roman Llull özünün “Ars Maqna” adlı məntiq aparatını 1275-ci ildə ixtira edib. “Süni intellekt” ifadəsi isə ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. Yeni elmi istiqamət kimi süni intellektin tarixi 20-ci əsrin ortalarından başlayır. Kompüter elminin atası sayılan riyaziyyatçı, kriptoqraf, informatika elminin yaradılmasında böyük rol oynayan ingilis alim Alan Turinq isə süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə “Mind” jurnalında çap etdirib. Turinqin bu ideyası hazırda “Turinq testi” adlandırılır və süni intellektin yaradılmasında gedən araşdırmalarda ondan hələ də istifadə olunur. Test kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Onun bu yanaşması süni intellekt araşdırmalarının ən ibtidai forması idi, halbuki, indi SİRİ kimi proqramlar vasitəsilə kompüterlə ünsiyyət qurub ondan cavablar almaq artıq heyrət doğurmur. Həmçinin şahmat oyununda kompüterə uduzmaq da normal hal sayılır. Mütəxəssislər süni intellektin üç növü olduğu qənaətindədirlər. Bunlar məhdudlaşdırılmış süni intellekt, ümumi süni intellekt və süni super intellektdir.

Dünya ölkələrində süni intellekt həlləri

Bu gün süni intellektdən istifadə etməklə artıq sürücüsüz idarə olunan avtomobillər yaradılır. Beş ölkədə süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyət göstərən “Google” şirkətinin yaratdığı pilotsuz avtomobillər ABŞ yollarında sınaqlardan da keçirilib. Bu ağıllı avtomobillər xeyli məsafə qət edərək, bir dəfə də olsun, yol hərəkəti qaydasını pozmayıb və qəzaya uğramayıb.

Bundan başqa, robotlar ictimai asayişi qoruyan polisləri də əvəz edə bilirlər. Belə bir təcrübədən Dubayda istifadə olunur. Robot polislər şəhərdəki alış-veriş mərkəzlərinə və turistlərin ziyarət etdiyi yerlərə nəzarət edirlər.

Süni intellekt elektrik enerjisinin oğurlanmasına da qarşı mübarizə aparır. Müvafiq alqoritm Lüksemburq Universitetinin ekspertləri tərəfindən hazırlanaraq 2020-ci ildə Braziliyada uğurla sınaqdan keçirilib.

Çində isə süni intellekt texnologiyaları müxtəlif sektorlarda, o cümlədən səhiyyə sistemində geniş istifadə olunur. Aparıcı klinikaların arxiv məlumatları əsasında yaradılmış CDSS (Clinical Decision Support System) sistemi regionlarda həkim çatışmazlığını aradan qaldırmağa kömək edir. Həmin sistemdə həkimlər simptomları və müxtəlif yardım variantlarını görə bilirlər, bu isə müalicə prosesini tezləşdirir. Bu, xüsusilə işə təzə başlayan mütəxəssislər üçün daha əhəmiyyətlidir. Bundan başqa, süni intellekt əsaslı virtual asistent proqramı həkim müalicəsinə əlavə olaraq 7/24 iş rejimində konsultasiya xidməti göstərir. Bu zaman anonimliyə icazə verildiyindən xəstələr həssas məsələlərini söyləməkdə daha rahat olurlar. Real həkimdən fərqli olaraq, süni intellekt xəstənin sözünü kəsmir və ona narahatlığını ətraflı təsvir etməyə imkan verir.

Çinin bir çox şəhərlərində yol hərəkətinin effektivliyinin artırılması üçün süni intellekt əsaslı sistemlərdən istifadə edilir. Ölkənin texnologiya nəhəngi “Baidu”nun hazırladığı ağıllı işıqforlar şəhərlərdən birində səhər və axşam vaxtı pik saatlarda gözləmə vaxtını 30 faizə kimi azaldıb. Həmin cihazlar nəqliyyat və sərnişin axınları barədə məlumat toplayaraq onları təhlil edir və yol situasiyasını proqnozlaşdırmaqla hərəkəti optimallaşdırır.

Azərbaycanda süni intellekt

Qeyd edək ki, dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün də bu texnologiyaların inkişaf etdirilməsi vacibdir. Süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Azərbaycan süni intellekt laboratoriyası yaradılıb. Qurum həm də süni intellekt sahəsində mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət aparır. Bu, milli kadr bazasının formalaşdırılmasında vacib rol oynaya bilər. Lakin sadəcə bacarıqlı kadr yetişdirməklə iş bitmir. Süni intellekt sahəsində elmi-tədqiqat mərkəzləri yaradılmalı, süni intellekt sahəsində ixtisaslaşan startapların vençur fondlarına çıxmasına dövlət dəstəyi artırılmalıdır. Bu cür startapların maliyyələşməsində iştirak edən özəl şirkətlərə hər hansı formada vergi preferensiyalarının verilməsi əhəmiyyətli stimul rolu oynaya bilər.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisad elmləri namizədi, dosent Elçin Süleymanov deyib ki, süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, iqtisadiyyat, psixologiya, optimallaşdırma, məntiq və bir sıra başqa sahələri əhatə edir: “Süni intellekt təbiət elmləri və mühəndislikdən başlayaraq, bir çox sahədə geniş şəkildə istifadə olunur. Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilir. Müasir dünyada kompüterlərin insan beyni kimi fəaliyyət göstərməsinə imkan verən süni intellektin mürəkkəb innovativ texnologiyası sosial həyatımızın müxtəlif sferalarına inteqrasiya edərək cəmiyyətin innovativ inkişafında mühüm rol oynayır. Hazırda dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələri süni intellektə əsaslanan yüksək innovativ texnoloji məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün külli miqdarda maliyyə vəsaiti sərf edir. Son illər telekommunikasiya, elektron ticarət, nəqliyyat, səhiyyə, maliyyə və digər istehsalat sahələrində olduğu kimi, artıq innovativ sahibkarlıq sahəsində də süni intellekt məhsullarının tətbiqinə geniş yer verilir”.

Süni intellektin informasiya texnologiyaları sahəsinin mövcud istiqamətləri arasında ən çox gəlir gətirən sahələrdən biri olduğunu deyən E.Süleymanov bildirib ki, süni intellektin inkişafı ölkələrin iqtisadiyyatında diversifikasiyanın gücləndirilməsinə təkan verir: “Süni intellekt proqramlarını danışa və hərəkət edə bilən robot kimi hər gün qarşımızda görməsək də, gündəlik həyatımızda həmin texnologiyadan istifadə edirik. Bu elm aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunur. Süni intellekt böyük vaxt tələb edən məsələlərin həllində effektivdir, o, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir. Süni intellekt tətbiq olunan zaman xətaların başvermə ehtimalı yoxdur, eləcə də ondan kosmos və okeanın dərinliklərinin araşdırılmasında istifadə edilir”.

Azərbaycanın Cənubi Qafqazda süni intellektin tətbiqinə görə öz liderliyini qoruyub saxladığını deyən E.Süleymanov əlavə edib ki, ölkəmizdə süni intellektin tətbiqinin hər il daha da artacağının göstəricisi əvvəlki nəslə nisbətən yeni nəsil əhalinin internet texnologiyalarından daha məhsuldar istifadə edə bilmə potensialıdır: “Hazırda orta və ali təhsil müəssisələrində təhsil alan iki milyona yaxın şagird və tələbə müasir informasiya texnologiyalarından daha məhsuldar istifadə edir. Texnologiya nəsli olan bu “Z” nəsli süni intellekt imkanlarının genişlənməsinə müsbət təsir edəcək. Sadəcə, hökumətin üzərinə düşən vəzifə bu nəslin bilik və bacarıq potensialını daha da inkişaf etdirmə proqramlarını artırması üçün işlər görməkdir”.

Oxunma sayı 163