Şuşa Bəyannaməsi müstəqiliyimizi əbədiləşdirdi - Cümşüd Nuriyev

14:15 19.06.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu sənədlə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı

Tanınmış politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Həftə içi” əməkdaşı ilə növbəti söhbətində Şuşa Bəyannaməsinin gələcəyə yönlənmiş tezisləri barədə diqqətəlayiq fikirlər ifadə edib. Ermənistanda bazar günü –iyunun 20-də keçiriləcək erkən parlament seçkiləri haqda proqnozlarını səsləndirib.

-Cümşüd bəy,Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İrandan ibarət altılı platformadan danışarkən bir növ Rusiya Prezidenti V.Putinə xitabən belə bir fikir işlətdi: “Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin də eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək". Sizcə, cənab Ərdoğanın “Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”  deyiminin siyasi-diplomatik açması nədir?

-Bu cümlənin açması ondan ibarətdir ki, birincisi,  Ərdoğan Şuşaya NATO-nun Brüsseldəki toplantısından sonra gəldi.  Bununla Türkiyə lideri diplomatik dillə dedi ki, mən buraya NATO toplantısından gəldim. Bu, həm də o deməkdir ki,  Ərdoğan Qarabağa başda ABŞ olmaqla NATO-dan dəstək aldıqdan sonra gəlib. Düzdü, Türkiyənin bu blokdakı son rolunu ümumi şəkildə yalnız Əfqanıstanda hava limanının qorunmasıyla bağladılar. Əslində isə hal-hazırda Türkiyə ABŞ-dan sonra ikinci hərbi gücə malik olduğuna görə NATO-nun sözçüsü statusundadır.  Bir sözlə, bütün bunlar Rusiya liderinə bir mesajdır ki, gəl normal dolanaq.  Yəni sən bütün hər şeyi əlinə keçirməyə çalışma. Biz sənin ümumi siyasi maraqlarına hörmət edə bilərik, amma gəl, Azərbaycana rəhbərlik etmək haqda düşünmə...

- Şuşa Bəyannaməsinin  Azərbaycan və Türkiyənin, ümumiyyətlə, Türk dünyasının gələcəyinə istiqamətlənmiş əsas tezisləri sizcə hansılardır?

-Birincisi, Şuşa Bəyannaməsi dünya durduqca Azərbaycanın müstəqiliyini əbədiləşdirdi. Bu, birmənalıdır. İkincisi, bu sənəd son 100 ildə  Azərbaycanın Türk dünyasına inteqrasiyasının  hüquqi bazasını yaratdı. Üçüncüsü, 1918-ci ildən bu yana ilk dəfə olaraq Azərbaycan Türkiyə ilə hərbi müstəvidə əməkdaşlıq elan etdi.  Burada həm təhlükəsizliyin təmin olunması, həm də müdafiə sənayesinin yenidən formalaşdırılması məsələlərini vurğulamaq gərəkdir. Dördüncüsü, Azərbaycanla Türkiyə arasında quru üzərindən çox sərfəli nəqliyyat-komunikasiya dəhlizinin – Zəngəzur dəhlizinin yaradılması qətiləşdi. Bu, o deməkdir ki, Azərbaycan yalnız Naxçıvana deyil, eyni zamanda yüz ildən çoxdur ayrı düşdüyü Türkiyəyə birbaşa qovuşacaq. Bütün bunların fonunda  beşincisi və gələcək baxımından bəlkə də ən əsası,  Şuşa Bəyannaməsi ilə birmənalı şəkildə Turan Birliyinin yaradılmasının birinci hüquqi addımı atıldı. Çünki hazırda paralel olaraq Özbəkistanda türkdilli dövlətlərin ombudsmanlarının yığıncağı keçirilir. Və orada ilk dəfə olaraq türkdilli ölkələrin insan hüquqları üzrə müvəkkilliyinin katibliyi yaradılır. Bu da o deməkdir ki, türkdilli dövlətlər hüquqi müstəvidə də vahid statusla çıxış etməyə başlayır. Məhz Jirinovski də ona görə can-fəşanlıq edir ki, Ermənistan və Tacikistan Rusiyanın milli maraqları və təhlükəsizliyi çərçivəsindədir. Çünki Rusiya üçün Tacikistan Orta Asiyanın “Ermənistanı”,  Ermənistan isə Güney Qafqazın, yəni Azərbaycanla Gürcüstanın “Tacikistanı” statusundadır... Amma bütün bunlara rəğmən kimsə artıq Turanın yaradılmasının qarşısını ala bilməyəcək. Çünki türkdilli dövlətlərin artıq Parlamenti var, onların hal-hazırda Astanada fəaliyyət göstərən Akademiyası, diplomatik sahədə Qara dəniz Əməkdaşlıq Təşkilatı kimi birlikləri var. Və artıq dediyimiz kimi, Şuşa Bəyannaməsi ilə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı. Yəni 2009-cu ildən bəri Azərbaycan və Türkiyənin apardıqları siyasət nəticəsində bu Birliyin bütün siyasi, hüquqi, iqtisadi və hərbi bazası bu və yadigər şəkildə formalaşdırılıb. Yaxın bir neçə il ərzində Turan artıq mövcud olacaq. Yəqin ki, bu, Avropa İttifaqı şəklində bir qurum olacaq. Yəni yarı dövlət, yarı beynəlxalq təşkilat... Amma Avropa İttifaqının bir problemi var ki, oradakı 27 dövlətin hərəsi bir dildə danışır. Amma Turanda bizləri birləşdirən neçə amil var: dil, soykök,  mədəniyyət və din...

- Bəs Rusiya  minlərlə kilometrlik cənub sərhədləri boyu Turan Birliyinin yaranmasını rahatca qəbul edəcəkmi?

-Rusiya ciddi düşünməlidir. Məşhur türkəsilli filosof Lev Qumilyovdan bəri Rusiyanın bir dualizm nəzəriyyəsi var. Bunu 1988-1990-cı illərdə Azərbaycanda rəhmətlik Aydın Məmmədov çox güclü təbliğ edirdi... Yəni pravoslav  rus xristianlığı və islam türk ikiliyi şəklində bir Avarasiya Birliyi yaradılmasından söhbət gedir. Burada söhbət ruslarla türklərin səmimi olaraq eyni hədəfə vurmasından gedir. Əgər hazırkı Rusiya lideri Putin həmin dualizm nəzəriyyəsinə əməl etməsə,  Rusiya bir neçə yerdən yox, 10-15 yerdən parçalanacaq. Yəni bütünlüklə  Rusiya dövlət kimi mövcud olmaq istəyirsə,  Turan məsələsində Türkiyə və Azərbaycanın qarşısında durmamalıdır. Bunu Ərdoğan Azərbaycanın tarixən xarici işğallara qarşı döyüşkən bir mərkəzi olmuş Şuşadan  gizli bir mesajla bəyan etdi... Buna subliminativ mesaj deyirlər... Şuşa tarixən iki dəfə xəyanətin qurbanı olub. Amma bu dəfə artıq xəyanətə imkan verilməyəcək...

-Necə düşünürsüz, Putin bundan sonra ikiüzlülük edib özünün dostu sayılan Robert Köçəryan kimilərin seçkilərdə qələbəsinə birbaşa dəstək verərək  Ermənistanda revanşist qüvvələrin qələbəsini təmin edə, onların 10 Noyabr razılaşmasını pozmasına göz yuma və sonra deyə bilərmi ki, Rusiya nə edə bilərdi, demokratik seçki oldu, qalib gəldilər, indi də  Azərbaycanın Qarabağı azad etməsiylə  razılaşmırlar...   

-Köçəryan və onun kimilərin hakimiyyətə qayıtma ehtimalı çox aşağıdır. Məsələ ondadır ki. Köçəryan gəlsə də belə, Ermənistan artıq ayın 21-i növbəti mitinqlərə hazırlaşır.  Paşinyan bəyan elədi ki, biz seçilməsək, ölkədə heç nə alınmayacaq. Düzdü, Rusiya  hazırda Ermənistanda 3 qüvvə ilə çıxış edir və səs çoxluğunu götürməyə çalışır. Amma Putin bir şeyi başa düşsün ki, Azərbaycan da onu yaxşı tanıyır, dünyada onu yaxşı tanıyır.  Və əgər Putin yenə eyni ağılla hərəkət eləsə, nəticə Rusiya üçün heç də yaxşı olmayacaq. Onsuz da hazırkı durum Rusiyanın sonuna aparır. Kremlin Azərbaycan və Türkiyəyə qarşı qeyri-səmimi davranışları isə onun tam sonuna gətirə bilər. Çünki Azərbaycan da əvvəlki Azərbaycan deyil. Amma biz istəmirik Rusiya ilə qarşıdurmaya gedək. Onların buradakı əlaltıları, rusbaşlılar, “5-ci kalon”-filan, o cümlədən “Haykanuşun uşaqları”  hələ də “bəlkə qaytardılar” mövqeyindən çıxış edirlər. Fəqət,  dərk etmirlər ki, artıq o qatar getdi. Düzdü, Azərbaycanda  Rusiya və Ermənistana işləyən “5-ci kalon”un hələ də xeyli gücü var. Son araşdırmalarımıza görə, Azərbaycanda yüksək vəzifələrin və qanunverici orqanın mandatlarının 19 faizi erməni kökənlilərdədir. Rusiyaya gəldikdə parlamentdə onun gücü bəlkə də 50 faizdən çoxdur... Amma bütün bunlar Azərbaycan-Türkiyə birliyi qarşısında duruş gətirə bilməz...

-Maraqlıdır ki, Azərbaycan dövləti Putinin Ermənistandakı seçkilərdə iştirak edən digər dostu, bacısı Bakıda ərdə olan Rusiya Erməniləri İttufaqının rəhbəri, erməni milyarderi Ara Abramyan haqda İnterpol vasitəsilə axtarış elan edib...

-Bu, çox müsbət haldır. Əslində bilavasitə  Azərbaycanla bağlı olan erməni şirkətləri var ki, onlar haqqında da tədbir görülməlidir. Məsələn, Rusuyanın erməni ruporu jurnalist, aparıcı Marqarita Simonyanın “UBER” şirkəti...  Son araşdırmalarımıza görə, hazırda Bakıda ermənilərlə bağlı azı 5 şirkət fəaliyyət göstərir. Bunların hamısının kökünü qurutmaq gərəkdir..

-Paşinyan bir neçə gündür, seçicilərlə görüşlərində deyir ki, “ bizim şərtlər  qəbul olunmayacağı halda Zəngəzur dəhlizinin açılmasından söhbət gedə bilməz”. Yəqin ki, bu, seçkiqabağı gedişdir, yoxsa?..

-Sözsüz ki, bu, seçkiqabağı daxili auditoriyaya hesdablanmış  bir çıxışdır. Çünki artıq Şuşa Bəyannaməsi ilə də Azərbaycan Türkiyə ilə həmin dəhlizin açılmasının hüquqi bazasını qoydu. İkincisi də, Paşinyan heç yana qaça bilməz. Çünki Zəngəzur dəhlizinin açılması haqda iki sənədə imza atıb: həm 10 noyabr 2020-ci ildə, həm də 11 yanvar 2021-ci ildə. Ermənilər istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq. Ancaq indi hələlik ona qarşı çıxış etmək Paşinyana bir siyasi gediş üçün lazımdır. Özü də belə görünür ki, Ermənistan əhalisinin əksəriyyəti Paşinyana səs verəcək. Düzdü, ola bilər, bu səslər 50 faiz olmasın. Amma Paşinyan da küçədən gəlmiş bir adamdır və hər yola gedənin biridir. Ona görə də o, Ermənistanın baş bəlasıdır. Bizim neçə illər görə bilmədiyimiz işləri o gördü, “sağ olsun”. Ona uğurlar arzulayırıq...

- Amma Paşinyan “Sorosun uşağı” hesab olunduğundan onun seçkilərdə qalib gəlməsi  əvvəlki onilliklərdə Azərbaycan üçün  də müəyyən təhlükələr yaratmış Sorosun Qafqazda, o cümlədən Bakıda mövqelərinin yenidən güclənməsinə gətirib çıxara bilər. Bu haqda nə düşünürsüz?

-Bəli, Paşinyanın “Sorosun uşağı” olmasından əvvəl onu da nəzərə almaq lazımdır ki, Rusiyanın  Ermənistanda hərbi bazası, Qarabağda silahlı qüvvələri olsa da, ABŞ-ın da  dünyada ən böyük səfirliyi Ermənistandadır.  Təsəvvür edin ki, cəmi 2 milyona yaxın əhalisi olan Ermənistan səfirliyindəki diplomatların sayı milyardlıq, yüzlərlə milyonluq  əhalisi olan Çin, Hindistan, Rusiya kimi ölkələrdəkindən çoxdur. Sahəsinə görə ən böyük səfirlik İraq paytaxtı Bağdaddadırsa, əməkdaşlarının sayına görə birinci yerdə İrəvandakı səfirlikdir. 2021-ci ilin yanvarına olan məlumata görə, hazırda həmin binada 2500 amerikalı əməkdaş fəaliyyət göstərir. Moskvadakı ABŞ səfirliyində isə vur-tut  450-455 əməkdaş var. Ermənistan kimi kiçik bir ölkədə 2500 nəfərlik səfirlik faktiki olaraq qeyri-leqal bir informasiya bazası deməkdir... Bu da Vaşinqton üçün İrəvanın strateji əhəmiyyətini göstərir. Odur ki, ABŞ, o cümlədən Amerika dərin dövlətinin aləti olan Soros  Paşinyanın arxasında var gücü ilə dayanaraq Ermənistandakı mövqelərini verməməyə çalışacaq. Bu, birmənalıdır...

Azərbaycana gəldikdə, hətta Ermənistanda Paşinyanın qalib gələcəyi halda belə, Bakıdakı Soros “uşaq”larının mövqeyi və imkanları İrəvandakılar kimi güclü deyil. Çünki Azərbaycandakı nümayəndələrini yalnız qrantla maliyyələşdirən  Soros, Ermənistandakı adamlarını birbaşa maliyyələşdirir və onlar birbaşa hakimiyyət daxilində açıq şəkildə fəaliyyət göstərirlər... Bizimkilər isə hamısı qarmaqdan asılı vəziyyətdədir...

Oxunma sayı 1438