Şuşada yaşamağı çox istəyirəm - Xatirə Sərdarqızı

10:55 28.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin ildönümünü yaşayırıq. Belə bir ərəfədə Azərbaycanın haqq səsinin, həqiqətlərin dünyaya çatdırılması hər birimizin vəzifəsidir. Xüsusilə bu işdə media nümayəndələri daha fəal olmalıdır. “Real TV”nin Avropa bürosunun rəhbəri, jurnalist və ictimai fəal Xatirə Sərdarqızı kimi... Bu günlərdə Niderlandda müsahibimizin müəllifi olduğu Şuşa zəfərindən bəhs edən “28” filminin möhtəşəm təqdimatı keçirildi. Ondan əvvəl isə Haaqa şəhərində beynəlxalq ədalət məhkəməsinin qarşısında soydaşlarımızın aksiyası reallaşdı. Hafta.az-ın ”Xüsusi müxbir” rubrikasının qonağı “Real TV”nin Avropa bürosunun rəhbəri, jurnalist və ictimai fəal Xatirə Sərdarqızı ilə bu və digər məsələlərlə bağlı maraqlı söhbətimiz alındı. Buyurun, siz də oxuyun:  

- Xatirə xanım öncə “28” filminin necə ərsəyə gəlməsi, ideyası barədə məlumat verməyinizi istərdik...

- Film 28 il sonra Şuşaya qayıdışdan – mənim real həyat hekayəmdən bəhs edir. İdeya olaraq ilk dəfə Şuşada əsgərin mənə evimizi göstərdiyi videogörüntüdən sonra yarandı. 12 yaşımda Şuşadan çıxanda uşaqlığımı orada qoymuşdum.

“28” filmini müxtəlif festivallara göndərərək daha geniş auditoriyaya 12 yaşlı uşağın timsalında Azərbaycan xalqının Qarabağ müharibəsində başına gələnləri göstərmək istəyirik

Buna görə də Şuşa üçün yaddaşlarda qalacaq nələr isə etmək istəyirdim. Hazırda Avropada yaşayıram, övladlarım burada böyüyür. Təəssüflər olsun ki, biz unutqan xalqıq. 10 il sonra hamının, xüsusən də gənc nəslin yaddaşından nə vaxtsa torpaqlarımızın işğal edilməsi, soydaşlarımızın qaçqın-məcburi köçkün olması silinə bilər. Ona görə də bu yolla, özümdən sonra xatirə qoymaq istədim. Həm də “28” filmini müxtəlif festivallara göndərərək daha geniş auditoriyaya 12 yaşlı uşağın timsalında Azərbaycan xalqının Qarabağ müharibəsində başına gələnləri göstərmək istəyirik.

- Bu işdə sizə daha çox kimlər dəstək verdi?

- Ən böyük dəstəkçim “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar birliyinin rəhbəri Maisə Ağamirzəyeva və Diasporla İş Üzrə Dövlət Komitəsi oldu. Niderlandda, Haaqa şəhərinin Valliant teatırında 3 gün öncə filmin təqdimatı baş tutdu.

Təqdimatda Azərbaycanın Niderlanddakı fövqaladə və səlahiyyətli səfiri Fikrət Axundov, Azərbaycanı sevən niderlanddılar, dost təşkilatlar iştirak etdilər. Təqdimatın ardından onlar bizə yaxınlaşıb necə dərindən sarsıldıqlarını, təsirləndiklərini, bu qədərini təsəvvür etmədiklərini və bundan sonra müharibə gerçəkləri ilə bağlı daha geniş araşdırma aparacaqlarını dedilər. Elə bizim filmi çəkməkdə və onu festivallara göndərməkdə əsas məqsədimiz də o idi ki, geniş auditoriyaya Qarabağ müharibəsi ilə bağlı həqiqətləri çatdıraq.

- Bir neçə gün əvvəl soydaşlarımızın Haaqada beynəlxalq məhkəmə qarşısında aksiyası keçirildi. Aksiyada qarşıya qoyulan məqsədə nail ola bildikmi?

- Məlum olduğu kimi, Azərbaycan Ermənistana qarşı irqi ayrı-seçkiliklə bağlı vəsatət qaldırıb. Bu vəsatətlə bağlı məhkəmə prosesi artıq başlayıb. Proses 18-19 oktyabrda 2 gün davam etdi. Biz burada yaşayan azərbaycanlılar olaraq oktyabrın 19-da “Vətənə dəstək” aksiyası üçün 10 saatlıq icazə aldıq. Oraya həm Azərbaycan və erməni tərəfinin nümayəndə heyəti, həm də vəkillər və hakimlər gəlirdilər. Binaya daxil olanların, prosesə qatılanların azərbaycanlıların öz Vətəninə, torpaqlarına necə dəstək olduqlarını görmələrini istədik. Buna görə də 10 saatlıq aksiyaya icazə aldıq. Aksiya insanların məhkəməyə gəldiyi andan etibarən başladı.

Orada üzərində “Qarabağ Azərbaycandır” yazısı olan böyük bir çadır da qurduq. İş günü olmasına baxmayaraq, 10 saat ərzində 150-dən çox azərbaycanlı aksiyada iştirak etdi. Biz növbəli şəkildə əlimizdəki plakatlarla aksiyada dayandıq. Nümayəndə heyətimiz də orada idi. Heyətə başçılığı xarici işlər nazirinin müavini Elnur Məmmədov edirdi. Səfirimiz Fikrət Axundov proseslərdə iştirak edirdi. Bütün bunlar baş verən zaman Azərbaycan vətəndaşları dəstəyini göstərmək məqsədilə Haqq və Ədalət Məhkəməsinin qarşısında dayanmışdı. Məhkəmə sona çatdı, hakimlər hər iki tərəfin iddialarını dinlədikdən sonra yaxın zamanda qərarlarını açıqlayacaqlarını bildirdilər. Təbii ki, bu qərar bütün məhkəmə prosesinə aid deyil, təxirəsalınmaz tədbirlərlə bağlı qərarlar veriləcək. Hələlik heç bir xəbər yoxdur.

- Təxminən, bir il əvvəl Avropanın bir sıra ölkələrində azərbaycanlılar və ermənilər qarşılıqlı aksiyalar keçirirdilər. Siz də aksiyaların birində çox ciddi xəsarət almışdınız. İndiki aksiyalarla 1 il əvvəlki arasında nə fərq var?

- Düzünü deyim, müharibə zamanı ermənilər daha çox aqressiv idilər. 28 sentyabrda onlar bizim səfirliyin qarşısında aksiya planlaşdırmışdılar. Bizə xəbər gəldi ki, onlar həmin toplanışı təxirə salıblar, yəni artıq əvvəlki kimi deyillər. İndi ermənilərin məğlubiyyətini qalib xalqın nümayəndələri olaraq çox dərindən hiss edirik. Bəzi azərbaycanlılar deyirdi ki, iş yerindəki ermənilər müharibədən əvvəl hər içəri daxil olanda bizə yuxarıdan-aşağı baxırdılar. Ancaq müharibə başlayandan sonra başlarını aşağı salmışdılar. Gözlərini qaldırıb bizə baxa belə bilmirdilər. İndi bizim statuslarımız dəyişib. Onlar hər zaman aqressiv olublar, ancaq indi əvvəlkindən daha sakitdirlər. Bizdən öncə onlar məhkəmə önündə aksiya təşkil etmək istəmişdilər. Gördük ki, aksiyaya yalnız 2 nəfər gəlib, onların da hərəsi bir plakat tutub, 1 saat dayanıb çıxıb getdilər.

Tovuz hadisələrindən sonra xaricdə yaşayan azərbaycanlılar heç vaxt olmadığı qədər sıx birləşdi. Vətənə dəstək deyən kimi, siyasi baxışından asılı olmayaraq, hər kəs bir araya gəlir. Yəni biz cəmləşəndə, yağışa, soyuğa heç nəyə baxmırıq. Mən öz uşaqlarımı uzun yol səbəbi ilə səhər saat 5-dən oyandırıb axşam saat 11-ə qədər orada saxlamışam.

- Bir il əvvəl belə aksiyalar keçiriləndə Avropa ölkələrində soydaşlarımız çox ciddi əngəllərlə üzləşirdilər. Bəs indi vəziyyət necədir?

- Ümumiyyətlə, soydaşlarımızın Niderland polisinin yanında çox yaxşı etimadı var. Sizə deyim ki, 10 saatlıq aksiyada polis bircə dəfə günorta gəlib hər şeyin qaydasında olub-olmadığını soruşdu, nəyəsə ehtiyac olsa deməyimizi söylədi. Biz hər zaman aldığımız icazədə nə yazırıqsa, o cür də aksiya təşkil edirik. Məsələn, 27 sentyabrda şəhidləri anma aksiyası çərçivəsində Ədalət sarayının qarşısından Azərbaycan Səfirliyinin qarşısına qədər yürüş etdik. Heç bir problemsiz bizə aksiya üçün icazə verdilər. Ermənilər aksiya təşkil edəndə onların yanına atlarla, velosiped və motosikletlərlə polislər gəlir. Həmin millətin şər-xata olduğunu artıq görüblər. Brüsseldə, hətta Hollandiyanın özündə belə bu aqressivliyin şahidi olublar. Mən heç vaxt bürokratik əngəllərlə qarşılaşmamışam.  Bir dəfə Tovuz hadisələri vaxtı aksiya üçün bizə 2, ermənilərə 7 saat icazə verilmişdi. Etirazımızı qeyd edəndən sonra, hətta 10 saatlıq belə icazə ala bilirik. Bu aksiyaların təşkili, tədbirlərin keçirilməsi və icazələrin alınması işində “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar birliyinin rəhbəri Maisə Ağamirzəyevanın fəaliyyəti xüsusi vurğulanmalıdır. Çünki bütün icazə məsələlərini məhz o həll edir, müraciətləri hazırlayır.  

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin 1 ili tamam olur. Avropada bu qələbə necə qəbul edilir?

- Normal insanlar arasında artıq qəbul olunub. Təbii ki, normal dedikdə medianı, yaxud da siyasətçiləri nəzərdə tutmuram. Bura bizim çevrəmiz, qonşularımız, iş yoldaşlarımız daxildirlər. Hətta heyrətlənirlər ki, 44 gün ərzində qələbə çalmışıq. Tarixini belə gedib araşdırırlar. Avropa insanı öz etdiyi müharibəni belə unudandır. Onlar problemlə yaşayan, onu araşdıran insanlar deyilllər. Bəzən deyirdilər ki, “nəyinizə lazımdır müharibə edirsiniz?, biz də müharibə etmişik, ancaq indi sərhədlərimiz belə yoxdur”. Başa sala bilmirdik ki, siz 80 il əvvəl müharibə edib bitirmisiniz. Bizim davamız isə təzədir.

Təəssüflər olsun ki, hələ də ikili standartı görürük.  Bu da ondan irəli gəlir ki, ermənilər, hətta türklərdən də əvvəl buraya gəldikləri üçün yerli cəmiyyətə dərin inteqrasiya ediblər. Mediada, başqa strukturlarda özlərinə yer tutub, hətta ad, soyadlarını belə dəyişiblər. Yazdığını oxumayınca erməni olduğunu bilmirsən. Ancaq əvvəllə müqayisədə indi mediada yazılan yazılarda bir qədər yumşalma var. Əvvəl daha çox ermənipərəst materiallar verilirdi.  

- Prezident İlham Əliyev Zəngilana son səfərində bəyan etdi ki, 2 həftə sonra Şuşada möhtəşəm zəfər bayramı qeyd ediləcək. Bəs siz öz doğma şəhərinizə nə vaxt səfər etməyi planlaşdırırsınız?

- Əlacım olsa, gəlib bu dəqiqə orada yaşayaram. Çox istərdim ki, gəlim. Bilirsiniz ki, mən həm də Real televiziyasının Avropa bürosunun rəhbəriyəm. Zəfər bayramı ilə əlaqədar burada da silsilə tədbirlər planlaşdırırıq. Bu həftədən başlayaraq, Brüsselə, Vyanaya səfərlərim olacaq. Bu həm ordumuzun, həm diplomatiyamızın, həm də bütöv Azərbaycan xalqının qələbəsidir. Hamımız 44 gün boyu əlimizdən gələni etdik. O ki qaldı Şuşaya, kaş ki dəvət edərdilər, qanadlanıb gələrdim. Şuşada yaşamağı çox istəyirəm.

- Avropada xüsusi müxbir olmaq çətin deyil?

- Çətin deyil. Tək məsələ odur ki, səhəri Brüsseldə açıb gecəni Vyanada sonlandıra bilirsiniz. Evdən bir çıxanda bir də 1 həftə sonra qayıdırsınız. İşimi sevdiyim üçün hətta bundan həzz alıram. Əgər kanalınız sizi dəstəkləyirsə, bu zaman bütün proses asan olur.

- Aldığınız məvacib sizi qane edir?

- Təbii ki, etməsə işləməzdim.

- Avropa və Azərbaycan mediasının müqayisəsini bir də sizdən eşidək...

- Bizdə media bir qədər fərqlidir. Burada saytlar tam başqa istiqamətdə yazırlar. Azərbaycanda ciddi bir iş görürsən, bunu o qədər də paylaşmırlar. Çox mənasız bir insanın şəxsi həyatını bütün gün reklam edirlər. Burada bütün saytların, xəbər portallarınıpn gündəmi həmin günün hadisəsi ilə tənzimlənir. Televiziyalar da həmçinin Azərbaycandakından olduqca fərqlidir. Burada da tok şoular, açıq-saçıq proqramlar var, daha çox isə xəbər üstünlük təşkil edir. Həm də Avropada kanallar bölünüb. Biri sırf şou yayımlayırsa digəri bunun əksinə, xəbər işi ilə məşğuldur.

Oxunma sayı 315