Şuşaya, Ağdama gediş haqqı neçə manat olacaq? - AÇIQLAMA

15:32 14.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır -red.) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır.

Bu barədə mətbuata qurumdan bildirilib. Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir. Bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan edilib. Müsabiqədə iştirak haqqı 50 manatdır. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarındada olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər.

“Daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər”, - deyə AYNA-dan bildirilib.

Bəs, görəsən, bu istiqamətdə gediş haqqı neçəyə olacaq?

Məsələni hafta.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu istiqamətdə avtobuslarla səfərlərin başlaması Azərbaycanın nəqliyyat sferasında yeni bir səhifədir:

 “Əlamətdar haldır ki, artıq Qarabağa, Azərbaycanın ürəyi sayılan Şuşaya müntəzəm avtobus reysləri açılır. Bununla yanaşı Ağdama, Qarabağın iqtisadi mərkəzi olmuş şəhərə də avtobuslarla səfərlərin başlaması Azərbaycanın nəqliyyat sferasında yeni bir səhifədir. AYNA- nın bununla bağlı elan etdiyi müsabiqədən məlum olur ki, hökumət  şəhərlərarası sərnişindaşımada ekoloji təmiz və təhlükəsiz nəqliyat vasitələrinin istismarında maraqlıdır”.

Onun sözlərinə görə, şəhərlərarası sərnişin daşınmada tarif əsasən nəqliyyat vasitəsinin komfortluğundan, tutumundan və səfər məsafəsindən asılı olaraq təyin edilir:

“Bu gün Bakı Beynəlxalq Avtovağzalından 40 nəfərlik dizel və ya benzinlə çalışan avtobusların 400 km məsafədə yerləşən şəhərə bilet qiyməti təxminən  9 manat 50 qəpik təşkil edir.  Lakin Şuşa və Ağadama təşkil olunacaq müntəzəm avtobus reysləri  bu parametrlə ölçülməyə bilər. Qarabağ iqtisadi zonası üçün xüsusi tariflər müəyən edilə bilər. Bu qərarı artıq hökumət verəcək. Onu da deyim ki, bugünkü tariflər ortadır, əlçatandır. Amma biz sözügedən şəhərlər üçün tarifi bugünkü 9.50 ilə ölçsək doğru olmaz. İstismar olunacaq avtobusların komfortu və tutumundan aslıdır. Burada istismar olunacaq nəqliyyat vasitəsi daha təhlükəsiz, komfortlu olacaq. Qiymətlər artıq səfər təşkil olunanda həmin tarixə və vəziyyət uyğun yəqin ki,müəyyən ediləcək. Çünki enerji daşıyıcılarının dünyada qiyməti də burada rol oynayır. Bu gün təyin edilən qiymət sabah aktual olmaya bilər”.