Bakıda Tacikistanın dövlət müstəqilliyinin 33-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
Hafta.az-ın yazdığına görə, Tacikistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Çıxış edən Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon ölkəsinin müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışıb. O, müstəqilliyin ən böyük nailiyyəti olan sülhün, suverenliyin və milli birliyin təmin olunmasında tacik xalqının müdrikliyinin və Prezident Emoməli Rəhmonun rolunu xüsusi qeyd edib.

Diplomat Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini qeyd edib. O, həmçinin münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərinin xüsusi rolunu vurğulayıb.
Azərbaycan hökuməti adından Tacikistan xalqını təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sülh və əmin-amanlıq arzularını çatdırıb.

Nazir, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərimizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. Nazir uğurlu əməkdaşlığın əsasında dövlətlərimizin başçılarının şəxsi dostluq münasibətlərinin, eləcə də ölkələrimizin rəsmilərinin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını söyləyib. Bildirilib ki, həyata keçirilən səfərlər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sazişlər ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.

Sahil Babayev ötən il iki ölkə rəhbərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin əhəmiyyətini qeyd edib.
“Tacikistanın COP29-a töhfə verəcəyindən əminik” deyən nazir bildirib ki, Azərbaycan və tacik xalqlarını tarixi, etnik, mədəni, dini və ortaq dəyərlər birləşdirir. İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq mövcuddur. Münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.

İki ölkə rəhbərinin şəsi dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafında xüsusi rolunu qeyd edən nazir qarşılıqlı səfər və təmasların əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyini bildirib.
May ayında Azərbaycan-Tacikistan Biznes Forumunun keçirildiyini diqqətə çatdıran Sahil Babayev ötən il iki ölkə rəhbərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin əhəmiyyətini qeyd edib.

"Ölkələrimiz arasında 90-dək sənəd imzalanıb. Nəqliyyat, logistika, sənaye, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir. Ölkəmizdə 90-dan çox tacikistanlı tələbə təhsil alır. Azərbaycan Orta Dəhliz layihəsində önəmli rolu olan ölkədir. Tacikistanın da bu layihədə iştirakı ümumi işimizə töhfə vermiş olardı", - deyə nazir vurğulayıb.

O, Tacikistanın Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29-da fəal iştirak etməyə çağırıb və dost ölkənin bu tədbirə töhfə verəcəyindən əminliyini ifadə edib.
Nazir Azərbaycan-Tacikistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.