Tailandın keçmiş baş nazirinə qarşı cinayət işi açılıb

10:30 30.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən 15 illik könüllü sürgündən sonra Tailanda qayıdan keçmiş baş nazir Taksin Şinavatra qarşı monarxiyanı təhqir etmə işinin açıldığı açıqlanıb. Səbəb kimi onun 9 il əvvəl Cənubi Koreya mətbuatına müsahibə verərkən söylədiyi sözlər göstərilib.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, xəbəri dünyaya elan edən baş prokurorun sözçüsü Prayuth Peçarakun da vurğulayıb ki, Şinavatra iyunun 18-də məhkəmə qarşısına çıxacaq: “O, bu gün məhkəməyə gətirilə bilməz, çünki vəkili onun “Covid” olduğunu söylədi”.

Onun vəkili Vinyat Çatmontri Şinavatra haqqında "O, ədalət sisteminə öz günahsızlığını sübut etməyə hazırdır" deyib.

Çulalongkorn Universitetindən politoloq Thitinan Pongsudhirak CNN-ə iddianın siyasi olduğunu və quruluşun təhlükə hiss etdiyini bildirib: “Bu iş Tailandda əsl güc sahibinin kim olması ilə bağlıdır”.

Tailand monarxiyanı qorumaqla bağlı dünyanın ən sərt qanunlarından birinə malikdir. Kral Maha Vajiralonqkornu və ya onun yaxın qohumlarını təhqir etmək 15 il həbs cəzası ilə nəticələnə bilər.

Müxaliflər iddia edirlər ki, bu qanunlar ölkədə siyasi müzakirələrə mane olur və xüsusilə 2020-2021-ci illərdə gənclərin başçılıq etdiyi küçə etirazları ilə həddindən artıq tətbiq edilir. Tailand İnsan Haqları Hüquqşünasları bildirirlər ki, etirazlar başlayandan bəri 270-dən çox adam bu qanunlara görə cəzalandırılıb.

Tailandda monarxiyanı təhqirə görə həbs edilən Netiporn Sanae-sangkhom bu ay "qəfil ürək dayanması" səbəbindən vəfat edib. Bildirilib ki, 28 yaşlı fəal yanvarın 26-dan həbsdə olub və aprel ayına qədər 65 gün aclıq aksiyası keçirib.

2001-ci ildə baş nazir seçilən Şinavatra 2006-cı ildə hərbi çevrilişlə tutduğu vəzifədən uzaqlaşdırılıb, 2008-ci ildə korrupsiya və krala hörmətsizlik ittihamı ilə həbs olunmamaq üçün ölkəni tərk edib və sürgündə yaşamağa başlayıb.

22 avqust 2023-cü ildə 15 ildən sonra ölkəsinə qayıdan Şinavatra şəxsi təyyarəsi ilə paytaxt Banqkokdakı Don Mueang hava limanına endikdən sonra polisin müşayiəti ilə Ali Məhkəməyə aparılıb.

Hakimiyyətdə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və maraqların toqquşması cinayətləri törətdiyi iddiası ilə mühakimə olunduğu üç iş çərçivəsində 8 il həbs cəzası alan 74 yaşlı Şinavatra həbsxanaya göndərilib.

Həbsxanadakı ilk gecəsində döş qəfəsində ağrılar, yüksək təzyiq və qanda oksigen səviyyəsinin aşağı olması şikayətləri ilə xəstəxanaya yerləşdirilən Şinavatra kralın əfvi üçün müraciət edib.

Tailand kralı Maha Vajiralonqkorn da Şinavatranın 8 illik həbs cəzasını 1 ilə endirib. Tailand siyasətinin mühüm siması fevralın 18-də şərti azadlığa buraxılıb.

Keçənilki seçkilərdə 20 ildən artıq müddətdə ilk dəfə olaraq Taksin Şinavatraya bağlı bir partiya parlamentdə ən çox yer qazana bilmədi. Lakin son seçkilərdə ən çox səs toplayan İrəli Hərəkət Partiyası (MFP) koalisiya qura bilməyib. “Pheu Thai” Partiyasının 10 siyasi partiya ilə qurduğu koalisiyanın ortaq namizədi daşınmaz əmlak maqnatı Srettha Thavisin 727 parlament üzvündən 482-nin səsini alaraq baş nazir seçilib.

Şinavatra siyasətdən getdiyini iddia etsə də, gələcək baş nazirlər arasında “Pheu Tay” (Taylar üçün) partiyasına rəhbərlik edən qızı Paetongtarn görünür.

Bəzi ekspertlər hesab edir ki, Şinavatra ölkə quruluşu ilə sövdələşmə edərək geri qayıda bilib. Onun həbsdən belə asanlıqla çıxması buna sübut kimi göstərilib.