Taliban hökuməti Avropa İttifaqından kömək istədi

10:40 06.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda nazir vəzifəsini icra edən Xəlilurrəhman Haqqani Avropa İttifaqının (Aİ) Əfqanıstan nümayəndəliyinin müvəqqəti işlər vəkili Raffaella Yodice ilə görüşüb.

Hafta.az-ın yazdığına görə, Haqqani qeyd edib ki, soyuq qış şəraiti Pakistandan Əfqanıstana qayıdan immiqrantların problemlərini artırıb.

Hazırda təklif edilən təcili yardımın mühacirlərin problemlərini həll edə bilməyəcəyini deyən Haqqani, Aİ-dən sərhəddə qurulan müvəqqəti düşərgələrin daha yaxşı yaşayış şəraiti və infrastrukturu olan daimi düşərgələrə çevrilməsinə yardım etməsini istəyib.

Haqqani həmçinin beynəlxalq yardım təşkilatlarından mənzil və peşə təhsili kimi məsələlərə diqqət yetirmələrini istəyib.

Yodice də görüşdə Pakistanın məcburi köç qərarını tənqid edib və əfqan mühacirlərə yardımın davam etdiriləcəyini vurğulayıb.

Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanla Pakistan arasında təhlükəsizliklə bağlı problemlər yaranıb. İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Taliban isə Pakistanın iddialarını rədd edir və ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını bildirir.

Son aylar iki ölkə arasında bu kontekstdə müzakirələr artsa da, Pakistan hökuməti ölkədə qeydiyyatsız yaşayan və sayı 1,7 milyonu keçən qeyri-qanuni mühacirlərdən Pakistanı tərk etmələrini istəyib. Getməyənlərin deportasiya ediləcəyi açıqlanıb.

Taliban administrasiyasının sözçüsü Zabihullah Mücahid, Pakistanın qərarından sonra indiyədək 450 mindən çox əfqanın Pakistandan öz ölkələrinə qayıtdığını açıqlayıb.

Oxunma sayı 152