Əfqanıstanın İslam Əmirliyinin Etika Nazirliyi mediaya bütün canlıların şəkillərini dərc etməyi qadağan edən qanunu həyata keçirməyə söz verib.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, yerli jurnalistlər deyirlər ki, bu qayda addım-addım həyata keçirilə bilər.
"Qanun bütün Əfqanıstana şamil edilir və insanları canlıların təsvirinin İslam qanunlarına zidd olduğuna inandırmaqla addım-addım həyata keçiriləcək", - Fəzilətin Təbliği və Korrupsiyanın Qarşısının Alınması Nazirliyinin sözçüsü Seyfulislam Hayber deyib.
Qanunda media üçün bir sıra qaydalar, o cümlədən bütün canlıların şəkillərinin dərcinə qadağa qoyulması, nəşrlərin İslamı ələ salmaması və ya ləkələməməsi və İslam qanunlarına zidd olmaması barədə göstərişlər verilir.
“Yeni qanunun müddəaları hələ ki, ciddi şəkildə tətbiq edilməyib və “Taliban” rəsmiləri mütəmadi olaraq sosial şəbəkələrdə insanların şəkillərini yerləşdirməyə davam edir”, - məlumatda deyilir.
1996-cı ildən 2001-ci ilə qədər əvvəlki “Taliban” hakimiyyəti dövründə televiziyaya və canlıların təsvirinə ümummilli qadağa qoyulmuşdu, lakin onlar hakimiyyətə qayıtdıqdan sonra oxşar fərman geniş şəkildə həyata keçirilməyib.