Əfqanıstan baş nazirinin inzibati məsələlər üzrə müavini vəzifəsini icra edən Əbdülsalam Hənəfinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdədir.
Hafta.az-ın yazdığına görə, Hənəfi Özbəkistanın Baş naziri Abdulla Aripov, onun müavini Cəmşid Xocayev, eləcə də Ali Müfti Nuriddin Xaliknazarovla görüşüb. Tərəflər siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər. “Taliban” Daşkəndlə müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsinə ümid etdiyini bildirib.
O cümlədən, AmuTV-nin məlumatına görə, Cəmşid Xocayevlə görüşdə Hənəfi Özbəkistanı mədənçilik, ticarət, kənd təsərrüfatı və nəqliyyat kimi sektorlarda əməkdaşlığı dərinləşdirməyə çağırıb.
Xocayev Özbəkistanın mədənçıxarma, kənd təsərrüfatının inkişafı, ticarət və malların tranzitinin asanlaşdırılması sahəsində birgə təşəbbüslər çərçivəsində Əfqanıstanla əməkdaşlığa hazır olduğunu bildirib.
Qalampir.uz xəbər verir ki, Əfqanıstan nümayəndə heyəti Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatilla İrqaşevin müşayiəti ilə Buxaraya gedib.
“Özbəkistan rəsmiləri görüşlə bağlı hələlik şərh verməyib. Bu, Hənəfinin adının BMT-nin qara siyahısına salınması fonunda baş verir, yəni onun xaricə getməsi qadağandır”, - AmuTV qeyd edir.