“Əfqanıstanda qurulan dini rejim nə dərəcədə islam qaydalarına əsaslanır və demokratikdir”- sualı meydanda. Xüsusilə də qadınların hüquqlarını məhdudlaşdıran bəyanatlar sırasında - mütləq şəkildə çarşaba bürünmə, dövlətin dini şəriət əsasında idarə olunması və sair istiqamətlərdə radikallığın artdığı qeyd olunur. Ekspertlər yeni dövlətin demokratiyadan çox uzaq olduğunu önə çəkirlər.
Əfqanıstanda yaranan dini rejimin regiona təsirləri xüsusilə izlənir. Son dövrlərdə sosial şəbəkələrdə "Azərbaycanda da Talibanda olduğu kimi idarə quruluşu olmalıdır” deyə, çağırışların sayının artması birmənalı qarşılanmır. Ümumiyyətlə, siyasi islamla, dini Taliban arasında ziddiyyətlər nədir?
Bu barədə hafta.az-a açıqlama verən Elşad Miri bir çox mübahisəli məqamlara diqqət çəkib. Onun sözlərinə görə, Talibanın Əfqanıstanda belə hadisələr törətməsi birinci dəfə deyil. E.Miri hesab edir ki, hazırda regionda yeni bir siyasi oyunların təməli qoyulur.
“Taliban Əfqanıstanda öz tərəfdarlarını və yaxud da iqtidarını gücləndirərkən Amerika milyardlarla dollarlıq silahını orada qoyub ölkədən qaçdı. Eyni şəkildə sabah Türkiyə suriyalılara elədiyi kimi əfqanlara da etməsin, yeni köç dalğası başlamasın deyə, İran faktiki olaraq Əfqanıstanla olan sərhəddini bağlamağa başladı. Heç kim düşünmür ki, İran bunu sırf Türkiyə üçün elədi. Özü üçün edir, bilir ki, əfqanlar ora gəldiyi zaman onun üçün də problemlər yaradacaq”.
E.Miri bu prosesi planlaşdırılmış böyük bir oyun adlandırır.
“Faktiki olaraq Amerika İrana girmir, İsrail İranla müharibə başlatmır. Əfqanların məzhəb anlayışından istifadə edərək sabah Talibanla İran üz-üzə qoyulacaq. Biz “qadın haqları, digər insan haqları və sair” məsələlərə diqqət çəkirik. Məgər bu haqlar uzun illərdir İranda pozulmurmu? İranda qadınlar məcburi şəkildə başıörtülüsü taxmaq məcburiyyətində deyillərmi. Kimsə buna qarşı bir səs çıxarırmı? Və yaxud başqa ölkələrdən İrana gedən insanlar özləri başlarını örtmürlərmi? Yəni dövlətin siyasi protokoluna uyğun hərəkət etmirlərmi? Edirlər, çünki müəyyən çıxarlar, mənfəətlər var ki, görüşlər, münasibətlər bunların üzərindən qurulur.
Məsələn, bu gün Türkiyə əhalisinin 99 faizi müsəlmandır. Həmin müsəlmanlardan soruşsanız hansı məzhəbdəndirlər, deyəcəklər hənəfi məzhəbindən. Bu gün də Əfqanısatanda hakimiyyətə gələn Talibandan soruşsanız onlar da özlərini müsəlman, hənəfi adlandıracaq. Hənəfilik budursa və Türkiyədə bu forma qalıbsa buna şükr eləmək lazımdır. Amma Talibanın elədiyinin heç birini heç vaxt İslamla əlaqələndirmək mümkün deyil. Amma realllıq budur ki, bu gün hakimiyyətə gəliblər və hər hansı bir formada müəyyən danışıqlar formasında öz əsaslarını yerinə yetirməyə çalışacaqlar”.
E.Miri Talibanın Əfqanıstanda möhkəmlənməsindən sonra qonşu ölkələrlə müharibə ola biləcəyini istisna etmədi. O, bunu Suriyada, başqa ölkələrdə müsəlmanları bir-birinə qırdırılması ilə əlaqələndirdi. “Kənardan ölkə silahlardırılır. Məsələn, Rusiya, Amerika öz silahını ora satır. Bu prosesin başlanğıcıdır və müsbət nəticə aldıqlarını bildiklərinə görə bunu davam etdirirlər”.
E.Miri son dövrlərdə sosial şəbəkələrdə "Azərbaycanda da Talibanda olduğu kimi idarə quruluşu olmalıdır” deyə çağırışlara diqqət çəkib. O, belə çağırışların islam dininə heç bir aidiyyatının olmadığını deyib.
“Taliban məsləsini bir kənara qoyaq. Gəlin İranın ali dini liderini təqlid edən o dindarlardan soruşaq görək, onlar İranda mövcud olan siyasi rejimin Azərbaycanda olmağını istəyirlər yoxsa yox. Görünən odur ki, bunu istəməyəni müsəlman saymırlar. Biz bunu Talibanla əlaqələndiririk, halbu ki, Azərbaycanın özündə belə bir format yaranır. Buna qarşı təəssüf ki, alternativlərimiz yoxdur.
Bəzən də üzdə hacı və digər titullarla ortaya çıxanlar da başqasının xoşuna gələcək formada davranırlar".
E.Miri bu gün dinlə bağlı Azərbaycanda qorxulu proseslərin getdiyini deyib.