Tarix İndiana Consu təqlid etdi: Petrada sirli məzar tapıldı

09:55 15.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniyanın məşhur qədim Petra şəhərinin simvolu olan əl-Həznənin (Xəzinə) altında türbə aşkar edilib.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, əşyalarla birlikdə yaşı 2 min ildən çox olan ən azı 12 insan skeleti tapılıb.

Amerika Tədqiqat Mərkəzindən (ACOR) Dr. Pörc Paul Kresmanın başçılıq etdiyi arxeoloqlar 2003-cü ildə əl-Haznənin sol tərəfinin altında iki məzar aşkar edildikdən sonra yerin altında başqa otağın olub-olmadığını araşdırırdılar. Yer radarı ilə etdikləri skanlarda iki məzarın yerləşdiyi sol tərəfin sağ tərəfə bənzər xüsusiyyətlər göstərdiyini üzə çıxarıblar. Onlar bu son kəşfi İordaniya rəhbərliyinin icazəsi ilə apardıqları qazıntı ilə ediblər.

Avqustda çəkiliş qrupunun müşayiəti ilə aparılan qazıntılar nəticəsində məlum olub ki, bölgədəki boş məzarlardan fərqli olaraq, yeni tapılan məzarlar doludur. Bütün skelet qalıqları, tunc, dəmir və keramikadan hazırlanmış əşyalarla birlikdə tapılıb. Məhz bu tapıntı ilə eramızdan əvvəl 4-cü əsrdən eramızın 106-cı ilə qədər bölgədə hökmranlıq edən Nəbatilərin həyatı ilə bağlı yeni məlumatların əldə edilməsi gözlənilir.

Coş Qeyts "son dərəcə nadir" olaraq xarakterizə etdiyi tapıntı ilə bağlı deyib: "Petra iki əsrdir arxeoloqlar tərəfindən tədqiq edilsə də, daha əvvəl belə bir şey tapılmamışdı”.

Petra 2000-ci illərin əvvəllərində Dünyanın Yeni Yeddi Möcüzəsindən biri seçilib. Özünəməxsus memarlığı ilə diqqət çəkən binanın məqsədi mübahisəlidir. Ən məşhur nəzəriyyə bu yerin əslində məqbərə olduğunu göstərir. Lakin binanın içində heç bir skelet tapılmayıb.

Hər il yüz minlərlə turistin ziyarət etdiyi yer, 1989-cu ildə yayımlanan İndiana Consdakı Müqəddəs Qrail və Son Səlib yürüşünün yeri olaraq göstərilib.