"Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün həm tarixi, həm də müasirliyi simvollaşdıran Qəbələdə təşkil olunması türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi mövqeyini əks etdirir. Zirvə görüşü təşkilata üzv ölkələr üçün prioritet sahələrdə qabaqcıl layihələr müzakirə etməsinə imkan yaradacaq".
Bu fikirləri Hafta.az-a açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev vurğulayıb ki, təşkilatın əvvəllər keçirilən toplantılarında üzv ölkələr arasında ticarət, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin mədəni və təhsil proqramlarının təşkili kimi məsələlər müzakirə edilib:
"Azərbaycan Prezidenti İlham Əliyev ötən il fevralın 24-də andiçmə mərasimində çıxışı zamanı qətiyyətlə bildirdi ki, “Türk dövlətləri təşkilatı bizim ailəmizdir”. Praktiki olaraq bu ideya həqiqətə çevrilməkdədir. Bu bəyanat strateji istiqaməti ifadə edən aydın mesaj idi. Çünki Azərbaycan türk dövlətləri arasında həm tarixi-mədəni bağların, həm də iqtisadi-strateji körpülərin ən mühüm həlqələrindən biri kimi çıxış edir. Azərbaycan liderinin bu sözləri TDT məkanında qarşılıqlı etimadın, ortaq dəyərlərin və birgə inkişaf yolunun təməl prinsiplərinə çevrilməkdədir. Bugünkü regional reallıqlar, iqtisadi əməkdaşlıq layihələri, nəqliyyat-logistika dəhlizləri, enerji təhlükəsizliyi təşəbbüsləri və mədəni-humanitar inteqrasiya prosesləri göstərir ki, İlham Əliyevin təsbit etdiyi bu konsepsiya artıq praktik məzmun qazanır və türk dövlətlərinin həmrəylik platformasına çevrilir. TDT artıq təkcə mədəni inteqrasiyanın deyil, həm də siyasi koordinasiyanın və təhlükəsizlik əməkdaşlığının önəmli platformasına çevrilib. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini artırır. Bu Zirvə Görüşünün əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” istiqaməti də məhz bu zərurətdən qaynaqlanır. Bu, Türk Dövlətləri Təşkilatının müstəqil təhlükəsizlik gündəliyi formalaşdırmaq niyyətində olduğunu göstərir".
Bəhruz Quliyev əlavə edib ki, Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi TDT-ni getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya ölkələri bu birliyi regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edir:
"Gələcəkdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi, onu yalnız türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında alternativ sabitlik mərkəzinə çevirəcək. Türk Dövlətləri Təşkilatı bu gün üçün siyasi həmrəylik platforması, sabah üçün isə qlobal güc mərkəzi ola bilər. Bu yolda liderlik, iradə və strateji baxış artıq formalaşıb, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək dövrüdür. Bu yol həm də türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir".