12-ci Qəbələ Zirvəsi bir çox mühüm nüanslarla diqqət çəkdi. Xüsusilə, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin birgə hərbi təlimlərdə iştirakı təşəbbüsü maraqla qarşılandı.
TDT-yə üzv dövlətlərin birgə təlimləri nə dərəcədə realdır və nəyi vəd edir?
Azərbaycan siyasi, hərbi ekspertlərlə bu istiqamətdə hafta.az-da təhlillər apardıq.
“Müdafiə, təhlükəsizlik, hərbi əməkdaşlıq TDT-nın təhlükəsizliyinin zəmanətidir”
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə mühüm məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, bu, Türk Dövlətləri Təşkilatının gələcək inkişafından xəbər verir:
“Azərbaycan Prezidenti Zirvə görüşündə təhlükəsizlik, müdafiə və hərbi əməkdaşlıq məsələlərinə xüsusi yer ayırdı. Bu, Prezidentin özünün çıxışında dediyi kimi, zərurətdən irəli gəlir. Çünki qlobal geosiyasi arenada gedən prosesləri təhlil edərkən, beynəlxalq qurumların ikilistandart xəstəliyinə düşdüyünü nəzərə alsaq, o qüvvələrin həmişə öz maraqları müstəvisində qərarlar çıxarmalarının şahidi oluruq. Azərbaycan düçar olduğu 30 illik işğal dövründə bu haqsızılığı öz üzərində gördü. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası torpaqların işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etsə də, bu, beynəlxalq qurumlar tərəfindən müdafiə olunmadı. Nəhayət, Azərbaycan hərblə öz haqqını bərpa etdi. Görünən budur ki, beynəlxalq arenada “hüquq deyil, güclü olan qazansın” prinsipi öz sözünü dedi. Biz güclü olmalıyıq ki, öz haqqımızı qoruya bilək. Bu baxımdan Prezidentin TDT-nın Zirvəsindəki çıxışını məhz özünümüdafiə etmə bacarığının, təhlükəsilik təminatının formalaşmasına çağırış kimi qəbul etmək lazımdır. Ona görə ki, hər hansı projelər, qərarlar verilsə də, onun təhlükəsizliyi qorunmursa, heç bir əhəmiyyət daşımır.
Digər tərəfdən, geosiyasi proseslərə nəzər salsaq, bu gün istər Yaxın Şərq, istər Avropa, istər digər “tüstüləyən” regionlarda məhz özünü qoruma bacarığının nə qədər önəmli olmasını görə bilirik. Düşünürəm ki, TDT-nın da müdafiə və təhlükəsizlik, hərbi əməkdaşlıq münasibətlər qurması çox vacib amildir. Çünki inkişafını qoruya bilməyən dövlətin gələcəyi sual altında olur. Ona görə də Prezident bu məsələyə xüsusi diqqət yetirdi”.
Ş.Ramaldanov eyni zamanda bildirib ki, birgə müdafiə, təhlükısizlik sisteminn qurulması qısa zamanın işi deyil. O, hesab edir ki, bu proseslərin idarə edilməsi, inkişafı, TDT ölkələrinin birgə fəaliyyət göstərə bilməsi məhz hərbi və hərbi-texniki əməkdaşlıqdan keçir:
“Prezident hərbi əməkdaşlıq haqqında danışan zaman məhz birgə o təşkilatların gələcəyini qorumaq üçün tədbirlərin görülməsini nəzərdə tuturdu. Bu gün Azərbaycan-Türkiyə münasibətləri və hərbi birliyi TDT içində bir nümunə kimi qəbul olunur. Çünki bu iki türk dövlətinin hərtərəfli əməkdaşlığının “bir milət, iki dövlət" prinsipi ilə inkişaf etməsini türk dünyası, müsəlman ölkələri görür. Hesab edirəm ki, TDT-nın gələcəyi məhz hər bir Zirvə görüşündən sonra daha da inkişf edəcək və biz digər böyük dövlətlərin bu təşkilata üzv olmaq istədiyini görəcəyik. Çünki müasir dövr türk dövlətlərindən birləşməyi və bir yumruq kimi öz suverenliyini, müstəqilliyini qorumağı tələb edir. Azərbaycan Prezidentinin də dediyi kimi, Azərbaycan Türkiyə ilə 25 birgə hərbi təlim keçirib. Eləcə də hərbi-texniki, müdafiə sənayesi və hərbi əməkdaşlığımız var. Bu bütün türk dövlətlərinin diqqətini çəkən amillərdir. Azərbaycan Türkiyə, Qazağıstan, Qırğızıstanla birgə təlimlər keçirib. Ancaq TDT təşkilatının ordularının birgə təlim keçirməsi artıq proqrama daxil olub. Düşünürəm ki, yaxınlarda Azərbaycan ordusunun nümayəndələrinin də qatıldığı TDT-nın hərbi təlimlərini görəcəyik”.
Ş.Ramaldanov birgə hərbi təlimlərin əhəmiyyətini yüksək qiymətləndirib. O, müqayisə edərək deyib ki, əgər 30 il qabaq TDT ordusu birgə əməkdaşlıqda olsaydı, Azərbaycanın torpaqları işğal olunmazdı:
“Bu gün Azərbaycan müdafiə sənayesi gəlir gətirən sahəyə dönüb. Bu onu göstərir ki, Azərbaycan digər dövlətlərə öz məhsulunu sata bilir və beynəlxalq hərbi pavelyonu getdikcə genişlənir. Bu gün Azərbaycanın müdafiə sənayesi ikişaf etmiş Türkiyə, Pakistan, İsrail hərb sənayesi ilə birgə projelər üzərində çalışır. Azərbaycan müdafiə sənayesinin gündən-günə güclənməsi də TDT-a daxil olan ölkələrin də marağına uyğun olacaq. Artıq müdafiə, təhlükəsizlik, hərbi əməkdaşlıq TDT-nın təhlükəsizliyinin zəmanətidir”.
"Türk dövlətlərinin birgə hərbi təlimləri olduqca vacibdir”
Politoloq Rəşad Bayramov bildirib ki, Qəbələdə, “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, kollektiv təhlükəsizlik və müdafiə sahəsində də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

“Zirvə görüşündə Azərbaycan Prezidenti bir sıra vacib təkliflərlə çıxış etdi ki, bunlardan biri də 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsinə dair təklifdir. Ölkəmiz xüsusilə 2000-ci ilin ortalarından başlayaraq, türkdilli dövlətlərin hərbi sahədə əməkdaşlığına dair müəyyən addımlar atır. Türkiyə ilə davamlı şəkildə keçirilən birgə hərbi təlimlər bunun əyani sübutudur. Azərbaycan və Türkiyə hərbi birləşmələri arasında keçirilən təlimlər, müdafiə və təhlükəsizlik sahəsində əmkdaşlıq regional problemlərə, təhlükəsizlik məsələlərinə dair vahid baxışın formalaşmasına və münasibətlərin iqtisadi, siyasi, diplomatik əsasları ilə yanaşı ən mühüm komponenti olan hərbi elementinin də yaradılmasına öz müsbət töhfəsini verdi.
Azərbaycan və Türkiyənin hərbi sahədə uğurlu əməkdaşlıq modeli digər Türk dövlətlərini də bu istiqamətdə səyləri birləşdirməyə ruhlandırdı və biz artıq Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi əməkdaşlıq modelinə dair razılşmalara, Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd şəhərində keçirilən "Məharət - 2025" kompyüter dəstəkli birgə komanda-qərargah təlimlərinə, “Dağ döyüşçüsü kursu”nun fəaliyyətinə şahidlik etmişik. Keçən ay ölkəmizdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” çoxmillətli təliminin keçirilməsini də misal olaraq göstərə bilərik”-polittoloq qeyd edib.
R.Bayramov hesab edir ki, bu şəkildə keçirilən hərbi təlimlər vahid Türk hərbi birliyinin yaradılması istiqamətində çox mühüm addımlardır:
“Hər nə qədər Türk dövlətlərindən ibarət hərbi blokun yaradılmasında, ayrı-ayrı türk dövlətlərinin müxtəlif hərbi blokların üzvü olması səbəbilə müəyyən çətinliklər olsa da, şəraitdən və vəziyyətdən asılı olaraq belə bir ehtimalı hər zaman göz önündə saxlamaq vacibdir. Ona görə də hazırlıqlı olmaq, Türk dövlətləri arasında hərbi sahədə inteqrasiyanın dərinləşməsi üçün müvafiq addımların atılması zəruridir. Bunun üçün isə Prezidentin də təklif etdiyi kimi, Türk dövlətlərinin birgə hərbi təlimləri olduqca vacibdir”.
“Hərbi ittifaqının yaradılması arzuedilən olsa da, yaxın perspektivdə gerçəkləşməsi çətin görünür”
Siyasi şərhçi, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi çıxış etməsi müasir geosiyasi reallıqların diqtə etdiyi zərurətdir.

“Müasir geosiyasi şəraitdə əsas güc mərkəzləri arasında dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi, dünyanın kəskin və sürətlə qütbləşməsi prosesi gedir. ABŞ və Avropa ilə Rusiyanın geosiyasi qarşıdurmasına Çinin qoşulması yeni qlobal və regional güc mərkəzlərinin formalaşmasını şərtləndirir. Türk dövlətlərinin coğrafiyası geosiyasi maraqların daha çox toqquşduğu məkandır. Yaxın Şərqdə İsrailin təcavüzkar siyasəti, İranın diplomatik fəallığının artması da nəzərə alınmalı olan məqamlardandır. Belə bir şərait Türk dünyasının bir araya gələrək vahid güc mərkəzi kimi çıxış etməsini aktuallaşdırır. Türk dövlətlərinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi geosiyasi rəqabətə davam gətirmək baxımından praktiki olaraq qeyri-mümkündür. Türk dünyası yalnız vahid güc mərkəzinə çevrilməklə bu geosiyasi mübarizədən sağ-salamat çıxa, ümumi maraqlarını təmin edərək regional siyasətdə aktiv bir aktora çevrilə bilər. Və birgə maraqlarının digər güc mərkəzləri tərəfindən nəzərə alınmağa məcbur edə bilər”-ekspert deyib.
Q.Əlibəyli bildirib ki, TDT üzvləri arasındakı münasibətlər dövlətlərarası əlaqələrin bütün mümkün sahələrini, o cümlədən hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsini də nəzərdə tutur.
Ekspert qeyd edib ki, indiyə kimi Azərbaycanla Türkiyə və digər türk dövlətlərinin iştirakı ilə birgə bir neçə hərbi təlimlər keçirilib, lakin bu hərbi təlimlər ikitərəfli xarakter daşıyır:
“Qəbələ sammitində isə təşkilatın bütün üzvlərinin iştirakı ilə çoxtərəfli hərbi təlim keçirilməsi təklif olunur. Bu da türk dövlətləri arasında siyasi və hərbi əməkdaşlığın yeni bir mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Birgə təlimlər türk dövlətlərinin silahlı qüvvələrinin peşəkarlığını artırar, birgə fəaliyyətinin əlaqələndirilməsi təcrübəsini formalaşdırar, orduların maddi-texniki və silahla təchizatında vahid standartların yaranmasına kömək edər. Əlbəttə, birgə təlimlərin keçirilməsi hələ vahid ümumtürk hərbi ittifaqının yaradılması demək deyil. Lakin birgə təlimlərin keçirilməsi ümumtürk hərbi ittifaqının - türk NATO-sunun yaradılması yolunda ilk addımlardan biri ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu gün türk dövlətləri içərisində hərbi cəhətdən daha çox inkişaf etmiş Türkiyə NATO-nun üzvüdür. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verməklə heç bir hərbi blokda təmsil olunmur. Mərkəzi Asiyanın Türk dövlətləri isə “rus NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Ona görə də ümumtürk hərbi ittifaqının yaradılması nə qədər arzuedilən olsa da, yaxın perspektivdə gerçəkləşməsi çətin görünür. Bu gerşəkləşmə uzaq perspektivdə olsa da, ABŞ-ı, Avropanı, Rusiyanı, Çini, İsraili və İranı indidən qorxu bürüyüb”.