Son günlər ölkə ərazisində güclü külək müşahidə olunur. Elə bu səbəbdən də, ağacların budaqlarının qırılması, yaxud da özlərinin aşması kimi hallarla tez-tez qarşılaşırıq. Belə ağacları kəsmək cərimədir, qurumuş nəhəng budaqlar isə əhali üçün böyük təhlükə.
Bəs görəsən, bu məsələləri nə cür tənzimləmək olar? Ümumiyyətlə Bakının iqliminə uyğun olaraq ağacların maksimal hündürlüyü nə qədər olmalıdır?
Məsələ ilə bağlı, hafta.az-ın suallarını meteoroloq Cavidan Əliyev cavablandırdı. Ekspert ilk növbədə vurğuladı ki, paytaxtın iqliminə uyğun olaraq quraqlığa davamlı ağaclar əkilməlidir. Bu baxımdan şam ağacları özünü yaxşı göstərir:
“Çünki şam ağacları qumlu torpaqlarda daha yaxşı bitir. Bundan başqa xoşagəlməz hadisələrin yaşanmaması üçün yaxşı olardı ki, ağaclar müəyyən yaşıllıq zolaqlarında əkilsin”.
Bakının iqliminə gəlincə isə C.Əliyev hesab edir ki, burada külək olsa da, ifrat təhlükəli hadisələr hər zaman yaşanmır. Həmçinin belə hallarda öncədən əhaliyə təhlükə ilə bağlı xəbərdarlıq da edilir:
“Bunun üçün insanlara xəbərdarlıq olunur. Adətən yıxılan ağaclar yaşlı olur. Əlbəttə ki, mütəmadi olaraq budama işləri aparılmalıdır. Milli Hidrometeorologiya Xidməti ifrat təhlükə ilə bağlı gəmilərə də xəbərdarlıq edir. Bu halda gəmilər çıxmır. Ona görə də, hava proqnozlarına çox ciddi nəzarət olunmalıdır”.
Meteoroloq baş verə biləcək fəlakətlərin qarşısının alınması üçün proqnozların izlənməsi amilini qətiyyətlə vurğulayır:
“2015-ci ildə dənizdə baş verən fəlakətin səbəbi ifrat təhlükəli hadisələr haqqında xəbərdarlıq verildiyi halda səhlənkar yanaşma olmuşdu. Buna görə də, ilk növbədə mütəxəssislər tərəfindən verilən proqnoz diqqətlə izlənməlidir”.
Sonda bir məqamı qeyd edək ki, güclü külək səbəbindən Bakı şəhərində 93 ağac və iri budaq sınıb.