Əfqanıstanda 2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsindən sonra qızların orta məktəblərə getməsinə qoyulan qadağa mədrəsələrin sayını artırıb.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, İslam təhsili verilən mədrəsələrə əsasən orta məktəbli və lisey yaşlı qızlar gedir. Oğlanlar isə mədrəsələrdə müxtəlif vaxtlarda və ayrı-ayrı şöbələrdə təhsil alırlar. Ərəbcə Quran təhsili verilən mədrəsələrdə riyaziyyat və ədəbiyyat kimi kurslar əvəzinə ayələrin mənasını öyrənmək istəyən uşaqlara ayrıca dərslər keçirilir.
Kabil və Qəndəharda üç mədrəsəni ziyarət edən AFP-nin məlumatına görə, keçən ildən bu yana mədrəsələrdə oxuyan qız tələbələrin sayı iki dəfə artıb. Mədrəsədə təhsil alan 16 yaşlı Fərəh AFP-yə deyib: "Təhsil qadağan olunduğu üçün depressiyaya düşdük. Sonradan ailəm qərar verdi ki, heç olmasa bura gəlməliyəm. İndi bizim üçün açıq olan yeganə yer mədrəsədir".
Vəkil olmaq arzusunun puça çıxdığını deyən Fərəh ailəsinin dərslərə getməsinə icazə verdiyi üçün hələ də özünü xoşbəxt hiss etdiyini bildirib.
Tibb tələbəsi olan, lakin hazırda Qəndəharda mədrəsədə dərs deyən Hüsna: "Universitetdə oxumaq bizə gələcək qurmağa kömək etdi, hüquqlarımızı başa düşdük. Amma mədrəsələrdə gələcək yoxdur. Onlar bura ona görə gəlirlər ki, başqa seçimləri yoxdur”.
Əfqanıstan hökumətinə yaxın olan bəzi məmurların fikrincə, qərarları dini lider Hibətullah Axundzadə və onun çevrəsindəki bəzi dini məsləhətçilər qəbul edir. Öz İslam əmirliyini quran Axundzadə həm də yüzlərlə yeni mədrəsənin tikintisinə göstəriş verən şəxsdir. Kabil hakimiyyət orqanları qızlar üçün məktəb qadağasına səbəb kimi ayrı-ayrı sinif otaqlarını və İslami formaların olmamasını göstərir. Bununla belə, hökumət hələ də məktəblərin gec-tez açılacağını təkid edir.
Təhsilin qarşısındakı maneələr Taliban administrasiyası ilə beynəlxalq ictimaiyyət arasında barışıla bilməyən əsas məsələlərdəndir. Dünyanın heç bir ölkəsi Taliban hökumətini tanımır. Taliban isə əhalinin yarıdan çoxunun aclıqla mübarizə apardığı ölkədə iqtisadiyyatı ayaqda saxlamağa çalışır.
Yalnız İslam təhsili verilən mədrəsələrdə təhsilin keyfiyyəti də müzakirə mövzusudur. Mütəxəssislər mədrəsələrin uşaqları iş həyatına hazırlayacaq təhsil verməkdən uzaq olduğunu deyirlər.
Yerli televiziyalarda tez-tez çıxış edərək dini mövzularda danışan akademik Əbdülbari Mədəni deyib: "Şəraitlərə nəzər salsaq, müasir təhsilə ehtiyac prioritetdir. İslam dünyasının geridə qalmaması üçün səy göstərilməli, müasir təhsilin vətənə xəyanət olduğu düşüncəsi aradan qaldırılmalıdır”.
Qəndəhar bölgəsi təhsil idarəsinin İslam araşdırmaları şöbəsinin müdiri Nimətullah Ülfət, "Hökumət gecə-gündüz mədrəsələrin sayını necə artırmağı düşünür. Məqsəd yeni mədrəsələrə yaxşı təhsil, gözəl prinsiplər və gözəl əxlaq gətirməkdir" deyib.
Bu arada, dünyadakı mədrəsələr də döyüşkənliklə əlaqələndirilir. Bu səbəbdən bir çox Taliban liderlərinin təhsil aldığı Pakistandakı Darul Ulum Haqqania mədrəsəsini “Cihad Universiteti” adlandırmağa başlayıblar.