Təhsil Tələbə Krediti Fondu hansı imkanları yaradacaq?

12:59 19.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yeni tədris ilindən tələbələrin böyük hissəsinin bu qurum tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq

Xəbər verdiyimiz kimi, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq.

Fond sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlər üzrə istifadə edəcək:

- Fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi;

- təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi;

- dövlət qiymətli kağızlarının əldə olunması;

- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklarda depozitlərin yerləşdirilməsi.

Fərmana əsasən, Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7  üzvdən ibarət Himayəçilik Şurası yaradılacaq. Qeyd olunub ki, Təhsil Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (1 nəfər tələbə) nümayəndələrindən ibarət 7 (yeddi) üzvü var. Şuranın üzvləri 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərirlər. Şuranın üzvləri növbəti müddətə yenidən təyin edilə bilərlər. Şuranın üzvlərini təmsil etdikləri orqanın rəhbəri təyin və azad edir. Şuranın sədrini Nazirliyin Şurada təmsil edilən üzvləri arasından Azərbaycan Respublikasının təhsil naziri təyin edir. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsistemi yaradılacaq.

Bəs, görəsən, yeni Fondun yaradılması tələbələrə hansı imkanları yaradacaq? Kreditlər hansı müddətə veriləcək?

Yeni Fondla bağlı detalları açıqlayan təhsil naziri Emin Əmrullayev bildirib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq. Onun sözlərinə görə, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: “Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun mailiyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək”.

Nazir vurğulayıb ki, bu addımın atılmasında əsas məqsəd ali təhsildə əlçatanlığın təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır: "Təhsil Tələbə Krediti Fondu ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracaq. Fonddan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbə istifadə edə bilər. Əsas məsələ ali təhsil müəssisəsinin lisenziyasının olmasıdır. Ümumiyyətlə, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək, bu qaydalar növbəti bir ay ərzində hazırlanıb Nazirlər Kabinetinə veriləcək və təsdiq ediləcək. Bu kreditlər çox aşağı, təxminən 2 faiz olacaq. Kreditlər sosial həssas qrupdan olandan üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq. Müvəffəqiyyət göstərici olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Amma vətəndaş məsuliyyəti və dayanıqlılıq baxımından, ödənilmiş maliyyə geri qaytarıldıqca digər tələbələrin oxuma şansı da olacaq”.

O deyib ki, kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq: “Himayəçilər Şurası tərəfindən təhsil kreditinin yüksək həddi müəyyən ediləcək. Belə də ola bilər ki, təhsil haqqının 80 faizi ödənilsin. Bu, daha çox əlavə kömək üçündür. Kredit tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcək. Bu da yenə müzakirə mövzusudur, öz hesabına oxuyan tələbələr təhsil haqqının müəyyən qismini özü ödəyirsə, müəyyən qismini də kreditlə ödəyə bilər. Amma tələbənin təhsil aldığı 4 ildə ailənin sosial vəziyyəti də dəyişilə bilər. Ona görə kreditlər hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manatdır, amma əlavə də ola bilər. Tələbənin təhsil haqqı tam və ya qismən ödənilə bilər. Azərbaycanda təhsil haqqı 900 manatdan 7000 manata qədərdir. Ola bilsin peşə məktəblərində daha da az olsun. Daha çox bakalavr və magistr səviyyəsi üzrə kredit olacaq. Digər qruplar üzrə yəqin ki, araşdırma aparılacaq”.

Onun sözlərinə görə, təhlillər göstərir ki, orta hesabla 95 faiz tələbə Universiteti bitirir, digər 5 faiz tələbə təkcə təhsil haqqı yox, başqa səbəblərdən də bitirə bilmir: "İnkişaf etmiş ölkələrdə 30-40 faiz tələbə ali təhsili bitirə bilmir, əsas səbəb də imtahanları verə bilməməyi olur. Amma bizdə tələbələr imtahan verirlər, amma təhsilin keyfiyyəti əsas amildir. Təhsil güzəşti həm də keyfiyyətdə güzəşt deməkdir. Şəhid ailələri, əlilliyi olan şəxslərlə bağlı şərtlər yerində qalır, amma ödənişli şərtlərlə oxuyanlar kredit ala bilər. Konkret şərtlər Himayəçilər Şurası tərəfindən hazırlanacaq və Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu kredit xaricdə təhsil alanlar üçün yox, Azərbaycan universitetləri üçün nəzərdə tutulub. Kredit Azərbaycanda təhsil alan xarici tələbələrə də şamil edilməyəcək”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, son 7 il ərzində 5 mindən artıq tələbə məhz təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib: “Əslində  2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsil Tələbə Krediti Fondu yaradılması nəzərdə tutulmuşdu, amma yaradılmamışdı: “Məlumdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir. Amma bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problem kreditora çevrilir. Yəni Azərbaycanda hal-hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan da Maarifçi Kreditin Fondu idi. O da özəldir və büdcəsi aşağı olduğundan mövcud ehtiyacı qarşılaya bilmirdi. Yeni yaradılan qurumla tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək”.

K.Əsədov onu da vurğulayıb ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər: "Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Bəzi ölkələrdə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə, yəni 1-2 faiz təşkil edir".

 

Oxunma sayı 152