Təhsil xərcləri artırılır - Müzakirə

11:27 24.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gələn il Azərbaycanda 2022-ci illə müqayisədə təhsilə daha çox vəsait ayrılacaq. Belə ki, 2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur. Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Sənəddə bildirilib ki, nəzərdə tutulan vəsait 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz çoxdur.

Maliyyə Nazirliyindən verilən məlumata görə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında müəyyən edilmiş 5 milli prioritetdən biri “rəqabət qabiliyyətli insan kapitalı”nın formalaşdırılmasıdır. Strategiya ilə nəzərdə tutulmuş hədəfləri mərhələlərlə təmin etmək üçün 2023-cü ildə təhsil xərcləri 4 milyard 423 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 537 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəricilərinə nisbətən isə 1 milyard 331 milyon manat və ya 43 faiz çox deməkdir. 2019-cü illə müqayisədə 2023-cü ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz-bənd, mütləq ifadədə isə 2 milyard 227 milyon manat və ya 2 dəfə artıq olacaqdır.

Gələn il 150 min nəfərədək uşağı əhatə edəcək ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, 8 milyon nüsxə pulsuz dərsliklərin şagirdlərə verilməsi, xüsusi təhsillə əhatə olunan 12 min 700 nəfər uşağın təhsil, tibb, sağlamlıq və reabilitasiya müəssisələrinə aparıb-gətirmək üçün valideynlərinə və ya qanuni nümayəndələrinə aylıq müavinətin, 19 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumi təhsil məktəblərində işə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə kompensasiyanın və aylıq əlavənin ödənilməsi, həmçinin təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 152 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı (təqribən 463,4 min nəfər) imtahanların keçirilməsi üçün 15 milyon manat, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə 128 min nəfərdən çox təhsilalanın 258 milyon manat təhsil xərcinin və 120,1 min nəfərin isə 149,0 milyon manat təqaüd xərcinin maliyyələşdirilməsi üçün cəm olaraq 407,0 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2022-ci ilə nisbətən dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayının 12,2 min nəfər, təqaüdalanların sayının isə 9,5 min nəfərdən çox artacağı gözlənilir. Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığına rəvac verən tələbə krediti fondu üçün 8,0 milyon manat vəsait ayrılmaqla Fondun dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılacaq.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, son illər bu səhəyə ayrılan vəsaitlərin həcmində ciddi artım müşahidə edilir: “Düşünürəm ki, 2023-cü ilin büdcəsində təhsilə ayrılan vəsait kifayət qədərdir. Bu təxminən 2 il bundan öncəki vəsaitlə müqayisədə 50 faiz artım deməkdir. Burada söhbət 4 milyard 423 milyon manat məbləğində vəsaitdən gedir. Sözsüz ki, bu əvvəlki illərlə müqayisə böyük bir vəsaitdir. Bu onu göstərir ki, ölkəmizdə dövlətin təhsilə kifayət qədər diqqət və qayğısı var”.

Deputat vurğulayıb ki, büdcədən vəsaitin artırılması elm və təhsil sahəsində keyfiyyətin yüksəlməsinə kömək edəcək: “Bu vəsait bizə imkan verəcək ki, təhsilimizi daha da inkişaf etdirək. Sadəcə olaraq vəsaitlərin xərclənməsinə ciddi nəzarət olunmalıdır. Eyni zamanda, nəzərdə tutulan vəsaitlərin nəticəyönümlü olması istiqamətində də mütləq addımlar atılmalıdır. Bu məsələdə aidiyyəti qurumların üzərinə çox ciddi vəzifələr düşür ki. Onlar bu işi dəqiq və ciddi şəkildə yerinə yetirməlidirlər ki, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çata bilək”.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov da son illər təhsil sahəsinə ayrılan vəsaitlərin həcminin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb: “Biz görürük ki, bu gün ölkəmizdə büdcədən ən çox vəsait hərbi və müdafiə sahəsinə ayrılır, daha sonra elm və təhsil sahəsi gəlir. Təhsilə ayrılan vəsait də ilbəil artır. Bu, ölkə başçısının təhsilə olan qayğısını göstərir. Eyni zamanda elm və təhsil sahəsinin prioritet olduğu görünür. Təbii ki, hərbi və müdafiə sahəsinə ayrılan vəsaitin daha çox olması başadüşüləndir. Biz müharibə şəraitinin tam sovuşmadığını, təxribatların davam etdiyini görürük. Buna görə də, müdafiə sənayesini gücləndirməliyik. Bunun müqabilində yenə də təhsilə vəsait ayrılmasını müsbət qiymətləndirirəm. Digər tərəfdən, 44 günlük Vətən müharibəsindən sonra Qarabağa "Böyük Qayıdış"ımızı nəzərə almalıyıq. Bizim Qarabağda görüləcək işlərimiz, həyata keçiriləcək layihələrimiz var. Bu gün əsas diqqət Qarabağadır. Bütün bunların fonunda təhsilə ayrılan vəsaiti o qədər də az hesab etmək olmaz”.

Ekspert deyib ki, son illər təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb: “Bu günədək həm də ali təhsilin daha açıq və daha əlçatanlığı istiqamətində sistemli addımlar atılıb. Xeyli tələbə dövlət vəsaiti hesabına ali təhsil almaq imkanları qazanıb, dövlət sifarişli plan yerlərinin sayı artırılıb. Eyni zamanda təhsilin müxtəlif pillələrində təqaüd məbləğləri orta hesabla 20 faiz artırıldı. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində irəliləyiş əldə olunub. Bundan başqa, tələbələrə ayrılan xərclərin məbləği ilbəil artırılır. Pandemiya dövründə dövlət həssas qrupdan oln tələbələri diqqətdən kənarda qoymadı. Bütün bunlar onu deməyə əsas verir ki, biz qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində əhəmiyyətli addımlar atırıq. Bizim əsas məqsədimiz təhsilin hamı üçün əlçatan olmasıdır”.

Amma mütəxəssis bununla yanaşı bildirib ki, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin üzərinə yükləmək doğru olmaz: “Burada bir məqam da var ki, hər şeyi dövlətdən gözləməməliyik. Bununla bağlı kifayət qədər dünya təcrübəsi var. Məsələn, dünya ölkələrində ayrı-ayrı universitetlər həm də öz gəlirləri hesabına müəyyən nailiyyətlər qazanırlar. Bizdə də 6 universitetə publik hüquqi şəxs statusu verilib. Bu gün pedoqoji kolleclərə, hətta orta məktəblərə publik hüquqi şəxs statusu verilməsindən söhbət gedir. Anlamaq lazımdır ki, təhsil tək dövlət işi deyil, təhsil həm də ümumxalq işdir, ümumilli məsələdir. Ona görə də, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin üzərinə atmaq düzgün deyil. Məncə, universitet və digər təhsil müəssisələrimiz öz imkanları hesabına gəlir qazanmalıdırlar. Eyni zamanda, beynəlxalq təcrübədə imkanlı şəxslər, biznesmenlər təhsil sahəsinə dəstək olurlar. Bizdə də iş adamları təhsil sahəsinə dəstək ola bilərlər. Tutaq ki, təhsil kreditləri və tələbələrə ayrılan vəsaitlərə iş adamları da dəstək olmalıdır. Bu təcrübə vaxtilə bizdə də olub. 20-ci əsrin əvvəllərində xeyriyyəçilərimiz olub ki, onlar öz vəsaitləri hesabında təhsilə töhfə verməyə çalışıblar. Məsələn, Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmışdı. Bəzi gənclər məhz onun köməyi ilə xaricdə təhsil almışdı. Bundan başqa, Musa Nağıyev və digər milyonçular da belə təşəbbüslərə qoşulub. Mən təəssüf edirəm ki, bugünkü iş adamlarımız təhsilə töhfə vermirlər, öz dəstəklərini göstərmirlər. Onlar da gərək töhfə versinlər. İş adamları bəzi tələbələrin təhsil haqqını ödəməklə imksansız şəxslərə dəstək olmalıdırlar. Bununla ölkəmiz, cəmiyyətimiz üçün daha faydalı ola bilələr”.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, bu gün dövlətin qarşıya qoyduğu prioritet istiqamətlər var: “Əslində dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait elə də çox deyil. Çünki dövlətin qarşıya qoyduğu prioritet istiqamətlər var. Bunlar bütün vətəndaşlar üçün təhsilin əlçatanlığının təmin olunması, eyni zamanda işğaldan azad olunan ərazilərdə yeni məktəb tikintilərinin həyata keçirilməsi, həm də təmir-bərpa işlərinin də artırılmasıdır. Paralel olaraq tələbələrə kreditlərin verilməsi, dövlət sifarişi üzrə plan yerlərinin daha da çoxaldılmasıdır. Hazırda dövlət sifarişi üzrə təhsil alanların sayı ildən-ilə artır, 48 faiz dövlət sifarişi üzrə təhsil alan tələbə var. Növbəti illərdə bu, 50-60 faizə çatdırılacaq. Eyni zamanda, inklüziv və fərdi  təhsillə bağlı- bəzi vətəndaşlarımız müəyyən sağlamlıq imkanlarının məhdudluğuna görə evdə təhsilə cəlb olunurlar. Bütün bunlar müəyyən xərclər tələb edir. Nazirliyin tabeliyinə verilən AMEA və onun tabeliyində olan digər institutlar, bunlara da müəyyən maliyyənin ayrılması nəzərdə tutulur. Yəni bu işlərinin görülməsi üçün büdcə təbii ki, azlıq təşkil edir. Amma nəzərdə tutulan vəsaitə ciddi nəzarət olunarsa, o zaman müəyyən işlərin görülməsi mümkündür”.

Oxunma sayı 3900