Tərəvəzçiliyi necə inkişaf etdirək? - Aqrar

13:57 21.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda tərəvəz istehsalını daha dayanıqlı etmək üçün təqribən 9 min 800 hektar sahədə istixanaların təkmilləşdirilməsinə 3,81 milyard ABŞ dolları investisiya yatırılması tələb edi­lir. Bununla bağlı məlumat Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair “İqlim və İnkişaf Hesabatı”nda yer alıb. Bildirilir ki, 0,5 milyon hektar ərazidə tət­biq edilən (buğda, qarğıdalı, pambıq və tərəvəz üçün) mühafizə xarakterli kənd təsərrüfatı (minimum əkin) texnologiya­sının mənimsənilməsinə isə nisbətən az – 10,1 milyon dollar investisiya yatırmaq lazımdır.

Sənəddə qeyd olunur ki, nəmi qoru­yan bu texnologiya torpaqların eroziyasını azalda, eləcə də əkin sahələrinin struktu­runu və məhsuldarlığını yaxşılaşdıra bilər. Hesabat müəlliflərinin fikrincə, bilik müba­diləsinə və təlimlərə daha çox investisiya­ların yatırılması da tələb olunacaq. İqlimə dözümlü kənd təsərrüfatına uyğunlaşdır­ma məqsədilə yatırılan investisiyaların onları əvəzləyən iqtisadi faydaları var və buna görə də uyğunlaşdırma texnologiya­larının və tədbirlərinin maliyyələşdirilməsi üçün həm dövlət sektorunun, həm də özəl sektorun investisiyaları tələb olunur: “Subsidiyalara dövlət investisiyaları və yaxud stimulları investisiya xərclərinin 30-40 faizini təşkil edə bilər və əsasən, maliyyəyə çıxışı məhdud olan, uyğunlaş­dırma texnologiyalarını və tədbirlərini mə­nimsəmək üçün potensialı zəif olan kiçik təsərrüfat sahiblərinə dəstək göstərilmə­sinə yönələ bilər. Hazırkı təsərrüfatların genişləndirilməsi xidməti fermerlərə təlim və texniki yardım vasitəsilə yeni biliklər öyrədilməsini, yeni texnologiyaların və idarəetmə təcrübələrinin mənimsənilməsi prosesinin sadələşdirilməsini tələb edə­cək”.

Qeyd edək ki, tərəvəzçilik Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrindən sayılır. Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 10 milyard 865,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Ümu­mi istehsalın 5 milyard 731 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. He­sabat dövründə bitkiçilik məhsullarının istehsalı əvvəlki ilin eyni dövrünün göstə­ricisini 2,7 faiz üstələyib. 

Dövlət Statis­tika Komitəsinin məlumatına görə, bu il mövsümün əvvəlindən Azərbaycanda, ümumilikdə, 61 min 179 hektar sahədə tərəvəz əkilib. Əkin sahələrinin 17 min 754, 9 hektarı pomidorun, 11 min 28,8 hektarı soğanın, 9 min 645 hektarı xiyarın, 4 min 364 hektarı badımcanın, 3 min 597,3 hektarı kələm və gül kələminin, 2 min 355,5 hektarı şirin bibərin, 1060,7 hektarı isə acı bibərin payına düşüb. Bundan əlavə, mövsüm ərzində 2073,2 hektar sahədə sarımsaq, 935,1 hektar sahədə balqabaq, 980,3 hektar sahədə süfrə yerkökü, 674,9 hektar sahədə turp, 645,8 hektar sahədə süfrə çuğunduru, 431 hektar sahədə isə göy noxud əkilib. 

Cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 60 min 179,5 hektar tərəvəz sahəsində yığım həyata keçirilib. Həmin sahələrdən isə 1 milyon 694 min 660 ton məhsul yığılıb. Hesabat dövründə tərəvəz sahələri üzrə hektarın məhsul­darlığı 281,6 sentner təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,2 sentner çoxdur. Tərəvəzçilikdə ən yüksək göstəricilərə isə Qazax–Tovuz (387 min 993,8 ton) və Qarabağ (232 min 640,7 ton) iqtisadi rayonlarının fermerləri imza atıblar. Bundan başqa 2023-cü ilin 9 ayın­da Azərbaycandan xaricə 470 milyon 390 min dollar dəyərində 462 min 613 ton meyvə-tərəvəz ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 milyon 329 min dollar və ya 7,1 faiz, həcmi isə 48 min 837 ton və ya 11,8 faiz artıb. Hesabat dövrün­də meyvə-tərəvəzin ümumi ixracda xü­susi çəkisi 1,78 faiz, qeyri-neft məhsulla­rının ixracında olan çəkisi isə 19,32 faiz təşkil edib.

Məsələ ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov deyib ki, Azərbaycanın iqlim şəraiti müxtəlif əkin işlərini aparmağa imkan verir: “O cümlədən ölkədə tərəvəzçiliyin inkişafı üçün əlverişli iqlim mövcuddur. Məsələn, bizim məhsullar qonşu Rusiyada az qala brend halına gəlib. Bir məqamı vurğulayım ki, Rusiya bazarında digər ölkələrin də məhsulları satılır. Amma Azərbaycan məhsulu bazara daxil olan kimi artıq digər ölkələrin bazarı dayanır. Ruslar bizim tərəvəzləri çox bəyənirlər. Burda əsas dad məsələsi rol oynayır. Bizim iqlim elədir ki, istənilən bölgəmizdə tərəvəzçiliyi inkişaf etdirmək olar. Sadəcə, bazar tapmaq lazımdır. Çünki qiymət və bazar nə qədər yaxşı olarsa, fermerlər tərəvəz əkib-becərməkdə bir o qədər maraqlı olacaqlar. Məsələn, 2021-ci ildə Rusiya ilə sərhəddə problemlərimiz oldu və tərəvəz dolu yük maşınlarımız sərhəddən buraxılmadı, əksər sahibkarların məhsulu yollarda xarab oldu. Həmin ili Şəmkir zonası pomidor əkmədi və buna görə də ilk dəfə Xaçmazın açıq sahə pomidoru ixraca getdi. Yəni, biz başa düşməliyik ki, aqrar sektorun inkişafı bazardan asılı olan bir şeydir. Düzdür, bu sahəyə dövlətin dəstəyi var, müəyyən sərmayə qoyulur, amma bununla paralel yeni bazarlar tapılmalıdır. O halda tərəvəz istehsalını dayanıqlı etmək mümkün olacaq”.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkənin kənd təsərrüfatı patensialı böyük olsa da, ölkəmizə kənd təsərrüfatı mənşəli məhsulların, ərzaqların yarısı və ya daha çoxu idxal olur: “Azərbaycanda əkinə yararlı torpaqların yalnız 25 faizindən səmərəli istifadə edilir. Yəni potensial 2 milyon hektardır, ancaq cəmi 500 min hektardan istifadə edilərək kənd təsərrüfatı məhsulları becərilir. Onun da 400 min hektarı suvarılan ərazilərdir. 100 min hektarı intensiv dəmyə ərəziləridir. Qalan 500 min hektar ərazilərdə dəmyə təsərrüfatı olduğuna, bəzən iqlimdən və hava şərəitindən asılılığına görə bəzən məhsul verir, bəzən isə verə bilmir. Bu potensialdan səmərəli istifadə etmək üçün ölkəmizə dünyanın inkişaf etmiş dövlətlərindən texnologiyalar gətirilməlidir. Yüksək məhsuldarlıq ala biləcəyimiz bitki toxumları gətirilməlidir. Ən əsası daxili təbiətə uyğunlaşdırılmalıdır ki, bitki öz bəhrəsini verə bilsin. Kənd təsərrüfatı işləri ilə məşğul olan fermerlərə çox ciddi dəstək verməlidirlər”.

Ekspert vurğulayıb ki, Dünya Bankı Avropa ölkələrindəki kənd təsərrüfatı təcrübəsinə dayanaraq ölkəmizə investisiyanın cəlb edilməsinə ehtiyac duyur: “Amma hesab edirəm ki, ölkəmizdə kənd təsərrüfatına daha çox investisiya yatırılmalıdır. Ölkənin kənd təsərrüfatı ixrac edən dövlətə çevrilməsi mümkündür. Dövlətimizin bu potensialı var. Əkin üçün yararlı münbit torpaqların yanlız dördə birindən səmərəli istifadə olunur. Amma bütün potensialdan maksimum güclə yararlansaq, ölkəmizi kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevirə bilərik”.