Azərbaycanda bütün təhsil müəssisələrinin bağlanma müddəti martın 10-a qədər davam edəcək. Bu, həmçinin bütün özəl təhsil məktəblərinə də şamil edilib. Özəl tədris ocaqlarında saat hesabı işləyənləri maraqlandıran məsələ işləmədikləri günlərin maaşını ala bilməyəcəkləridir. Həmçinin sosial şəbəkələrdə də" bu mexanizm necə tənzimlənməlidir" deyə müzakirələr aparılır.
Hafta.az məsələ ilə bağlı təhsil ekspert Kamran Əsədov ilə əlaqə saxlayıb. O bildirib ki, 2019-cu ildə Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsi məbləğləri”ni müəyyən edən qərar qəbul edib:
Qaydalarda qeyd olunur ki, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələrə tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saat hesabı ödənilməli məbləğ 10,30 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,80 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 5,30 manat olub. Amma bu vəsaitlər onlara sinifə, auditoruyaya girdikləri halda ödənilir. Düzdür, əməyin saat hesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Amma fövqəladə hallar zamanı əmək məcəlləsində dəyişiklik edilir. Belə ki, 4 gün tətil edilən günlərdəki dərslər hansı günlə əvəz edilsə və ya dərslər birləşdirilsə, bu halda saat hesabı işləyən müəllimlər və digər işçilər bu əmək haqqını alacaqlar. Bütün hallarda saat hesabı işləyənlərin əmək haqları ödəniləcək. Çünki tədris proqramı bütün hallarda yerinə yetirilməlidir. Heç də müəllimlər elə düşünməsinlər ki, tətil oldu və onlar saat hesabı dərsdə iştirak etmədilər və əmək haqqı almayacaqlar. Belə ki, tətil günlərindəki dərslərin əvəzlənməsi haqda qərar qəbul edildikdən sonra onlar da tətil günlərinin saat hesabı əmək haqqını alacaqlar”.
Təhsil Nazirliyi koronavirus epidemiyasının yayılmasına qarşı preventiv tədbir olaraq 3-9 mart tarixlərində ümumtəhsil məktəblərində müvəqqəti dayandırılmış dərslərin növbəti günlərdə necə kompensasiya ediləcəyini açıqlayıb.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, indiki şəraitdə bu məsələ ilə bağlı tədris ilinin uzadılması nəzərdə tutulmur:
“Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənnlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur”.