Tiflisdəyik. Şeytanbazarda. Gəzib-dolaşırıq. Buradakı Azərbaycan adına olan hər şey adama Vətən kimi gəlir. Şeytanbazarın girəcəyindəki parkda keçmiş prezident Heydər Əliyevin büstünün qoyulduğu parkda azərbaycanlılardan daha çox ərəblərə rast gəlmək olur. Adamın üstündə Allah var, park səliqəlidir. Ümummilli liderin adına layiqdir. Fəqət, Kür çayının yuxarı hissələrinə doğru getdikcə bunu müşahidə etmək mümkün deyil. Azərbayxcanlılara məxsus iki-üç əsrlik tarixi olan məscid baxımsızlıqdan əziyyət çəkir.
Kürün sağ sahilindəki Karvansaray kompleksinin bir hissəsi isə uçub. Tamamilə dağlıb. Cüzi bir hissəsi qalıb. Həmin hissə isə bərpa olunmur. Görünür, gürcü hökuməti buraya pul ayırmaq haqqında ümumiyyətlə düşünmür. Şeytanbazarda ara-sıra gözə dəyən azərbaycanlılar belə düşünür. Hətta onlar gürcü hökumətlərinin azərbaycanlı izlərinə biganəliyini açıq şəkildə ifadə edirlər.
Tiflis-Azərbaycan teatrının aqibəti...
Ulu öndər Heydər Əliyevin adını daşıyan Tiflis Azərbaycan Dram Teatrının yeni yerə və ya yeni binaya köçürülməsi məsələsi gündəmdədir. Tiflis meriyası və yeni hökumət bununla bağlı fikirləri davamlı şəkildə səsləndirir. Soydaşlarımız isə bundan narahatdır. Çünki, bu cür müzakirələr Azərbaycan icması ilə müzakirələr aparılmadan baş verir. Məsələ burasındadır ki, teatrın yerləşdiyi binanın ancaq teatr yerləşən hissəsi qəzakı vəziyyətdədir.
Həmin binada isə ümumilikdə 19 ailə yaşayır. Bar və restoranlar yerləşir. Həmin hissələr təmir edilib. Amma Azərbaycan teatrının olduğu hissə illərdir ki, qəzalı vəziyyətdədir. olduğu hissəsi ilə bağlı məqam diqqətdən kənarda qalıb. Teatr isə Azərbaycan icmasının olduğu üçün icma üzvlərini aşırı diqqətsizlik qıcıqlandırmaqdadır. Eyni zamanda, icma teatrın mədəni irs nümunəsi kimi köhnə binasında qalmağının tərəfdarıdır.

Axundovun nisbi sakit ev muzeyi...
Tiflisə getmisinizsə, böyük ədibimiz Mizə Fətəli Axundovun buradakı ev muzeyini ziyarət etməmək öyük günah olar. Nisbi sakit bir yerdir. Əsasən Azərbayxcanlılar, ara-sıra isə xarici turistlər gəlir. Qapısı hər zaman qonaq-qara üzünə açıq olsa da, gec-gec döyülən qapılardandır. Çünki elə də göz önündə olan yerdə deyil. Onu da deyək ki, ömrünün əsas hissəsini Gürcüstanda keçirən Mirzə Fətəli Axundovun Tiflis şəhərindəki evində xatirə muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Yaxınlıqdakı taksi sürücüsü deyir ki, 2007-ci ildə Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin sərəncamına əsasən, ev-muzeyinə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.
2013-cü ildə Azərbaycan dövlətinin vəsaiti hesabına muzeydə əsaslı təmir işləri aparılıb. Yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın baş naziri, baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər.
Soydaşlarımızdan əldə etdiyimiz məlumata görə, hazırda muzeyin nəzdində Gürcüstan azərbaycanlılarının Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Gələk, muzeyin ekspozisiya hissəsinə, cəmi altı zaldan ibarətdir. Zallarda Axundovun həyatına aid müxtəlif əşyalar var. Eləcə də zalların hamısında ədiblə bağlı müxtəlif xatirələri əks etdirən fotolar yer alır. Muzeyin altı zalından biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi isə Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub.
Otaqlardan biri Mirzə Fətəlinin iş otağı kimi qorunub-saxlanılır. Orada onun şəxsi əşyaları, о cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq var. Həmin otaqda Axundovun müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir. Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir.

Şeytanbazardakı Azərbaycan məhəllələri
Şeytanbazardakı Azərbaycan məhəllələrində soydaşlarımıza demək olar ki, çox az rast gəlirik. Öyrəndik ki, yay aylarında özləri Tiflisin kənar məhəllələrinə çəkilirlər. Evlərini isə şəhərə gələn turistlərə, xüsusən də ərəblərə kirayəyə verib yaxşı pul qazanırlar. İndi şeytanbazarda Azərbaycanlıların əvvəlki sıxlığı yoxdur. Bunu gürcülər də etiraf edirlər. Müstəqillik illərindən sonra çoxları Bakıya, Azərbaycanın digər rayonlarına, eləcə də alver üçün Rusiyaya yollanıblar.