Tokayev dahi şairin misrası ilə səsləndi: "Türkün Türklə ədavətə haqqı yox!”

15:40 07.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci sammitində bir sıra təklif və təşəbbüslərlə çıxış edib.

Hafta.az-ın yazdığına görə, Tokayev bildirib ki, Qazaxıstan "TDT+" formatının yaradılması ideyasını dəstəkləyir.

"Bir çox ölkələr təşkilatımızın fəaliyyətinə maraq göstərir. Qazaxıstan əsas vəzifəsi əməkdaşlığımızın daha da genişləndirilməsi olacaq "TDT+" formatının yaradılması ideyasını dəstəkləyir. Bu təşəbbüs, şübhəsiz, təşkilatın beynəlxalq nüfuzunu daha da artırmağa xidmət edir", – o vurğulayıb.

Prezident Tokayevin sözlərinə görə, dünyanın bir çox ölkəsi kiberhücumlarla - sərhəd tanımayan yeni təhdidlə üzləşib: "Təşkilat çərçivəsində dövlətlərimizin fəaliyyətinin əlaqələndirilməsini və səylərinin səfərbər edilməsini təmin edəcək Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm. Eyni zamanda, Şura rəqəmsal təhlükəsizliyin inkişafına və bu sahədə əlaqələrin gücləndirilməsinə töhfə verəcək".

Qazaxıstan Prezidenti həmçinin "Türk dünyasının perspektivləri - 2040" proqramının tam həyata keçirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı hesab edir ki, TDT ölkələri üçün əsas vəzifələrdən biri də nəqliyyat-logistika sahəsində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çıxarılmasıdır.

"Bu gün nəqliyyat-tranzit sahəsinin rəqəmsallaşdırılması istiqamətində fəal iş aparılır. Burada süni intellekt texnologiyasının tətbiqi, şübhəsiz ki, faydalı olacaq. Buna görə də biz aparıcı ekspertlər cəlb etməklə TDT çərçivəsində xüsusi Rəqəmsal Monitorinq Mərkəzinin yaradılması məsələsini müzakirə etməyi təklif edirik", - prezident bəyan edib.

Bundan başqa, Kasım-JomardTokayev TDT Rəqəmsal İnnovasiyalar Mərkəzinin təsis edilməsi, eləcə də "Enerji səmərəliliyi üzrə Qabaqcıl Təcrübə Şurası"nın yaradılması təklifi ilə çıxış edib.

Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də münasibət bildirib. Dövlət başçısı deyib ki, “Bu çətin dövrdə Azərbaycanla Ermənistan arasında sülhlə bağlı Birgə Bəyanatın imzalanmasını təqdir edir və bu tarixi addımın 30 il davam edən münaqişənin həllində mühüm addım olacağına inanır”.

Tokayev, həmçinin Azərbaycanın regional və beynəlxalq təşəbbüslərə verdiyi töhfəni xüsusi qeyd edərək söyləyib: “Mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsində verdiyi töhfəyə görə Azərbaycana və bütün türk dövlətlərinə təşəkkür edirəm. Əminəm ki, Prezident İlham Əliyevin sədrliyi ilə Türk Dövlətləri Təşkilatı fəaliyyətini daha da uğurla davam etdirəcək”.

Qazaxıstan Prezidenti, həmçinin vurğulayıb ki, Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi və regional sabitliyin qorunması istiqamətində mühüm rol oynayır.

Cənab Tokayevin böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Türkün Türklə ədavətə haqqı yox!" sözlərini sitat gətirərək türk dövlətləri arasında daha sıx əməkdaşlığın qurulmasını istəyib.

O, Qazaxıstan Türk Dünyası Tədqiqatçıları Klubunu yaratmağı təklif edib və öz ölkəsində Türk dövlətlərindən olan ziyalıların iştirakı ilə xüsusi tədbir keçirməyi təklif edib.

Kasım-JomardTokayev TDT məkanında mədəni-humanitar əlaqələrin xüsusi rolunu qeyd edib: "Biz gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik. Bununla əlaqədar olaraq, növbəti il Almatıda Kreativ İqtisadiyyat Forumu keçirməyi təklif edirik. Bu, gənclərimizi yaxınlaşdırmağa, onların biliklərini və səriştələrini artırmağa imkan verəcək. Ölkələrimizin ziyalılarının iştirakı ilə Qazaxıstanda xüsusi tədbir keçirməyi məqsədəuyğun hesab edirəm. Bu tədbir təşkilatımızın Ağsaqqallar Şurası çərçivəsində keçirilə bilər".

Qazaxıstan prezidenti Xəzər dənizində yaranan ekoloji fəlakətdən də bəhs edib. Bildirib ki, su səviyyəsinin düşməsi bölgənin ekologiya və iqtisadiyyatına mənfi təsir göstərir.

Onun sözlərinə görə, suvarma sistemlərinin rəqəmsal olaraq izlənməsi, su ehtiyatlarının təhlükəsizliyinin artırılması vacibdir: "Bu istiqamətdə ortaq proqram yarada bilərik. Xəzər dənizi getdikcə kiçilir və bu, böyük narahatlıq doğurur. Xəzər türk xalqları üçün həmişə xüsusi yerə sahib olub. Dənizin səviyyəsindəki enmə bölgənin ekologiyası və iqtisadiyyatına mənfi təsir göstərir".