Prezident İlham Əliyev “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmanın 1-ci hissəsi gələn il yanvarın 1-dən qüvvəyə minir. Qaydalar Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, Meşə Məcəlləsinə, Su Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb və torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi mexanizmini müəyyən edir.
Qaydalara əsasən, torpaq sahəsinin kateqoriyasına və məqsədli təyinatına dair məlumatlar dövlət torpaq kadastrına daxil edilir və daşınmaz əmlakın dövlət reyestrinə, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS), “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS), habelə rəqəmsal və kağız üzərində kadastr xəritələrinə, ərazi planlaşdırılması sənədlərinə daxil edilməsi üçün aidiyyəti üzrə təqdim olunur. Torpaqların kateqoriyalara aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatı Torpaq Məcəlləsinin 9-cu, 10-cu və 12 – 33-cü maddələri nəzərə alınmaqla müəyyən edilir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi ölkə Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydaya uyğun olaraq həyata keçirilir.
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2023-cü il 14 iyun tarixli Fərmanına uyğun olaraq, 2025-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi həmin Fərmana uyğun olaraq həyata keçirilir. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq bu Qaydaların tələbləri nəzərə alınmaqla yol verilir. Torpaqların kateqoriyası və məqsədli təyinatı barədə məlumatlar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində sərəncam verilməsinə dair qərarlarda, habelə torpaq sahələri barədə bağlanılmış əqdlərdə göstərilməlidir.
Maraqlıdır, görəsən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçilməsi daşınmaz əmlak bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hazırda təkcə Bakı və Abşeronda ümumilikdə 500 minə yaxın çıxarış ala bilməyən torpaq sahələri və fərdi yaşayış evləri mövcuddur: “Onlara çıxarışların verilməməsinin əsas səbəblərindən biri də həmin tikililərin yerləşdiyi torpaq sahələrinin yaşayış məntəqələri torpaqları deyil, digər təyinatlı torpaqlar olmasıdır. Böyük massivlər salınıb, yaşayış məskənləri, qəsəbələr var, həmin ərazilərdə bütün infrastruktur qurulub. Yəni uşaq bağçası, orta məktəb, avtobus xətti, hətta küçələrə adlar da verilib. Ancaq çıxarış verilə bilmir. Çünki həmin torpaqlar bir vaxtlar kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Yəni o təyinat dəyişilməsə, onlara çıxarışlar verilə bilmir. Yəni üst tikiliyə çıxarışın verilməsi üçün mütləq şəkildə alt torpağın təyinatı üst tikili ilə eyniləşməlidir. Onların təyinatı dəyişib yaşayış məntəqələri torpaqları olmalıdır. Dəyişiklikdən sonra düşünürəm ki, prosesə start veriləcək və çıxarışsız evlərin böyük bir hissəsinə çıxarışların verilməsi məsələsinə baxıla bilər”.
Ekspertin sözlərinə görə, bu gün müvafiq sənədi olmayan evlərin satışı keçərli olur: “Vətəndaşlar həmin evləri ancaq rəsmi formada yox, bir-birinə etibarnamə verməklə, qarşılıqlı razılaşma ilə satırlar. Bu əmlaklara çıxarış verilsə, əmlak bazarına eyni vaxtda yüzminlərlə çıxarışlı əmlak çıxacaq. Nəticədə satışa çıxarılan əmlakların sayı artacaq və bu qiymətlərdə artım yox, stabilləşməyə gətirib çıxaracaq”.
Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyib ki, indiyədək kənd təsərrüfatı təyinatlı torpaq sahələrində minlərlə ev tikilib: “Lakin onlara çıxarış verilməsi mümkün deyildi. Çünki torpaq sahəsi təyinatı üzrə istifadə edilməmişdi. Yeni fərman kənd təsərrüfatı və digər torpaq sahələrinin təyinatının dəyişdirilməsi baxımından əhəmiyyətli olacaq. Burada digər bir vacib məqam da ondan ibarətdir ki, indiyədək torpaq sahələrinin təyinatının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə yalnız rayon icra hakimiyyəti, bələdiyyələr Nazirlər Kabinetinə müraciət edirdi. Nazirlər Kabinetinin qərarı ilə torpaqların kateqoriyasının dəyişdirilməsi həyata keçirilirdi. Bu da uzunmüddətli proses idi. Bəzən illər çəkirdi. Amma indiki qaydalara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bilavasitə müraciətlər qəbul ediləcək. Bundan sonra torpaqların kateqoriyasının dəyişdirilməsi əsaslandırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq. Müsbət qərar olduqdan sonra qısa müddətdə bu məsələ həllini tapmış olacaq. Bu addım həm də vaxt itkisinin qarşısını alacaq”.